Pandemiyanın vurduğu ziyan və kənd təsərrüfatından götürülən gəlir
Fermerlərin sərt karantin şəraitində bağlanmış Marneulidə etiraz aksiyası keçirməsindən və meriyadan məhsulun satışında onlara yardım etməsini tələb etmələrindən bir il ötdü. Tonlarla xarab olmuş və atılmış məhsul, ödənilməmiş kreditlər və gəlirsiz qalmış ailələr. Pandemiya bələdiyyədə ilk və ən güclü zərbəni məhz fermerlərə vurdu. Bir ildən sonra kənd təsərrüfatı sahəsində başqa növ problemlər yarandı, ancaq müsbət məqamlar də var.

Pandemiyanın gətirdiyi ilk qorxu ac, çörəksiz qalmaq idi. Nadiradzelərin ailəsi də istisna olmayıb. Besarion, onun qardaşı və xalası oğlu öz ailələri üçün ərzaq becərməyə qərar veriblər. Düşünüblər ki, pulları olmasa da, qidaları olacaq. Sonra fikirləşiblər ki, ailə işini biznesə çevirsinlər. Biznesi isə bio-təsərrüfat istiqamətində aparıblar.

“Əvvəlcə ailəmiz ac qalmasın deyə, qida və ərzaq qıtlığı olardısa, ailəmiz üçün ehtiyat toplamaq məqsədi ilə başladıq. Bir halda ki, birgə gücümüzlə bu işə başladıq, biznes ideyaya çevrildi. Axşamlar oturanda nə edək, necə edək deyə söhbət edirdik. Xalam oğlu bir ideya təklif etdi. Qardaşımla mən də razılaşdım. Bir-birimizə dəstək olaraq hər şeyi etdik”, – Besarion bildirdi.

2020-ci ili əsasən bazarı araşdırmağa həsr ediblər. Yekunda quşçuluq və kartofçuluğa qərar veriblər. Əsasən ailələri üçün başqa tərəvəzlər də əkiblər. Amma satış üçün də tərəvəz qalıb. Məhsulun bir qismini küpələrdə saxlayıblar və konservləşdirilmiş şəkildə satıblar. Marneulidə kənd təsərrüfatı böhranı fonunda atılmış dəqiq addımın nəticəsini görüblər.


Nadirazdelərdən fərqli olaraq Tea və Xatuna Kutateladze bacıları bio-təsərrüfatı koronavirus yayılana qədər yaradıb. 2017-ci ildə Marneulidə yeddi hektar torpaq sahəsi alıb, qaragilə və moruq əkiblər. Tea Kutateladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, pandemiya onların təsərrüfatına problem yaradıb. Bələdiyyənin bağlanması sahəyə gedib-gəlməkdə çətinlik yaradıb. Buna görə də bu il yaz işlərinə başlamaq üçün bir neçə ay gecikiblər. Buna baxmayaraq Tea deyir ki, təsərrüfata koronavirusdan çox ölkənin səhv planlaşdırdığı kampaniya ziyan vurub.

“Real olaraq ötən il tam satış olmadı, ancaq deyə bilmərəm ki, satışda bizə yalnız kovid mane oldu. Ümumiyyətlə 2019-cu ildə də böyük problem var idi. Xüsusən də qaragiləni yetişdirmək problemli idi. Çünki dövlət bu proqramları artıq dərəcədə “piar” etdi. Çox adama məhsul əkdirdilər və onlara dedilər ki, mütləq saxlamaq üçün müəssisə, soyuducu təsərrüfatı yaradacağam. İxracda sizə kömək edəcəyəm və s. Çox adam bu ümidlə əkib-becərdi və müvafiq olaraq daxili bazar üçün hədsiz dərəcədə çox məhsul əldə etmiş olduq. Heç ixrac da edə bilmirlər, heç bir qurum işləmir. Yalnız biri işləyir, o da özəldir və az miqdarda məhsul qəbul edir. Xalq buna görə artıq bu sahəni tərk edib. Məsələn, ötən il məhsulu toplamaq neçəyə başa gəlirdisə, o qiymətə də satırdıq”.

Tea hesab edir ki, Kəndlərin İnkişafı Agentliyi tərəfindən elan edilmiş proqram səhv tərtib edilib. Əhalinin qaragiləyə necə qulluq göstərilməsi barədə real məlumatı yoxdur.

Kutateladzelər qaragilə və moruğu “Gələcəyini qur “ adlanan layihə çərçivəsində əkiblər. Kəndlərin İnkişafı Agentliyi regionlarla əlaqələr departamentinin rəhbəri Laşa Şalamberidze bildirdi ki, qaragilə meyvəsinin maliyyələşdirilməsi komponentlərinə görə çox sayda fermer bundan yararlanıb və Gürcüstan miqyasında onlarla soyuducu təsərrüfat yaradıb. Fermerlər məhsulu saxlaya bilirlər. Nazirlik fermerlər üçün qaragilə və moruq plantasiyalarının yetişdirilməsini 100% maliyyələşdirir. Ancaq fermer maliyyə üçün dövlətə müraciət etməzdən əvvəl bu kimi təsərrüfatın perspektivini, mövcud riski və satış planını nəzərə almalıdır.

Laşa Şalamberidze kimi USAİD tərəfindən maliyyələşdirilmiş “artım” layihəsinin rəhbəri Keti Çumburidze də hesab edir ki, fermer kiçik, yaxud geniş miqyaslı təsərrüfat yaradan zaman bütün riskləri və bazarı nəzərə almalıdır. Əhalinin yalnız Marneuli və Kvemo Kartli regionunda deyil, bütün Gürcüstan miqyasında kənd təsərrüfatını hansı növ dövlət, yaxud QHT proqramları ilə inkişaf etdirməyin mümkün olacağı barədə məlumatı yoxdur.


