Marneulidə yeniyetmə və gənclər arasında kikboksinq üzrə dostluq turnirinin bağlanış mərasimi keçirildi (VİDEO)
28 may tarixində Marneulidə, “AtaHoldinq” idman kompleksində yeniyetmə və gənclər arasında kikboksinq üzrə dostluq turnirinin bağlanış mərasimi keçirildi.

“Gürcüstanın Azərbaycanlı İdmançıları Birliyi”, Azərbaycanın Gürcüstandakı səfirliyi və "SOCAR Georgia” şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunan turnir mayın 26-da başlayıb.

Gürcüstanın Müstəqillik Gününə və Azərbaycanın Respublika Gününə həsr olunan turnirdə Gürcüstanın 12 şəhərindən 15 çəki dərəcəsi üzrə 150 idmançı iştirak edib.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, Kvemo Kartli regionunun qubernatoru Şota Rexviaşvili, Gürcüstan xarici işlər nazirliyinin departament rəhbəri Malxaz Mikeladzə, mədəniyyət və idman nazirliyinin departament rəhbəri İrakli Dolaberidze, Gürcüstan parlamentinin üzvləri Zaur Darğallı və Savalan Mirzəyev, Marneuli meriyasının nümayəndələri, “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) rəhbəri Lev Spivak, Gürcüstan Kikboksinq Federasiyasının prezidenti Qoça Cavaxia , digər rəsmi şəxslər və qonaqlar iştirak ediblər.

F. Quliyev çıxışında Azərbayanın Respublika Gününün Gürcüstanda xüsusilə qeyd olunduğunu deyib. O, 103 il bundan öncə məhz Tbilisidə müsəlman Şərqində ilk demokratik respublikanın elan edildiyini xatırladıb.

Diplomat Azərbaycan və Gürcüstan arasında əlaqələrin tarixi köklərindən və ölkələr arasındakı hazırkı münasibətlərdən söz açıb. O, iki dost və yaxın ölkə arasında dostluq əlaqələrinin bu gün də davam etdirildiyini qeyd edib.

Sonra çıxış edən Gürcüstan xarici işlər nazirliyinin departament rəhbəri Malxaz Mikeladzə, mədəniyyət və idman nazirliyinin departament rəhbəri İrakli Dolaberidze, Gürcüstan parlamentinin deputatları Savalan Mirzəyev, Zaur Dargalli və başqaları çıxış edərək Azərbaycan xalqını dövlət bayramı münasibətilə təbrik edərək qeyd ediblər ki, bu gün dost və qardaş Azərbaycanla yanaşı Gürcüstan üçün də önəmli tarixdir. Natiqlər bildiriblər ki, hər iki xalq əsrlər boyu dostluq ediblər və bu əlaqələr bu gün inkişaf etdirilir. Onlar Azərbaycan xalqına əmin-amanlıq və çiçəklənmə diləyiblər.

Çıxışlardan sonra təqdim olunan konsert proqramında gürcü rəqs qruplarının ifasında Azərbaycan və gürcü milli rəqsləri nümayiş etdirilib. Aşıq Nargilə Mehtiyeva və “İaloni” ansamblının nəğmələri, “Fire show” qrupunun təqdimatında “Natiq ritm qrupu”nun “Qarabağ” kompozisiyasının sədaları altında alov şousu və kikboksinqçi obrazında olan “canlı heykəllər” böyük maraqla qarşılanıb.

Sənət ustalarının çıxışlarından sonra Gürcüstan və Azərbaycanın dövlət bayramlarına həsr olunan mayın 26-dan start götürən kikboksinq turnirinin final qarşılaşmaları keçirilib.

Tədbirin yekununda Səfir və digər rəsmi şəxslər qaliblərə mükafatlar, medalar və kuboklar təqdim ediblər.



Print Email
FaceBook Twitter Google