Bolnisinin 7 kəndini birləşdirən “Xıdıroğlu” körpüsü qəzalı vəziyyətə düşüb
Bolnisinin 7 kəndini birləşdirən “Xıdıroğlu” körpüsü qəzalı vəziyyətə düşüb. Körpünün dayaq divarının bir hissəsi uçub. Bununla yanaşı körpünün bir tərəfi sərt döngə olduğundan qarşıdan gələn avtomobilləri görmək olmur, bu da sürücülər üçün daha bir təhlükə yaradır. Keçmişdə tikilən körpü ensiz tikildiyindən günün tələblərinə cavab vermir.

Babakişlər kəndinin sakinləri deyirlər ki, körpünün qəzalı olması və yol üzərində heç bir nişanın quraşdırılmamasına görə dəfələrlə, hətta bir neçə şəxsin ölümü ilə nəticələnən ağır yol qəzaları baş verib.

Sakinlərin dediklərinə görə, bu barədə aidiyyəti orqanlara dəfələrlə müraciət ediblər. Amma məsələ hələ də öz həllini tapmayıb.



“Xıdıroğlu” körpüsündən gün ərzində Qaraçöp, Babakişilər, Yuxarı Güləver, Aşağı Güləver, Sarı Məmmədli və Darvaz kəndlərinin sakinləri istifadə edirlər. Sakinlərin rayon mərkəzinə getməsi üçün başqa yolları yoxdur.

Əhalinin xahişi əsasında 2020-ci ilin 5 mart tarixində Gürcüstan Parlametinin deputatı Qoqi Meşveliani məsələ ilə maraqlanacağını problemin ən qısa zamanda həll olunacağını bildirmişdi. Hətta o, bu barədə rəsmi “Facebook” səhifəsində paylaşım da edib. Paylaşımda Parlament üzvü qeyd edib ki, onun xahişi əsasında Bolnisi rayon rəhbərinin birinci müavini Buba Qobecişvili və bələdiyyənin İnfrastruktur xidmətinin əməkdaşı Konstantine Kordzadze körpüyə baxış keçiriblər.

Q. Meşveliani o zaman qeyd etmişdi ki, körpü bərpa ediləcək və yolda nəqliyyatın təhlükəsiz hərəkəti təmin olunacaq.

Yerli sakinlər deyir ki, bu günə qədər körpüdə heç bir təmir işləri aparılmayıb.


Print Email
FaceBook Twitter Google