Marneuli üçün 1000 vaksin və peyvənd vurdurmaq istəyən 15 nəfər – şübhə edən həkimlər və miflər – Bidzina Kulumbekovla müsahibə
Gürcüstanda bir neçə ay gözlədikdən sonra 15 mart tarixində koronavirusa qarşı ilk peyvənd vurulması mümkün oldu. Ölkə 13 mart tarixində COVAX-platformasının vasitəsilə 43 200 doza AstraZeneka peyvəndi alıb. İlkin mərhələdə COVİD-19-a qarşı peyvənd səhiyyə sektorunda işlə təmin olunmuş bütün şəxslərə – həkim, tibb bacısı, sanitar, laborant, stomatoloq, ictimai səhiyyə mütəxəssisi, epidemioloq, inzibati işçilərə (menecer, sürücü, qeydiyyatçı və s.) vurulacaq. Məlum olur ki, həkimlər arasında da əksəriyyəti şübhə içindədir və peyvənd vurdurmağa hazır deyillər. Bu etimadsızlığın hansı əsası var, peyvənd barədə hansı məlumatlarımız var, peyvəndin hansı yan təsirləri mövcuddur, təsiri necədir və hansı nəticəni gözləməliyik – “Marneuli” radiosunun bu suallarına allerqoloq-immunoloq Bidzina Kulumbekov cavab verir.

– 13 mart tarixində Gürcüstan “AstraZeneka” peyvəndini qəbul edib. Bu bizim ölkə üçün nə deməkdir, hansı nəticəni gözləməliyik?

– Ölkələr peyvənddən bir illik faciənin, baş vermiş pandemiyanın bitməsi olmasa da, azalmasını gözləyirlər. Virusun yayılmasının elə potensialı var ki, bəşəriyyət heç nə ilə ona qarşı çıxa bilmir. Ya ildə üç dəfə üç ay müddətinə ölkəni bağlamalısan və yarım il əhalini qapamalısan, ilin ikinci yarısında buraxmalısan, sonra yenə qapamalısan. Yaxud peyvənd kifayət qədər təsirli olmalıdır və sürətlə vurulmalıdır. Vaksinasiya prosesi başlayıb, ancaq əgər təxminən 8 ay ərzində yaşlı əhalinin 60-70% -nə vurulmazsa, o zaman mənasını itirir, bu heç də böyük məqam olmayacaq. Əsas odur ki, yalnız peyvənd vurmağa başlamayaq. Hər gün mühümdür, indi bunu uğurla davam etdirməliyik.

– Peyvəndlərin qısa zamanda hazırlanmasına görə onun təhlükəsizliyi ilə bağlı çox söz-söhbət yaranıb. Tibb işçilərinin bir qismi də ona şübhə ilə yanaşır. “Astrazeneka” peyvəndi nə dərəcədə təhlükəsizdir?

– Bütün ölkələrdə aparılan müşahidə və monitorinqlərə görə hər hansı vaksinin, həmçinin, “AstraZeneka”-nın adamlara ziyan vurması qeydə alınmayıb. Dünyada hədsiz dərəcədə ölüm halları qeydə alınmır. Yalnız İngiltərədə “Astrazeneka”-nın təxminən 11 milyon dozası vurulub və ancaq Britaniyada bununla bağlı ölüm halının baş verməsi qeydə alınmayıb. ABŞ-dan sonra Avropa kontingentində Britaniya ən yaxşı elmi və tibbi texnologiyalara malikdir. Ona görə də bu düşüncə ilə, mən həkim olaraq baxıram, məlumatım var və qərar verirəm ki, peyvənd vurdurum. Mən kiməsə nümunə olmaq üçün özüm peyvənd vurdurmalıyam. Bunların hamısını başa düşdüm, gecə gündüz bunu oxuyuram və qərar verdim ki, virusa yoluxmaqdansa, bu peyvəndin mənim mühafizəm üçün daha çox təsiri var.

– İlk əvvəl “Pfizer” peyvəndinin gətirilməsindən söhbət gedirdi. “Astrazeneka” isə kifayət qədər deyil. Müvafiq olaraq sabah başqa peyvəndin gətirilməsinə ehtiyac yarana bilər. Siz hansı şirkətin peyvəndini daha təsirli hesab edirsiniz?

– Peyvəndlərin təsirliliyi faizlərlə qiymətləndirilərsə, “Pfizer” 94%,”Moderna” 95%, “Astrazeneka” təxminən 70%-dir. Baxır hansı ştamma təsir göstərir. Məsələn, hər il vurduruğumuz qrip vaksininin təsirliliyi təxminən 40%-dən 50%-ə qədərdir. Qrip peyvəndi vurulmuş adam qripə yoluxacaq, ancaq xəstəxanaya düşmək və ölüm təhlükəsi yoxdur. Yüksək faizlə müdafiə edir, ancaq xəstələnməkdən qoruya bilmir. “Astrazeneka”, “Moderna”, “Pfizer” yaxud “Conson&Conson” da eynidir. Ölüm və ağır xəstəliklərdən bunlar da qoruyur. Ölümdən 100% qoruyurlar. (Peyvənd vurulmuş heç bir adamda korona səbəbindən ölüm halı qeydə alınmayıb. Red). Ağır xəstəlikdən demək olar ki, 90% qoruyur. Ona görə də bu iki komponentdə “Astrazeneka”, “Moderna” və “Pfizer” də eyni təsirlə xarakterizə olunur.

