Seçkiöncəsi sosial mediada nüfuzdan salma kampaniyasının hədəfi qadın siyasətçilər
Seçki öncəsi, seçki və seçki sonrası dövrlərdə, yəni siyasətçilərin aktivliyi artdıqda və bəyanatlarının mediada və sosial şəbəkələrdə yayımlanması zamanı qadın siyasətçilər daha çox ayrı-seçkilik kampaniyalarının hədəfinə çevrilir. Media İnkişaf Fondu məhz bu kampaniyaları izləyirdi və aralıq hesabatı yayımlayıb.

"Sosial mediada seksizm və cinsi stereotiplər" adlı araşdırma üç aylıq monitorinqin nəticələrini (4 avqust - 4 noyabr) əks etdirir. Monitorinq nəticəsində cinsi nifrət dili/gender stereotipləri ilə bağlı ümumilikdə 213 hal aşkarlanıb. Aşkar edilmiş pozuntular üç mövzunu əhatə edirdi: siyasət, cinsiyyət və qanunvericilik. Ən çox – 136 pozuntu siyasət mövzusunda aşkar edilmişdir ki, bu da daha çox seçkiqabağı siyasi proses və burada iştirak edən subyektlərlə bağlı idi. Bu mövzuya qadın siyasətçilərin siyasi mənsubiyyətləri və fəaliyyətlərinə görə cinsiyyətçi nifrət dilinin və stereotipin hədəfinə çevrildikləri hallar daxil edildi. Cinsə görə, cinsi ayrı-seçkilik faktlarını əhatə edən ikinci mövzuda qadın siyasətçilərin cinsiyyətlərinə görə hədəf alındığı 75 hal qeydə alınmışdı.





Siyasətdə qadınlar əxlaqi meyarlarla hücuma məruz qalır, cinsi stereotiplərlə məzəmmət edilir, xarici görünüşü və əqli qabiliyyətlərinə görə lağa qoyulur və təhqir olunur, onlara qarşı cinsiyyətçi dil istifadə olunur və münasibətdə yaşla bağlı diskriminasiya müşahidə olunur.

"Siyasi fəaliyyətə əsaslanan nüfuzdan salma kampaniyası ilə cinsiyyətə əsaslanan nüfuzdan salma kampaniyası arasında fərq qoyulması vacibdir. Birinci halda motivasiya cinsi kimlik deyil, siyasi rəqabət olsa da, hər iki halda da qadınların nüfuzdan salınması üçün cinsiyyətçi dildən istifadə olunur. Bu tip monitorinqlər gələcəkdə həm problemlərin müəyyənləşdirilməsi, həm də bu problemlərin həlli üçün bu məsələlər üzərində işləyən aktorların müzakirələrə başlaması baxımından daha mühüm olacaq", – MDF İcraçı Direktoru Tamar Kintsuraşvili dedi.

Qeyd edək ki, kampaniyanın başlama səbəbinini siyasi fəaliyyət olmasına baxmayaraq, nüfuzdan salma kampaniyasında gender stereotiplərindən istifadə olunur.

“Elene Xoştariaya qarşı aparılan kampaniya onun Patriotlar İttifaqının Rusiya ilə əlaqələrinin araşdırılması üçün prokurorluğa müraciəti ilə əlaqələndirilirdi. Bu siyasi proseslərin tərkib hissəsi idi, lakin siyasi rəqabət prosesində rəqibin “insani keyfiyyətləri” vurğulanırdı və təhqiramiz terminlərdən istifadə olunurdu”, Tamar Kintsuraşvili deyir.

Elene Xoştaria Prokurorluğa “Dossier Center” tərəfindən Patriotlar İttifaqının Rusiyadan maliyyələşdirilməsi ilə bağlı jurnalist araşdırmasını yayımlandıqdan sonra müraciət etmişdi.

Sosial şəbəkədə Elene Xoştariyanın Rusiyada təhsil aldığından bəhs edilirdi və onun Rusiyaya qarşı yaxşı münasibəti olduğu yazılırdı, paralel olaraq Xoştaria "qadına yaraşmayan" davranışına görə təhqir edilirdi.