Kəndlərin İnkişafı Agentliyinin Regionlarla Əlaqələr Departamentinin rəhbəri “Marneuli” radiosunun “Aktual mövzu” verlişində pandmeiya zamanı dövlət tərəfindən fermerlərə göstərilmiş yardım barədə danışdı. Laşa Şalamberidzenin sözlərinə görə ötən, il bələdiyyənin bağlanması dövründə hakimiyyət Marneuli sakinlərinə məhsulun satışında fəal dəstək göstərib.

“Marneuli bağlanan kimi bizim daxili xidmətlər buraxılış məntəqələrində dururdu. Onlar bələdiyyədə hansı miqdarda məhsul gətirilməsini və nə qədər məhsul çıxdığını təfərrüatı ilə qeyd edirdilər ki, məhsulun satışında maneə yaranmasın. Biz faktiki olaraq hansı kəndə nə qədər məhsul lazım olduğuna kənd səviyyəsində nəzarət edirdik. Dövlətin idarə mərkəzi, yəni qərargahla birgə həmin məhsulların ehtiyatı həyata keçirilirdi. Marneulidə fermerlər bizə müraciət edən zaman onlara hərəkət etməkdə də yardım edirdik. Təsərrüfata, müxtəlif yerlərə aparırdıq. Fermerlərə buraxılış kartı da hazırlayırdıq.”

Gürcüstan hökuməti koronavirusa görə dəymiş ziyanın azaldılması məqsədi ilə kənd təsərrüfatında böhrana qarşı plan hazırladı və fermerlər üçün müxtəlif növ yardım təyin etdi. Kəndlərin İnkişafı Agentliyindən “Marneuli” radiosuna verilən məlumata görə, 2020-ci ilin 15 may tarixində Gürcüstan Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi ilə “Socar Georgia Petrolium” MMC arasında “fermerlərə güzəştli şərtlərlə yanacaq verilməsi barədə” müqavilə bağlanıb.

Qarşılıqlı əməkdaşlıq nəticəsində ötən il bütün ölkə miqyasında 156 800-dən artıq benefisiar 30 500 tona qədər aqro-dizel üçün endirim kartları aldı. Marneuli bələdiyyəsində təxminən 3 860 fermerə ümumilikdə 1 613 710 litr dizel üçün endirim kartı verilib. Buradan ümumilikdə 558 790 litr dizel yanacağı istifadə olunub. Eləcə də 2021-ci ilin 1 fevral tarixindən 10 mart tarixinə qədər olan dövrdə 2600-ə yaxın benefisiar 1500 tondan artıq aqrodizel üçün endirim kartı alıb. Həmin benefisiarlardan 37 Marneulidəndir. 600-ə yaxın fermer 1 litr yanacaq üçün 1 lari dəyərində güzəştdən artıq faydalanıb və 40,5 tondan artıq dizel istifadə olunub. Böhrana qarşı plan başqa növ yardımları, misal üçün, kənd təsərrüfatı texnikasının qarşılıqlı maliyyələşdirilməsini nəzərdə tuturdu. Marneuli bələdiyyəsində həmin güzəştdən beş fermer yararlanıb. Benefisiarlardan biri bir illik kənd-təsərrüfatı məhsulları üçün suvarma sisteminə görə qarşılıqlı maliyyə əldə etdi və quraşdırdı. Gürcüstan miqyasında 2 794, Marneulidə is 17 fermer bir hektar torpaq sahəsinə 200 lari dəyərində subsidiyanı nəzərdə tutan “Bir illik məhsulların maliyyələşdirilməsindən” faydalandı.

“Marneuli” radiosu yerli özünüidarənin Marneulili fermerlərə hansı növ dəstəyi nəzərdə tutduğu ilə də maraqlandı. Meriyandan verilən məlumata görə, meriyanın kəndlərin inkişafı istiqamətində heç bir proqramı yoxdur. Çünki bu tamamilə Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətindədir. Yerli özünüidarə isə əlavə proqram və layihələr tərtib edə bilmir.

Kəndlərin İnkişafı Agentliyinin rəsmi veb-səhifəsində yayımlanmış məlumata görə kənd təsərrüfatı istiqamətində indiki mərhələdə yeddi proqram davam edir. Onlar arasında aqro-dizelə güzəşt, məhsul yığan kənd təsərrüfatı texnikasının qarşılıqlı maliyyələşdirilməsi, aqro-sığorta, güzəştli aqro-kredit və s. proqramlar var.

Bu fonda fermerlərin problemlərinin bir qismi hələ də həll olunmmış qalır.

Gürcüstanda fermerlərə aqro-kredit müddətini uzatmaq imkanı verəcək vahid proqram yoxdur. “Gürcüstan Bankından” “Marneuli” radiosuna bildirdilər ki, fermer fərdi müraciət əsasında kredit müddətini uzada bilərdi. Şərtləri isə kredit məmuru müəyyən etməli idi. Bu məsələ fermerləri hələ pandemiyanın birinci dalğasından başlayaraq narahat edir.

Əhali dövlət tərəfindən fermerlərə təklif olunan proqramlarla yalnız gürcü dilində tanış ola bilər. Gürcüstanda yaşayan etnik azlıqlara məlumat əlçatan deyil. Müvafiq olaraq onların bir qismi hansı güzəştlərdən faydalanacağını və təsərrüfatını necə inkişaf etdirəcəyini bilmir.

"Marneuli" Radiosu
Print