– Gürcüstan hökumətinin hazırladığı peyvəndin bölünməsi sxemi nə dərəcədə təsirlidir?

– Gürcüstan hökuməti peyvəndin bölünməsini müəyyən edə bilməz. Onlar Dünya Səhiyyə Təşkilatının Platforması ilə birbaşa danışıqlar aparırlar. Bizə başqa vaksin verən heç kim yoxdur. Onlar nə zaman desələr ki, bizim platformada bu peyvənd var və kvota ilə ayrılmış şəkildə sizə bu qədəri düşür, onların verəcəyi peyvəndi alacağıq. Gürcüstan hökumətindən bunu soruşan da yoxdur.

– Necə düşünürsünüz, Gürcüstanda peyvənd prosesi rüşvət, yaxud qaydalardan yan keçmək şansı yaradırmı? Məsələn, həkimlərin yaxınlarına və ya nüfuzlu adamlara peyvənd vurulması?

– Əlbəttə, belə şanslar var. Oxşar faktlar Amerikada, İspaniya da qeydə alınıb. Yüksək vəzifəli hərbçini ümumiyyətlə işdən azad ediblər. Belə risk var və dövlət bunu vicdanlı şəkildə idarə etməlidir.

– Gürcüstan hökumətini vaksinasiya prosesi və ya peyvənd kampaniyası baxımından necə qiymətləndirirsiniz? Nə dərəcədə effektiv işləyiblər?

– Əlbəttə, hər gecikmiş gün və saat bizim üçün mühümdür. Ölkədən tələb edirdik ki, Avropanın aparıcı ölkələri kimi peyvəndə məhz bu pillədən başlasın. Bu yanvardan mühüm olacaqdı. İş olduqca çoxdur. Bu günə olan göstərici, məsələn deyir ki, Gürcüstanda rəsmi olaraq qeydiyyatdan keçmiş 75 000 tibb işçisindən 1700 nəfəri qeydiyyatdan keçib və peyvənd vurdurmaq istəyini bildirib (14 mart tarixinə olan məlumata görə, red). Bu olduqca acınacaqlıdır. Bu göstərir ki, tibb sahəsinin nümayəndələri arasında da təhsil səviyyəsi aşağıdır. Onlar alimlərə inanmır. Dövlətin böyük güc göstərməsi vacibdir. Məlumatlandırma kampaniyası və görüşlər keçirməlidir. Gecə gündüz bu barədə danışılmalıdır. İndi bu məqamda bundan vacib heç nə yoxdur. Heç bir partiyalılıq və siyasət olmamalıdır. Bu dövlət işidir və buna böyükdən kiçiyə hamı qoşulmalıdır. Başqa cür 5000 adama peyvənd vurulması bizə heç nə verməyəcək. Pandemiya yenə davam edəcək və peyvənd olunmamış adamlar yenə xəstəxanaya düşəcəklər.

– Gürcüstana peyvəndin gec gətirilməsi koronavirusun yayılmasına hansı təsiri göstərir?

– Əlbəttə təsir göstərir. Peyvəndə sürətlə başlanılarsa və çox adama vurularsa, bu növbəti pandemiya dalğasından qorunacağımızın zəmanəti olacaq. Bunlar hamısı isə ölkənin iqtisadiyyatı və tam yaşam şəraitinə qayıtması üçün çox mühüm olacaq. Əgər bu olmazsa, yalnız xalqın maska taxmasına, vicdanın ümidinə qalacağıqsa, biz görürük ki, maska taxma göstəricisi 72%-dən 43% düşüb. Əhali inanmır və öz bildiyi kimi hərəkət edir.

– Peyvənd necə təsir göstərir və real olaraq insan sağlamlığına hər hansı ziyan vura bilərmi?

– Peyvənd dərmandır və bütün dərmanlar kimi peyvəndin də yan təsirləri var. Çiyin ağrıları, istilik, zəiflik. Bunlar hamısı bir neçə günə keçib gedir. Bu ən çox baş vermiş reaksiyalardır və peyvənd vurulmuş 10 nəfərdən 60-70%-də qeydə alınır. Ağır, şişmə, əzələ ağrıları, istiliyin qalxması 24-48 saat ərzində itir.

– Belə bir söhbət də yayılıb ki, peyvənd reporduktiv sağlamlığa təsir göstərir. Bunun hansı əsası var?

– Reproduktiv sağlamlıqla bağlı Amerikalı alim bildirmişdi ki, deyək, peyvəndin vurulduqdan sonra orqanizmdə sintez etdiyi zülal, onun yaratdığı yad cisimlər plasenta zülalı ilə də eyni şəkildə mübarizə apara bilərlər. Plasentanın zülalla mübarizəsi sonsuzluq və s. yarada bilər. Ancaq heç bir elmi təsdiq və sübut hələ ki, orada oxşarlığı təsdiq etmir. Bu konspirasiya nəzəriyyəsinin bir qismi, alimlərin səhv yönəlməsi və vicdansızlığıdır ki, buna əsas olub.

