Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Marneulidə bir sıra görüşlər keçirdilər
Bu gün, 21 may tarixində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Marneulidə, "Ata Holding" idman kompleksində yerli icma nümayəndələri, jurnalistlər və QHT əməkdaşları ilə görüş keçirdilər.

Görüşü Azərbaycanlıların İnteqrasiya Mərkəzinin icraçı direktoru Rafiq Hümmət açaraq qonaqları salamladı. O, mərkəzdə görülən işlər və mərkəzin fəaliyyəti haqda tədbir iştirakçılarına məlumat verdi.

Daha sonra komitənin sədr müavini Vaqif Seyidbəyov çıxış edərək, komitənin həyata keçirdiyi fəaliyyətlər haqda danışdı. O, icmada olan problemləri də dinlədi və bu problemlərin həlli yönündə müzakirələr apardılar.

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə keçirilən görüşdə əsas müzakirə olunan mövzulardan biri də təhsil sahəsində olan problemlər idi. Gürcüstanda yaşayan Azərbaycanlıların ana dili və ədəbiyyatı sahəsində kadr çatışmazlığı haqda qonaqlara məlumatlar verildi.

Bugünkü görüşdə komitənin Gürcüstan və türkdilli dövlətlər şöbəsinin müdiri Vüsal Məmmədov, Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin birinci katibi Anar Rəsulov, keçmiş deputat Ruslan Hacıyev də iştirak edirdi.

Qeyd edək ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Marneuli meriyasının nümayəndələr ilə də görüş keçirib.


Print Email
FaceBook Twitter Google