Marneuli merinin müavini vəzifəsinə Roin Dekanoidze təyin olunub.
O, 1 iyun tarixindən öz səlahiyyətlərinin icrasına başlayıb.
Onun “Marneuli” radiosuna verdiyi müsahibəsində qeyd etdiyinə görə,
təyin olunduğu vəzifə ilə bələdiyyənin səciyyəviliyi və
problemlərinə yaxşı bələd olduğu üçün razılaşıb. O, düşünür ki,
yerli sakin olaraq özünüidarədə işləməkdə çətinlik çəkməyəcək.
“Doğulduğum, böyüdüyüm rayona, əhaliyə xidmət etmək
imkanım yaranıb. Neçə il ərzində işlədim və təcrübə topladım. Buna
baxmayaraq bir daha özümü göstərə bilməyim, rayonum üçün nələr edə
biləcəyim mənim üçün daha bir üstünlükdür. Buna mənim illər ərzində
burada işləməyim də əlavə olunur. Demək olar ki, bütün kəndlərin
pisini də, yaxşısını da bilirəm. Ən əsası burada yaşayan sakinlərlə
işləmişəm, erməni, azərbaycanlı və s. millətləri yaxşı tanıyıram.
Hamısı ilə müəyyən, səciyyəvi əlaqələrim yaranıb və düşünürəm ki,
bəzi məsələlərin asan həll edilməsi mənim üçün çətin
olmayacaq.”
Rion Dekanoidze deyir ki, indi işlə tanışlıq prosesindədir. O, ümid
edir ki, özünüidarə əməkdaşları ilə işləməklə bələdiyyənin
inkişafına dəstək olacaq.
“Bütün xidmətləri bir-bir tanımağa çalışıram, tanışlıq
prosesindəyəm. Nəzarət, mədəniyyət, uşaqların müdafiəsi,
iqtisadiyyat və s xidmətləri təfərrüatlı şəkildə öyrənirəm.
Prioritetləri də buna əsasən müəyyən edəcəyəm ki, hansı məsələ
təxirə salınmamalıdır, təcili yerinə yetirilməlidir. Əlbəttə, ayıra
bilmərik ki, mədəniyyət ikinci dərəcəlidir, ancaq tanışlıq
prosesində nə edilməli olduğunu daha yaxşı dərk edəcəyik. Tək bunu
etməyəcəyəm və ümid edirəm ki, komanda ilə birgə ölkəyə, xalqa
lazım olduğu kimi olacaq.”
Marneuli merinin müavini ixtisasca hüquqşünasdır. Polis
akademiyasını bitirib və 16 il ərzinə müxtəlif vəzifələrdə, polis
idarəsində işləyib. Cəzaçəkmə müəssisəsinin təhlükəsizlik
xidmətinin rəhbəri olub, sonra 8 saylı cəzaçəkmə müəssisəsinin
direktor müavini və 2 saylı müəssisənin direktoru işləyib. Son bir
il yarım ərzində Dekanoidze yenidən 8 saylı cəzaçəkmə müəssisəsinin
direktor müavini vəzifəsini tuturdu.