Marneulidə yeniyetmə və gənclər arasında kikboksinq üzrə dostluq turnirinin bağlanış mərasimi keçirildi (VİDEO)
19:59 / 29.05.2021
28 may tarixində Marneulidə, “AtaHoldinq” idman kompleksində
yeniyetmə və gənclər arasında kikboksinq üzrə dostluq turnirinin
bağlanış mərasimi keçirildi.
“Gürcüstanın Azərbaycanlı İdmançıları Birliyi”, Azərbaycanın
Gürcüstandakı səfirliyi və "SOCAR Georgia” şirkətinin birgə
təşkilatçılığı ilə təşkil olunan turnir mayın 26-da başlayıb.
Gürcüstanın Müstəqillik Gününə və Azərbaycanın Respublika Gününə
həsr olunan turnirdə Gürcüstanın 12 şəhərindən 15 çəki dərəcəsi
üzrə 150 idmançı iştirak edib.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, “SOCAR
Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, Kvemo
Kartli regionunun qubernatoru Şota Rexviaşvili, Gürcüstan xarici
işlər nazirliyinin departament rəhbəri Malxaz Mikeladzə, mədəniyyət
və idman nazirliyinin departament rəhbəri İrakli Dolaberidze,
Gürcüstan parlamentinin üzvləri Zaur Darğallı və Savalan Mirzəyev,
Marneuli meriyasının nümayəndələri, “Azərbaycan-İsrail” Beynəlxalq
Assosiasiyasının (Azİz) rəhbəri Lev Spivak, Gürcüstan Kikboksinq
Federasiyasının prezidenti Qoça Cavaxia , digər rəsmi şəxslər və
qonaqlar iştirak ediblər.
F. Quliyev çıxışında Azərbayanın Respublika Gününün Gürcüstanda
xüsusilə qeyd olunduğunu deyib. O, 103 il bundan öncə məhz
Tbilisidə müsəlman Şərqində ilk demokratik respublikanın elan
edildiyini xatırladıb.
Diplomat Azərbaycan və Gürcüstan arasında əlaqələrin tarixi
köklərindən və ölkələr arasındakı hazırkı münasibətlərdən söz açıb.
O, iki dost və yaxın ölkə arasında dostluq əlaqələrinin bu gün də
davam etdirildiyini qeyd edib.
Sonra çıxış edən Gürcüstan xarici işlər nazirliyinin departament
rəhbəri Malxaz Mikeladzə, mədəniyyət və idman nazirliyinin
departament rəhbəri İrakli Dolaberidze, Gürcüstan parlamentinin
deputatları Savalan Mirzəyev, Zaur Dargalli və başqaları çıxış
edərək Azərbaycan xalqını dövlət bayramı münasibətilə təbrik edərək
qeyd ediblər ki, bu gün dost və qardaş Azərbaycanla yanaşı
Gürcüstan üçün də önəmli tarixdir. Natiqlər bildiriblər ki, hər iki
xalq əsrlər boyu dostluq ediblər və bu əlaqələr bu gün inkişaf
etdirilir. Onlar Azərbaycan xalqına əmin-amanlıq və çiçəklənmə
diləyiblər.
Çıxışlardan sonra təqdim olunan konsert proqramında gürcü rəqs
qruplarının ifasında Azərbaycan və gürcü milli rəqsləri nümayiş
etdirilib. Aşıq Nargilə Mehtiyeva və “İaloni” ansamblının
nəğmələri, “Fire show” qrupunun təqdimatında “Natiq ritm qrupu”nun
“Qarabağ” kompozisiyasının sədaları altında alov şousu və
kikboksinqçi obrazında olan “canlı heykəllər” böyük maraqla
qarşılanıb.
Sənət ustalarının çıxışlarından sonra Gürcüstan və Azərbaycanın
dövlət bayramlarına həsr olunan mayın 26-dan start götürən
kikboksinq turnirinin final qarşılaşmaları keçirilib.
Tədbirin yekununda Səfir və digər rəsmi şəxslər qaliblərə
mükafatlar, medalar və kuboklar təqdim ediblər.