Mən diaspora deyiləm! – Gürcüstanda yaşayan etnik azlıqların etiraz fleşmobu
#Mən diaspora deyiləm!!! – etnik azlıq nümayəndələri Gürcüstan Parlamentinin Diaspora və Qafqaz Məsələləri Komitəsinin bazasında milli azlıqların elmi-məsləhət şurasının yaradılmasına belə münasibət bildiriblər. İctimai təşkilatlar Parlament tərəfindən etnik azlıqların diaspora kimi müzakirə olunması qərarını qınayırlar. Onlar hesab edir ki, Diaspora və Qafqaz Məsələləri Komitəsinin bazasında azlıqların məsləhət şurasının yaradılması qəbuledilməzdir. Bu etnik azlıqların başqa dövlətlərlə əlaqələndirilməsi təəssüratını gücləndirir və inkluziv, bərabər, demokratik ictimaiyyətin qurulması prosesinə ziyan vurur, prosesi geridə qoyur.

Onlar “Facebook”-da “çağırışa” da başlayıblar. Misal üçün, “Salam” platformasının üzvləri sosial şəbəkədə “#Mən diaspora deyiləm!” yazısı ilə fotolarını paylaşırlar və öz “Facebook” səhifələrində dörd nəfər “Facebook” dostlarını işarələyirlər.



Diaspora və Qafqaz Məsələləri Komitəsinin səlahiyyətləri gürcü diasporunun koordinasiyası və Qafqaz xalqları ilə siyasətin müəyyən edilməsi, xaricdə yaşayan soydaşlarla, Qafqaz xalqları ilə münasibətlərə dəstəkdir. Həmin komitənin bazasında 2017-ci ilin mart ayında yaradılmış elmi-məsləhət şurası artıq mövcuddur. Şuranın əsas məqsədi “xaricdə yaşayan soydaşlarla, diaspora təşkilatları və Qafqaz xalqları ilə münasibətlərin dərinləşdirilməsinə dəstək olmaqdır; Miqrasiya proseslərinin tənzimlənməsi və müvafiq qanunverici bazanın tamamlanmasına dəstək olmaqdır.”

İctimai təşkilatlar hesab edir ki, Parlament Komitəsinin bu səlahiyyəti fonunda onun bazasında Gürcüstanda yaşayan etnik azlıqların problemlərinin həlli və inteqrasiya prosesinə dəstək məqsədi ilə (rəsmi ərizədə qeyd olunduğuna əsasən) məsləhət şurasının yaradılması aydın deyil. Şuranın yaradılması artıq demokratik dövlət prinsiplərinə, inteqrasiya məqsədlərinə ziddir və Gürcüstanda tarixən yaşayan etnik azlıq icmalarının dövlət kimliyini, real ehtiyaclarını təsvir etmir. Bu qərar birmənalı şəkildə bərabərliyə qarşı qərardır. Çünki Gürcüstan vətəndaşları arasında etnik mənsubiyyətinə görə fərq qoyur, yadlaşdırır və ayrı-seçkilik təəssüratı yaradır.

İmza atan təşkilatlar qeyd olunan məsələləri nəzərə alaraq Gürcüstan Parlamentini çağırır:
  • Diaspora və Qafqaz Məsələləri Komitəsinin bazasında milli azlıqların elmi-məsləhət şurasının yaradılması barədə qərarı vaxtında ləğv etsin;
  • Məsləhət Şurasının mandatı, səlahiyyətləri, tərkibi məsələsini demokratik məsləhətləşmələr prosesi çərçivəsində planlaşdırsın. Prosesə etnik azlıq icmasının nümayəndələri, təşkilatlar, eləcə də başqa ekspertlər və insan hüquqları aktorları qoşulacaq;
  • Məsələhət Şurasının yaradılması zamanı Avropa Şurasının Məsləhətçi Komitəsi tərəfindən planlaşdırılmış beynəlxalq standartları və tələbləri, eləcə də digər ölkələrin təcrübəsini nəzərə alsın.

"Marneuli" Radiosu
Print