– “Mən artıq koronavirus keçirmişəm və mənə peyvənd lazım deyil” – bu mifdir, yoxsa reallıq?

– Bir halda ki, peyvəndlər məhduddur, koronavirus keçirmiş adamlar keçirməyənlərə, həmkarlarına, dostlarına güzəşt edə bilər. Çünki dünyada üç ay ərzində yenidən yoluxma qeydə alınmayıb. Ona görə əlbəttə, peyvənd vurdura bilərlər. Amerika və İngiltərədə heç kim gözləmir, ciddi xəstəlik bitən kimi iki üç həftədən sonra peyvənd vurdura bilərlər. Bizim ölkədə belə qərar veriblər ki, vaksin azdır və əgər adam bir ay əvvəl virus keçiribsə, onun koronavirusa yoluxma riski yoxdur. Ona görə də belə halda 120 gün gözləmək və peyvənd vurdurmamaq olar.

– Niyə uşaqlara Covid-19 vaksini vurulmur?

– Uşaqlarda xəstəliyin bütün kateqoriyasında və ağırlıq baxımından ölüm göstəriciləri ən aşağı səviyyədədir. Praktiki olaraq dünyada ölmüş iki milyon adam arasında uşaqların sayı nadirdir. Ona görə də hesab edildi ki, peyvənd vurma prosesi sürətlə aparılmalıdır və həssas qrupları, yaşlı əhalini, xroniki xəstəlikləri olanları və səhiyyə işçilərini əhatə etməyimiz mühümdür. Onların kovidə yoluxma riski daha yüksəkdir. Müvafiq olaraq bu araşdırmalara uşaqlar qoşulmamışdı ki, vaxt qazansınlar. Araşdırmalar uzun zaman aparılırdı. Uşaqlar hədəf olaraq götürülmədi. Ancaq çox şirkətlər araşdırmaya başlayıb və sentyabr-oktyabrda uşaqların yaş həddinin minimum 12 yaşdan yuxarı olması planlaşdırılır.

– Peyvənddən sonra pandemiyaya qədər olan həyata qayıtmaq mif yoxsa reallıqdır?

– Dünya əhalisinin peyvənd səviyyəsini yaratmaq üçün 70% ehtiyac var və əgər dünya əhalisinin 70%, yəni 5 milyard adam peyvənd vurdurarsa, dünyada gündəlik 8 milyon vaksin hazırlanırsa, 10 milyard vaksin nə zaman hazırlanacaq? Bu proses sürətləndirilməsə, buna illər lazım ola bilər.

– Peyvənd koronavirus pandemiyasıdan xilas olmanın yeganə yoludurmu?

– Dünyada koronavirus infeksiyasını yəqin ki, təkcə peyvənd bitirə bilməyəcək. Biz bütün qocalara, əsasən 18-65 yaş arası xroniki xəstəliyi, diabet, artıq çəki, ürək, ağciyər xəstəlikləri olan adamlara peyvənd vursaq, bu deməkdir ki, bizim ölkədə gündə 10 000 yoluxma da olsa, xəstəxanalarda hədsiz sayda xəstə və ölüm halları olmayacaq. 10 000 yoluxma halında belə ölkədə lokdaun elan etməyə ehtiyac qalmayacaq. Adi qrip kimi olacaq və orta yaşlı adamlar bunu əsasən “ayaq üstə” keçirəcəklər. Yalnız təcrid vacibdir. Mən düşünürəm ki, ilin sonundan bu normal həyata davam etmək üçün əsas olacaq. Ancaq pandmeiyanın bitməsinə yəqin ki, səbəb ola bilməz.

Böyük Britaniya dünyada “Astrazeneka” şirkətinin və Oksford Universitetinin birgə hazırladığı vaksindən istifadə etməyə başlayan ilk ölkədir. Gürcüstana ilk əvvəl “Pfizer” vaksininin fevral ayında gətiriləcəyi anons edilmişdi. Ancaq bu neçə dəfə təxirə salındı. Xəstəliklərə Nəzarət Milli Mərkəzinin peyvəndləmə planına əsasən Gürcüstanda 15 mart tarixində 82 qurumda peyvəndin vurulmasına başlanılıb. 17 mart tarixindən sxemə Marneuli də qoşulacaq. Marneulidəki “Geo Hospitals” klinikasına 1000 doza “Astrazeneka” verilib. İndiki mərhələdə yalnız 15 nəfər peyvənd vurdurmaq istəyini bildirib. Səhiyyə Nazirliyinin məlumatına görə, Covax platformasından Gürcüstan üçün 129 600 “Astrazeneka”, 29 250 doza “Pfizer” ayrılıb və vaksinlər may ayının sonuna qədər ölkəyə gətiriləcək.

"Marneuli" Radiosu
Print