Qoçulu kəndinin sakinləri bir sahibkarın onlara suvarma suyu verməməsindən şikayətlənirlər (FOTO)
Bolnisi bələdiyyəsinin Qoçulu (Capala) kəndinin sakinləri suvarma suyunun olmamasından şikayətlənirlər. Buna görə də kənd sakinləri bu gün, 29 iyun tarixində kəndin mərkəzinə toplaşaraq, etiraz aksiyası keçiriblər. Sakinlərin sözlərinə görə, 2000-ci illərdə məhsullarını suvarılması üçün öz hesablarına suvarma kanalı çəkiblər. Amma bu gün həmin su kanalından istifadə edə bilmirlər. Buna görə də, məhsulları susuzluqdan yanaraq, məhv olur.

Əhalinin dediyinə görə, Cəfərli kəndində Şota İobaşvili adlı sahibkar suvarma kanalının qarşısını kəsərək, Cəfərli, Qoçulu və İmirhəsən kəndlərinə suyun verilməsinə maneçilik törədir.

MarneuliFM · Qoçulu Kənd Sakinləri 1


Sakinlərin sözlərinə görə, illərdir ki, həmin sahibkara su pulu da ödəyirlər. Amma yay fəsli gələndə məhsullarını suvara bilmirlər. İndi əhalinin əsas tələbi odur ki, həmin su kanalı “Gürcüstan Meliorasiya” idarəsinin balansına keçsin. Ümid edirlər ki, bəlkə bundan sonra onların su problemi həll olunar.

MarneuliFM · Qoçulu Kənd Sakinləri 2


Sakinlər deyirlər ki, dəfələrlə aidiyyəti orqanlara, hətta yerli hakimiyyətə müraciət etsələr də, problem öz həllini tapmayıb.

"Marneuli" Radiosu
Print