Ramazan ayı nə zaman başlayır – AÇIQLAMA
"Ramazan ayının başlaması ay təqvimi əsasında olduğundan daha dəqiq ayın görünməsi ilə müəyyən olur. Bu da Astrofizika Rəsədxanalarının Ayın coğrafi yaxın üfüqi ərazidə görünməsinə istinadən müəyyən edilir". Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov verdi. Onun sözlərinə görə, hələlik təqvimə əsasən ehtimal olunur ki, Ramazan 14 aprel tarixində başlayacaq. Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bildirdiyinə görə də bu belədir.

Ramin İgidovun dediyinə görə, qonşu Türkiyədə və bəzi ölkələrdə isə niyyət axşamı 12 aprel və Ramazanın birinci günü isə 13 apreldə olacağı öncədən elan olunub.

“Öncəliklə qarşıdan gələn Ramazan ayınız mübarək, tutacağınız oruc, edəcəyiniz dua və ibadətlər qəbul olsun. Ramazan ayının bəzi ölkələrdə bir gün öncə olmasının səbəbi fərqli fiqhi nəzəriyyələrdən irəli gəlir. Belə ki, bir nəzəriyyəyə görə dünyanın bir yerində ay görünərsə, bu bütün yer üzündəki insanlara kifayət edir. Təbii ki, məs. Cənubi Amerika ölkəsində ayın görünməsi erkən olur. Başqa bir nəzəriyyəyə görə də astronomik hesablamalardan istifadə edərək ayın görünməsini hesablamaq düzgün hesab olunub. Əksər müsəlman alimlərinin nəzəriyyəsinə əsasən isə səmada yeni hilalın (ayın) üfüqü yaxın olan coğrafi məkanda Ayın görünməsi ilə müəyyən edilir. Necə ki, bizim namazlarımız, iftar və imsakımızın vaxtı fərqli üfüqlədir, Ramazanın başlanması və bitməsi də üfüqə görə dəyişir. Həmçinin məzhəbindən asılı olmayaraq qaynaq kitablarında Hz. Peyğəmbərimizn (s) bu haqda tövsiyəsi var: “Təzə ayı gördükdə orucunuza başlayın (eləcə də) təzə ayı gördükdə orucunuzu bitirin”, – deyə Hz. Peyğəmbərimiz buyurub”.

İgidov onu da əlavə etdi ki, hər il Ramazan ayının başlanğıcında və sonuna yaxın günlərdə bu sualla qarşılaşırıq: Ramazan nə zaman başlayır və Fitr bayramı nə vaxtdır?

“Dini təqvimlərdə Ramazan ayının günü təqribi gün olaraq təyin olunur. Amma bu, bayramın məhz hansı gün olduğunu dəqiq bilmək istəyənlər üçün yetərli deyil. Buna görə də bayramın hansı gün olması barədə “fətva” vermək düz deyil. Bu əksər İslam alimlərinin fikridir. Təəssüflə deyim ki, bəzi dövlətlər indidən sonrakı illərdəki Ramzan bayramının vaxtını dəyişməz olaraq elan etmişlər. Əziz müsəlmanlar, hər halda diqqətli olmalıyıq ki, Ramazanın və bayram gününün fərqli gündə başlaması müsəlmanlar arasında vəhdətin pozulmasına da gətirib çıxarmamalıdır. Bir gün öncədən (müstəhəb niyyətinə) oruc tutmağa başlamanın da savabı çoxdur. Allah dua və ibadətlərinizi qəbul etsin. Amin!.”

Müsəlmanlara o da tövsiyə olunur ki, ehtiyata görə bir gün öncədən oruc tutmağa başlasınlar.

İslam dinində Ramazan ayı ən şəfqətli və ən müqəddəs aylardan biri hesab edilir. Onu “on bir ayın sultanı” da adlandırırlar. Orucluq öz tarixini hicrətin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olunandan başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran nazil olmuşdur. Deyilənə görə, bu həmin ayın son 10 gecəsində baş vermişdir. Bu gecə "Leylət al-Qədr" – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!"

Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (miladi 622-ci il) ilində təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları təmiz vicdanlı olmağa yönəldir və bu da oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.

Print Email
FaceBook Twitter Google