Nifrət dilinin hədəfi təkcə müxalifətdəki qadınlar deyil, dövlət məmurları da olurdu. Məsələn, prezident Salome Zurabişvili tez-tez oxşar hücumların qurbanı olurdu. Belə hallardan biri də Prezidentin Kutaisi Universitetinin açılışında “gələcək nəsillərə miras” anlamına gələn "საშვილიშვილო" sözünü səhv tələffüz etməsi idi. Sosial media istifadəçiləri Zurabişvilinin çıxışını daha da təhrif edərək fərqli bir məna verdilər və nəticədə hədəfin Gürcüstan prezidenti olduğu adi dezinformasiya kampaniyası ilə qarşılaşdıq.

"Gürcü dili onun birinci dili deyil və məhz bu vurğulanır, sitatları təhrif olunur. İctimaiyyət həssasdır və belə komik fərq olan bir sitatı söyləməsinə asanlıqla inanır", – Tamar Kintsuraşvili deyir.

Bu iş onun intellektual bacarıqlarını alçaltmağa yönəlmişdi. Fakt araşdırma platforması "Mif Detektoru" bu məlumatı “Third party Fact-Checking program” çərçivəsində “Facebook”-da yerləşdirdikdən sonra, saxtalaşdırılma halı hesab sahibinin özü tərəfindən silindi.




MDF-in tədqiqatçısı Keti Msxiladze cinsi ayrıseçkiliyin sosial mediada niyə bu qədər yayıldığını izah edir.

"Seksizm çox yayılıb. Qadınlara qarşı ayrıseçkilik əhval ruhiyyəsi və münasibəti, həmçinin cinsiyyətçi dildən istifadə çox yayılıb və bu xüsusilə sosial mediada nəzərə çarpır. Ənənəvi media, televiziyalar cinsi ayrıseçkiliyin nə olduğunu, cinsiyyətçi dilin nə olduğunu öyrəndilər və artıq əvvəlki illərlə müqayisədə belə hallara orada nadir hallarda rast gəlirik. Tənzimlənməyən sosial mediada (tənzimlənməməlidir də) tam bir sərbəstlikləri var və nə istəsələr, necə istəsələr, elə də yaza bilirlər", – Keti Msxiladze deyir.

Tədqiqatçının sözlərinə görə, qadın siyasətçilərə qarşı istifadə olunan terminologiyaya kişi siyasətçilərinin qiymətləndirilməsi zamanı daha az rast gəlirik.

"Gürcüstan kimi patriarxal cəmiyyətdə qadınlar haqqında belə bir stereotip var ki, onların siyasətdə yerləri yoxdur, çünki siyasət üçün əlavə bacarıqlara da ehtiyac var ki, bu da guya kişilərdə daha çox inkişaf edib", – Keti deyir və bunu hesabatın əsas motivasiyası kimi izah edir.

Seksist nifrət nitqinin qarşısının alınması və ya aradan qaldırılması üsullarına gəlincə, hər iki respondent sosial şəbəkədə əsas silahlardan birinin paylaşımın “Facebook”-a şikayət edilməsidir, bundan başqa saxta məlumatlar olduğu halda “mif detektorunun” “Facebook” ilə tərəfdaşlıq proqramından istifadə etmək mümkündür ki, bu da səhv paylaşımları “Facebook”-da işarələməyə imkan verir. Digər ictimai məkanlarda qadınların nüfuzdan salınması ilə isə danışıq və mübahisə edərək mübarizə aparmalıyıq.

Araşdırmanın nəticələri, eləcə də cinsiyyətlə bağlı digər məsələlər Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və İsveç hökumətinin dəstəyi ilə hazırlanmış və cinsi ayrı-seçkilik hallarını ifşa etməyi və cəmiyyətin maarifləndirilməsini hədəfləyən yeni veb-saytda – www.genderbarometer.ge mövcuddur.




"მასალა ქვეყნდება მედიის განვითარების ფონდთან (MDF) თანამშრომლობით, პროექტ "გენდერ ბარომეტრის" ფარგლებში, გაეროს განვითრების პროგრამისა (UNDP) და შვედეთის მთავრობის მხარდაჭერით. მასალაში გამოთქმული მოსაზრებები ავტორისეულია და შეიძლება არ ასახავდეს ზემოთ ჩამოთვლილი საერთაშორისო ორგანიზაციების მოსაზრებებს."


Print Email
FaceBook Twitter Google