Koronavirusa yoluxmamış xəstələr səhiyyə sistemindən kənarda
Güclü ağrılarla gözlənti – iki Marneulili qadının – 62 yaşlı Gülzadə Məmmədova və 54 yaşlı İrina Tsoinin gündəlik həyatı belədir. Onlar koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlərə görə ala bilmədikləri tibbi yardımı bu günə qədər də gözləyirlər.
Marneuliyə giriş-çıxışın bağlanması və yaranmış sosial səbəblərə görə Gülzadə Məmmədovanın vəziyyəti daha da ağırlaşıb. Səkkiz ildir onkoloji xəstəliklə mübarizə aparır. Bununla yanaşı başqa sağlamlıq problemləri də onu narahat edir. Bir neçə ay əvvəl Gülzadənın ayağına infeksiya keçib. Tbilisidə əməliyyat olunmalı idi, ancaq Marneulidə tətbiq edilmiş sərt karantinə görə bələdiyyəni tərk edə bilməyib. Tibbi yardım almaq üçün Marneulidə yerləşən klinikaya müraciət edib. Onun dediyinə görə, həkimlər onun başqa xəstəliklərini nəzərə almayıblar. Buna görə də əməliyyatdan sonra ayağında şiş əmələ gəlib.

Gülzadənın əməliyyat xərcinin bir qismini dövlət maliyyələşdirib. Qalan qismini ödəmək üçün ailənin imkanı olmayıb. Məmmədovanın ailəsi 6 nəfərdən ibarətdir. Həyat yoldaşı gecə-gündüz işləyir ki, Gülzadənın dərmanlarını alsın, onu həkimə aparsın və bankdan götürdüyü krediti ödəsin. Onun oğlu ailəyə yardım etmək üçün restoranda işləyirmiş. Ancaq tətbiq edilmiş məhdudiyyətlər nəticəsində iş yeri bağlanıb. Son illərdə Gülzadənın müalicə xərcləri artdığına görə Məmmədovlar ailəsi əlavə gəlir mənbəyi axtarıb və Sosial Xidmət Agentliyinə müraciət edib. Əmlaklarında olan torpaq sahəsi və həyat yoldaşının rəsmi gəliri onlara sosial baxımdan aztəminatlı statusunun verilməsinə mane olub. Xərçəng inkişaf edir, ancaq ailə lazımı dərmanları ala bilmir.


Gülzadə kimi İrina Tsoinin də sağlamlıq vəziyyəti Marneulinin bağlanmasına görə (2020-ci ilin 23 mart tarixi) ağırlaşıb. İrina təxminən iki il əvvəl yıxılıb və onurğasında sınıq qeydə alınıb. Yıxıldıqdan beş ay sonra həkimə müraciət edib. Dərman qəbul edirmiş, ağrıkəsicilər içirmiş, ancaq nəticəsiz olub. Vəziyyəti ağırlaşıb. İrina əməliyyata hazırlaşırmış və Türkiyədən həkimin gəlməsini gözləyirmiş. Pandemiyaya görə ölkədə fövqəladə vəziyyət elan olunur, Marneuli bağlanır. 2020-ci ilin 24 mart tarixində isə səhiyyə naziri Ekaterine Tikaradze planlı əməliyyatların dörd ay müddətinə təxirə salındığını bildirib. Bu isə İrina üçün verilmiş hökm kimi olub.

“Ümumiyyətlə yeriyə bilmirdim, iflic idim. Çox güclü ağrılarım var idi və tibbi yardım lazım idi. Sadəcə yardım almaq şansım yox idi. Pulum heç yox idi və heç yerə gedə bilmirdim. Marneulidə xəstəxanada olanda dedilər ki, heç bir problemim yoxdur. Rentgen heç nə göstərməyib, tomoqrafiya çəkdirməli idim. Ancaq pulum yox idi, bahadır, Marneulini də tərk edə bilmirdim. Uzun müddət, adamlar mənə kömək edənə kimi belə vəziyyətdə qaldım.”

2020-ci ilin may ayında Marneuli bələdiyyəsi açıldı. Ancaq İrina yenə də paytaxta gedə bilməyib. Çünki ictimai nəqliyyat işləmirdi. Taksiyə verməyə isə pulu yox idi. Sınıqdan sonra ilk əməliyyat 22 oktyabrda aparılıb. Müalicə xərclərini bütünlükdə vətəndaşların köməyi ilə toplayıb. Əməliyyatdan iki ay sonra yenə pis olub. İrinaya 76 yaşlı anası baxır. Çünki hərəkət edə bilmir. Yardım üçün Marneuli meriyasına və mərkəzi hakimiyyətə də müraciət edib. Ancaq nəticəsi olmayıb.

