Bazar ərazisində kustar qaydada düzəldilmiş piştaxtalar sökülüb
Marneulidə bazar ərazisindən keçən yolun kənarlarında icazəsiz şəkildə quraşdırılmış piştaxtaları söküblər. Yerli özünüidarədən bildirirlər ki, ərazi Nəzarət Xidməti polisləri tərəfindən küçə ticarətinin qadağan edilməsi məqsədi ilə 29 mart tarixində saat 23:00-dan təmizlənib.
Meriya özünüməşğullara bazarın daxili ərazisinə keçməyi və müəyyən müddət ərzində güzəştli şərtlərdən yararlanmağı təklif edib. Həmin şərtə baxmayaraq küçə ticarətçilərinin bir qismi, əsasən süd məhsulları satanlar ərazini tərk etməyi planlaşdırmır.





Neçə nəfər küçə ticarətçisinin meriyanın qərarı ilə razılaşıb bazarın daxili ərazisində fəaliyyətinə davam edəcəyi hələ məlum deyil. Bir fakt var ki, Marneuli bazarının direktoru Elquca Xarşiladze meriyadan izahat tələb edir. O, 29 mart tarixində “Marneuli” radiosu ilə söhbəti zamanı bildirmişdi ki, özünüməşğulları yalnız bir şərt əsasında daxili bazara buraxa bilər. Meriya zəmanət verməlidir ki, onlar iki aydan sonra küçə ticarəti fəaliyyətinə davam etməyəcklər.

Marneulidə küçə ticarətinin qadağan edilməsi məsələsi təxminən dörd il əvvəl, Temur Abazovun merliyi dövründə qaldırılmışdı. Problemi aradan qaldırmaq üçün bir neçə dəfə cəhd edilmişdi. Ancaq müvəqqəti olaraq bağlanmış piştaxtalar çox keçmədən yenidən müştəri qəbul edirdi.

Bu gün də eyni vəziyyətdir. Marneuli bazar ərazisindəki piştaxtalar, pendir satıcıları və antisanitariya yeni problem deyil. Süd məhsulları istidə, temperatur rejiminə riayət edilmədən satılır. Məhsulun üzərinə çox sayda milçək qonur. Ancaq küçə ticarətçiləri üçün bu problem deyil. Alıcı gələn zaman həşəratları əlləri ilə qovurlar.


Print Email
FaceBook Twitter Google