Bu gün Azərbaycanın ilk satirik-yumoristik jurnalı olan
“Molla Nəsrəddin”in ilk sayının işıq üzü
görməsindən 115 il ötür.
Azərbaycanın böyük yazıçısı, dramaturq, publisist və ictimai xadimi
Cəlil Məmmədquluzadənin yaradıcısı olduğu dərginin ilk nömrəsi
1906-cı ilin aprelin 7-də Tbilisidə
“Qeyrət”
mətbəəsində çap olunub.
Böyük ədibin yazdıqlarına görə,
“jurnalın ilk sayı min
tirajla nəşr olunmuş, yarısı bir günün ərzində günortayadək Tiflis
şəhərində satılmışdı”.
Azərbaycandilli həftəlik jurnalın 340 nömrəlik Tbilisi dövrü
1906-1918-ci illəri əhatə edir. Mətbu orqanın birinci nömrəsi
“Sizi deyib gəlmişəm, ey mənim müsəlman
qardaşlarım” çağırışı və üz qabığında öz həmvətənlərini
yatmış vəziyyətdən oyatmağa çalışan Molla Nəsrəddinin təsviri yer
alıb. İlk sayın bütün karikaturları alman rəssam Oskar Şmerlinqə
məxsusdur. Müəllifin jurnalın ilk nömrəsinin çətinliklə başa
gəlməsini nəzərə alaraq, həmin karikaturaları təmənnasız çəkdiyi
bildirilir.
Jurnal dövrün sosial-siyasi problemlərini sadə dildə, düşündürücü
formada və orijinal satirik vasitələrlə oxuculara çatdırırdı. Mirzə
Cəlilin özü demişkən,
“Molla Nəsrəddin”i təbiət
özü yaratdı, zəmanə özü yaratdı.
C.Məmmədquluzadənin həyat yoldaşı, görkəmli ictimai xadim Həmidə
xanım Cavanşiri
“Xatirələrim” kitabında yazır:
“1906-cı il aprel ayının 7-si gecəsi Mirzə Cəlillə Ömər
Faiq Nemanzadənin cibində cəmi 9 manat pul var imiş. Onlar da bu
pula çap dəzgahının qulpunu fırlatmaq üçün bir hambal tutublarmış.
Gecə hambalı yola saldıqdan sonra ikinci hambal tutmağa daha pul
qalmayıb. Onlar səhərə qədər növbə ilə çap dəzgahının qulpunu
fırlayıblar.” Sabahı isə Azərbaycan mətbuat tarixinin
ən şərəfli səhifələrindən biri yazılıb: “Molla Nəsrəddin”.
“Molla Nəsrəddin”lə Azərbaycanda, eləcə də, Yaxın
Şərqdə tənqidi realizmin, satirik jurnalistikanın və karikatura
sənətinin əsası qoyulub. Jurnal Azərbaycan satirik mətbuatının
zirvəsi ilə yanaşı, haqlı olaraq realist yazılı ədəbiyyatımızın
milli-mənəvi sərvəti də hesab edilir.
Mənbə: report.az