Ümumi sığorta proqramı ilə nəzərdə tutulmuş planlı əməliyyatların maliyyələşdirilməsi hökumətin sərəncamı ilə (N688) 2020-ci ilin 10 noyabr tarixindən yenidən dayandırılıb. Buna səbəb ağırlaşmış epidemioloji vəziyyət olub. Koronavirus pandmeiyası zamanı təxirəsalınmaz və planlı xəstələrin müalicəsi baxımından yaranmış problemlər statistik göstəricilərdən də hiss olunur. Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata görə, Marneulidə 2020-ci ildə maliyyələşdirilən planlı əməliyyatların sayı 2019-cu illə müqayisədə 322 az olub. 2019-cu ildə bələdiyyə miqyasında 1 023, 2020-ci ildə isə 701 xəstənin planlı əməliyyatı maliyyələşdirilib. Bələdiyyə miqyasında maliyyələşdirilmiş təxirəsalınmaz müalicələrin sayı və xərcləri də azalıb. Səhiyyə Nazirliyi 2019-cu ildə Mareulidə 11 363, 2020-ci ildə isə 8 273 təxirəsalınmaz stasionar xidməti maliyyələşdirib.

Təxirəsalınmaz stasionar və planlı cərrahi xidmətin sayı, maliyyələşdirilməsi 2020-ci il ərzində bütün ölkə miqyasında azaldılıb. Digər tərəfdən, Marneuli meriyasından verilmiş məlumata görə, 2019-cu illə müqayisədə 2020-ci ildə 549 nəfər artıq adama səhiyyə istiqamətində xidmət göstərilib. Meriya 2019-cu ildə 2 679, 2020-ci ildə isə 3228 vətəndaşı maliyyələşdirib. Burada birdəfəlik və eləcə də çox sayda yardımlar nəzərdə tutulur. Həmin yardımlar dərmanların xərcini və digər tibbi xidmətlərin maliyyələşdirilməsini əhatə edir. Gülzadə və İrina həmin siyahıya düşə bilməyib.

Tbilisidə əhali üçün səhiyyə xidmətlərinin əlçatan olmamasını ABŞ-ın Milli Demokratik İnstitutunun (NDİ) araşdırması da göstərir. 25 yanvar tarixində yayımlanmış araşdırma çərçivəsində vətəndaşlardan səhiyyə sistemində ən böyük problem kimi nəyi gördüklərini soruşublar. Sorğuda iştirak edənlərin əksəriyyəti problem kimi dərmanların qiymətini qeyd edib. Eləcə də koronavirus zamanı xəstəxanaların əlçatan olmaması, tibb işçilərinin peşəkarlığı, həkimə gedərkən ödənən pul və s. kimi problemlər qeyd olunub.


Araşdırma ilə bağlı ekran görüntüsü: görüntüdə şəhər və kəndlərdə vətəndaşların cavabı göstərilir
Koronavirus pandemiyası başlayan zaman Gürcüstan hökumətinin əsas prioritetlərindən biri səhiyyə sahəsi olaraq müəyyən edildi. Nazirlik işlərin əsas hissəsini yalnız kovid xəstələrinin müalicəsinə yönəltdi. Bu başqa xəstəlikləri olan vətəndaşların vəziyyətini ağırlaşdırdı. Xəstəxanaların bir qismi istilik mərkəzlərinə və kovid klinikasına çevrildi. Yeni tənzimləmələr qüvvəyə mindi. Buna görə də ambulatoriyaların hərarəti olan xəstələri qəbul etmək hüququ olmadı. Xroniki xəstəliklərin müalicəsi çətinləşdi, planlı cərrahi yardımlar məhdudlaşdırıldı.

2020-ci ilin 23 mart tarixində Marneuli və Bolnisi bələdiyyələrinin karantinə keçirilməsindən sonra səhiyyənin əlçatanlığı ilə bağlı Xalq Müdafiəçisi Aparatına müraciətlərin sayı artdı.

“Bu iki bələdiyyə – Marneuli də, Bolnisi də müəyyən qədər Tbilisidən asılıdırlar. Əhalinin əksəriyyəti müalicə üçün Tbilisiyə gedir. Orada müəyyən xidmətlərdən faydalanırlar. Bu yalnız tibbi müdaxilə baxımından deyil. Elə xəstələr var ki, dərmanları yalnız Tbilisidən alır. Çünki Marneulidə həmin dərmanlar əlçatan deyil. Müvafiq olaraq, çox vətəndaşlar bizə müraciət etdi. Onlar əməliyyat olunmalı idilər və Tbilisiyə getməli olduqlarını bildirirdilər. Ancaq gedə bilmirdilər. Doğrudur, Marneuli miqyasında çox adamın problemi yarandı. Ancaq qeyd edək ki, Bolnisi və Dmanisi bələdiyyələrində daha çox vətəndaşın problemi oldu. Çünki onlar tibbi xidməti və dərmanları əsasən Marneulidən əldə edirlər. Həmin vətəndaşlar heç Marneuliyə də gedə bilmirdilər”, – Xalq Müdafiəçisinin Kvemo Kartlidəki nümayəndəsi Murad Muradov bildirdi.

