Niyə Gürcüstanda yaşayan etnik azlıqlar diaspora adlandırılmamalıdır
Gürcüstan Parlamentinin Diaspora və Qafqaz Məsələləri Komitəsinin bazasında Milli Azlıqların Elmi-Məsləhət Şurasının yaradılmasına görə bu gün, 18 mart tarixində Gürcüstan Parlamenti ərazisində Gürcüstan vətəndaşı olan etnik Azərbaycanlılar aksiya keçirib. Aksiya iştirakçıları Parlament tərəfindən etnik azlıqların diaspora kimi müzakirə edilməsini qınayıb.

Onlar “Facebook”-da çağırışa da başlayıblar. Məsələn, “Salam” paltformasının üzvləri sosial şəbəkədə “Mən diaspora deyiləm” yazısı ilə foto yayımlayır və öz səhifələrində dörd nəfər “Facebook” dostlarını işarələyirlər.

“Rondeli” Fondunun araşdırmaçısı Aleksandre Kvaxadze “Marneuli” radiosu ilə söhbəti zamanı Parlament tərəfindən Gürcüstanda yaşayan etnik azlıqların diaspora ilə eyniləşdirilməsi problemi barədə danışıb.

“Ümumiyyətlə diaspora sözü bir ölkədə yaşayan, ancaq mənşəyi, doğum yeri və əcdadlarının başqa ölkə ilə əlaqəli olduğu ictimaiyyət kimi izah olunur. Baxmayaraq ki, Gürcüstanda yaşayan müxtəlif azlıq nümayəndələri əsrlər əvvəl başqa regiondan ola bilərdilər, bu heç cür diaspora meyarlarına uyğun gəlmir. Hələ ki, Azərbaycanlı icması Gürcüstanda ən azı 1600, 1500-ci illərdən yerli icma kimi qeydə alınıb. Müvafiq olaraq Gürcüstan dövlətində çox sayda tarixi proseslərdən keçiblər. Hətta deyə bilərik ki, Gürcüstan Azərbaycanlıları üst-üstə 4-5 əsr xristian ölkəsində yaşayan nadir müsəlman xalqlarındandır.”

Kvaxadzenin sözlərinə görə, “diaspora” terminindən Azərbaycan Respublikasından olan ancaq müəyyən səbəblərdən Gürcüstana köçürülmüş Azərbaycanlılarla bağlı istifadə etmək olar. Bu termindən Kvemo Kartli, Samtsxe-Cavaxeti, Pankisi və Gürcüstanın digər bölgələrində yaşayan etnik azlıqlarla bağlı istifadə etmək olmaz və bu yersizdir.

“Bu Qafqaz və diaspora komitəsidir. Təəssüf ki, 2012-ci ildən sonra orada Qafqaz istiqamətində faktiki olaraq işlər aparılmır. Çünki Rusiyanı qıcıqlandırmaq istəmirlər. Çünki əsasən Şimali Qafqaz xalqları ilə bağlı işlər aparılırdı. Ancaq bu məsələ burada da uyğun deyil. Çünki Çeçenistanda, Dağıstan, İnquşetiyada və s. yaşayan Şimali Qafqaz xalqları ilə bağlı işləyirdilər. Gürcüstanda yaşayan azlıqlar bu kontekstə uyğun deyil. Ona görə ki, onlar Gürcüstan vətəndaşıdırlar. Diaspora ona görə adlandırılmayıb ki, Gürcüstanda yaşayan diasporalarla işləsin. Ona görə yaradılıb ki, Gürcüstanda xaricə gedib yaşayan gürcülərə diqqət göstərsinlər və gürcülərin problemləri ilə maraqlansınlar. Ümimiyyətlə bu komitə uzun müddət fəaliyyətsiz idi. Onun ləğv edilməsi barədə söhbətlər aparılırdı. İndi düşünüblər ki, gəlin hansısa funksiya verək və ona görə belə funksiyanın əlavə edilməsinə qərar veriblər. Əlbəttə, funksiya baxımından da uyğun deyil və müəyyən problemlər də yaradır”, – Aleksandre Kvaxadze bildirdi.

İctimai təşkilatlar Gürcüstan Parlamentini Diaspora və Qafqaz Məsələləri Komitəsinin bazasında Milli Azlıqların Elmi-Məsləhət Şurasının yaradılması barədə qərarı ləğv etməyə, Məsləhət Şurasının mandatı, səlahiyyətləri, tərkibi məsələsini demokratik məsləhətləşmələr prosesi çərçivəsində planlaşdırmağa, prosesə etnik azlıq icmasının nümayəndələri, təşkilatlar, eləcə də başqa ekspertlər və insan hüquqları aktorlarını qoşmağa çağırıb.

Print Email
FaceBook Twitter Google