Çay Türkiyədə ilk dəfə gürcülər tərəfindən əkilib – Türkiyəli tarixçi Mehmet Dilbaz çayın tarixi barədə
Türkiyəli tarixçi yazar Mehmet Dilbaz bu gün, 16 iyun tarixində “Marneuli” radiosunda yayımlanan “Əyləncə Zamanı” verilişində söhbəti zamanı çayın Türkiyədə ilk dəfə gürcülər tərəfindən əkildiyini bildirdi.

Onun sözlərinə görə, türklərin çayı sevməsinə baxmayaraq, çay Gürcüstanda Türkiyədən daha əvvəl olub.

“Gürcüstana çay Türkiyədən əvvəl gəlib. Burada da çay var, amma qəhvə azdır. Mən hazırda 200 il əvvəldən danışıram. Çayın vətəni Çindir. Keçmiş yüzilliklərdə çay ipək yolu ilə karvanlarla Orta Asiyadan, Xəzər dənizindən Azərbaycana, Qafqaz ölkələrinə gəlib. Cənub tərəfdən isə gəmilərlə İngiltərəyə gedib, amma Türkiyəyə çay getməyib. 100 il əvvəl ilk dəfə Gürcüstandan Türkiyəyə çay tingləri aparılıb və gürcülər tərəfindən Rizəyə, Artvinə çay tingləri əkilib. Çay Türkiyəyə gürcülər vasitəsi ilə gedib. Sonra çay Türkiyədə çox məşhur olub. Bu gün Türkiyə dünyada ən çox çay içilən ikinci ölkədir.”

Tarixçi çayın türklər tərəfindən xüsusi içki kimi qəbul olunmasına da açıqlama gətirdi. O, isti aylarda belə çaya tələbatın yaranması ilə bağlı illər əvvəl aparılmış təcrübədən danışdı. Dilbazın sözlərinə görə, 1960-cı illərdə İsrail ordusunun əsgərləri çöllük əraziyə göndərilirlər. Əsgərlər orada 24 saat ərzində susuz saxlanılırlar. Əsgərlər geri qayıtdıqları zaman isə masaya müxtəlif içkilər qoyulur. Bunlar: su, çay, kola və meyvə şirəsi olur. Əsgərlər masadakı içkilərin hər birindən içirlər. Nəticədə bədəndəki istiliyi ən çox aradan qaldıran, susuzluğun daha çox qarşısını alan çay olur. Buradan da belə nəticəyə gəlirlər ki, çay bədəndəki hərarəti ala bilən ən yaxşı içkidir.

Qəhvə haqqında isə onu deyə bilərəm ki, bizdə əsas içki Osmanlı İmperiyası zamanından qəhvə olub.

“Türklərin əsas içkisi qəhvədir. Biz səhər yeməyinə “kahvaltı” deyirik. Bu “kahve altı” deməkdir, yəni qəhvədən əvvəl nələrsə yeyib, sonra qəhvə içməkdir. Türklər yuxudan oyanar-oyanmaz qəhvə içirlər. Oyanan zaman qəhvə içilir, yatmazdan əvvəl qəhvə içilir.”

Mehmet Dilbazın sözlərinə görə, dünyada qəhvə ilk dəfə Türkiyədə, Osmanlı İmperiyası dövründə, İstanbulda, 16-cı əsrdə, 1545-ci ildə içilib. Bu isə 570 il əvvəl deməkdir. Tarixçi Türklərin əsas, milli içkisinin qəhvə olduğunu deyir.

Print Email
FaceBook Twitter Google