Xalq Müdafiəçisinin tövsiyələrindən biri Marneulidə səhiyyənin əlçatanlığı ilə bağlı idi. Xalq Müdafiəçisi əhalinin əksəriyyəti Azərbaycanlılar olan Marneulinin spesifikasından irəli gələrək yerli və mərkəzi hakimiyyəti yerli sakinlərin məlumatının artırılması üçün müxtəlif tədbirlər görməyə çağırır. 

“Misal üçün deyə bilərəm ki, vətəndaşlar sadəcə nə edəcəklərini bilmirdilər. Tibbi xidmətlə bağlı məsələni nəzərdə tuturam. Bu baxımdan Xalq Müdafiəçisinin əsas tövsiyəsi bu idi ki, vətəndaşlar məlumatlandırılsın. Təəssüf ki, bizim regionda bu problem bu gün də mövcuddur. Ola bilsin, dövlət tərəfindən müəyyən xidmətlər göstərilir, ancaq yerlərdə əhalinin bu barədə məlumatı yoxdur. Biz bu gün də fəal işləyirik və demək olar ki, hər gün məhz tibbi xidmətlərin əlçatanlığı məsələsi ilə bağlı müraciətlər olur”, – Murad Muradov bildirdi. 

Xalq Müdafiəçisinin nümayəndəsi kimi hüquqi yardım mərkəzinin hüquqşünas-mütəxəssisi Lali Aludauri də məlumatların əlçatanlığına diqqət çəkir. Onun sözlərinə görə dövlət vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün də onları səhiyyə xidməti ilə təmin edəcək xidmətlər yaratmalıdır.


"Hamımız bilirik ki, səhiyyə hər bir insanın konstitusiya ilə təmin olunmuş hüququdur. Ölkə vətəndaşlarını, eləcə də vətəndaşlığı olmayan şəxsləri səhiyyə xidməti ilə təmin etməyə məcburdur. Bu deməkdir ki, hər bir xəstənin ölkənin özünün standartlara uyğun olaraq formalaşdırdığı hüququnun təmin edilməsini tələb etmək hüququ var. Xəstə tam tibbi xidmət tələb edə bilər. Bu isə deməkdir ki, xəstə həmin klinikada onu nə gözlədiyi barədə məlumat almalıdır. Eləcə də nəticənin nə olduğunu, hansı dərmanların lazım gələcəyini bilməlidir. Əgər xəstənin müraciət etdiyi klinikada xidmət xoşuna gəlməzsə, istədiyi kimi xidmət göstərilməzsə onun başqa tibbi müəssisəyə müraciət etmək hüququ var. Əgər xəstənin istədiyi xidməti klinika götərə bilmirsə, xəstə başqa klinikanı seçə bilər. Ancaq bu ətraflı məlumat vermə nəticəsində olmalıdır. Bu xəstənin ilkin hüququdur. Xəstə həmçinin, onu hansı nəticəni gözlədiyini bilməlidir. Müalicədən sonrakı dövrü nəzərdə tuturam. Əgər klinika, yaxud həkim hesab edərsə ki, bu xəstənin sağlamlığına pis təsir göstərəcək, bu məlumatı məhdudlaşdıra bilər. Bu halda Marneulidən danışırıqsa, bilirik ki, regionda etnik azlıqlar məskunlaşıb. Onların öz dillərində, başa düşdükləri şəkildə məlumat almaq hüququ var və bunu tələb edə bilərlər. Onlara tam məlumat verilməlidir", – Lali Aludauri dedi.

Gürcüstanın Səhiyyə Nazirliyinin rəsmi veb-səhifəsində yayımlanmış məlumata görə, ölkədə səhiyyənin 21 dövlət proqramı işləyir. Proqram müxtəlif növ xidmət və yardımları nəzərdə tutur. Buna baxmayaraq İrina və Gülzadə bu günə qədər şiddətli ağrılara dözməli və gözləməli olur.

1 mart tarixindən planlı əməliyyatlar bərpa olunacaq, digər məhdudiyyətlər də yavaş-yavaş yüngülləşdiriləcək. Bu xəstələrin vəziyyətini qismən yüngülləşdirəcək. Ancaq tibbi xidmətlər onlar üçün yenə də tam əlçatan olmayacaq.

"Marneuli" Radiosu
Print