Problemlərin müəyyən edilməsi, həllinə yardım və başa düşülən dildə xidmətlər – qeyri gürcüdilli kəndlərdə yeni layihəyə başlanılıb
Tərcüməçi tapmaq və pul ödəmək, kseroks axtarmaq və çaşqınlıq – bunlar qeyri-gürcü dilli əhalinin dövlət xidmətlərindən yararlandığı zaman aşmalı olduqları maneələrin kiçik siyahısıdır. Nizami Əfəndiyev gürcü dilini bilmədiyinə görə, dövlət xidmətlərindən yararlana bilməyən adamlardan biridir, ancaq Xuldərə kəndinin icma mərkəzində tərcüməçi və başqa xidmətlər almaq mümkün olduqdan sonra onun problemlərinin bir qismi öz həllini tapıb.

“Mənim üçün, əhali üçün bu xidmətin olması mühümdür. Nə lazım olsa, hansısa sənəd gələrsə, oxuyur və bizi başa salırlar. Məktub lazım olanda yazırlar. Məsələn, mən torpaq sahəsini qeydiyyatdan keçirmək istəyirdim, müvafiq qanunvericilk əsasında məktub yazdılar. Həm də bunların hamısı yaxındadır, əvvəl isə rayona getməli olurduq”, – Nizami Əfəndiyev bildirdi.

Marneuli və Qardabaninin daha altı kəndinin də Xuldərə kimi oxşar xidmətlərdən yararlanmaq imkanı var. Yeni Düşüncə İnstitutunun regional layihəsi çərçivəsində Xuldərə, Mollaoğlu, Aşağı Saral, Ağməmmədli, Qasımlı, Algeti və Nəzərli əhalisi müxtəlif xidmətlərdən pulsuz yararlana bilərlər. Layihənin müəlliflərindən Ariz Daşdəmirov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, layihənin hazırlanması ideyası koronavirusa görə qeyri-gürcü dilli kəndlərin daha çox qapanması və məlumatlandırılma baxımından vəziyyətin pisləşməsindən sonra yaranıb.

“Əhali məlumatsızdır. Araşdırmalar zamanı aydın oldu ki, əhalidə ailə həkimi barədə məlumat yoxdur. Pandemiya əhalini çox qorxutdu. Biz onlara ərizə yazmaqda, tərcümədə, layihələrdə iştirak etməkdə, müəllimlər imtahanı üçün qeydiyyatdan keçməkdə, abituriyentlərə ixtisas seçməkdə və imtahan üçün qeydiyyatdan keçməkdə, dövlət qurumları ilə ünsiyyət qurmaqda yardım edirik. Bu bizim layihə çərçivəsində əhalinin yararlana biləcəyi xidmətlərin qısa siyahısıdır.”

Mərkəzdə göstərilən xidmətlərdən əlavə layihə yeddi kənddə əhali arasında sorğu aparılmasını da nəzərdə tutur. Sorğunun məqsədi kəndlərin problemlərinin aşkar edilməsidir ki, daha sonra həmin problemlərin həlli 2022-ci ilin büdcəsində nəzərə alınsın.

Yeni Düşüncə İnstitutunun “Covid-19-un Kvemo Kartliyə təsiri və zərər çəkmiş əhalinin vəziyyətinin yüngülləşdirilməsi” regional layihəsi ABŞ-ın Beynəlxalq İnkişaf Fondunun (USAİD) maliyyə dəstəyi və Şərq-Qərb İdarə İnstitutunun (EWMI) ACCESS layihəsinin dəstəyi ilə həyata keçirilir.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər