“Gürcüstan-Azərbaycan münasibətlərində yeni dinamikaya ehtiyac var” – Valeri Çeçelaşvili
“Gürcüstan və Azərbaycan arasındakı münasibətlərə hər iki ölkədə yüksək dəyər verilir. Bu əlaqələr qorunub saxlanılmaqla yanaşı, həm də daha dinamik inkişaf əldə etməlidirlər”.

Bunu “Azərbaycan və Gürcüstan azadlıq mübarizəsi: 20 Yanvar və 9 Aprel faciələrinin səbəbləri, fəsadları və ortaq dəyərləri” mövzusunda onlayn formatda keçirilən dəyirmi masada çıxışı zamanı gürcü diplomat, ekspert, GUAM təşkilatının keçmiş baş katibi Valeri Çeçelaşvili deyib.

Onun sözlərinə görə, hər iki ölkənin dövlət başçıları və xarici işlər nazirləri arasında şəxsi münasibətlər ikitərəfli əməkdaşlığın inkişafı prosesinin əsas tərkib hissəsini təşkil edir:

“Yaxşı xatirimdədir, BMT-nin Baş Assambleyası və ATƏT-in XİN başçılarının görüşlərində Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri bir-biriləri ilə sıx təmasda olurdular, rəsmi və qeyri-rəsmi formatlarda fikir mübadiləsi aparırdılar. Bu cür təmaslar müəyyən məsələlərin həllində çox kömək edirdi”.

V.Çeçelaşvili bildirib ki, dövlətlər arasındakı münasibətləri daha da inkişaf etdirmək üçün Gürcüstanın azərbaycanlı icması və Azərbaycanda yaşayan gürcü diasporunun imkanlarından kifayət qədər yaxşı istifadə olunmur.

Ekspert Gürcüstan və Azərbaycan arasında birgə konfransların, bütün səviyyələrdə qarşılıqlı səfərlərin təşkilinin münasibətlərin gücləndirilməsi baxımından önəmli olduğunu qeyd edib:

“Rəsmi şəxslər arasında daha fəal təmaslar olmalıdır. Qarşılıqlı əlaqələrimiz bizim ümumi nailiyyətimizdir və bunun dəyərini bilməliyik. İkitərəfli münasibətlərimizin əsasında regional əməkdaşlıq, inteqrasiya və sabitlik üçün də möhkəm fundament qurula bilər”.

Mənbə: report.az
Print