Marneulidə fəaliyyət göstərən təşkilatlar 13 növ qrant müsabiqəsində iştirak edə biləcəklər
Bu gün, 30 iyun tarixində Marneulidə mülki ictimai təşəbbüs layihəsi: davamlı, açıq və hesabat verməli olan mülki ictimai təşkilatlar Gürcüstanın inkişafı üçün təqdimat edib.

Layihə çərçivəsində Marneulidə işləyən qeyri-hökumət təşkilatları, icma mərkəzləri və media təşkilatlarına müxtəlif qrant müsabiqəsində iştirak etmək imkanı verilir.

Mülki İnteqrasiya Fondunun icraçı direktoru Zaur Xəlilov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Gürcüstan miqyasında 10 regional mərkəz yaradılıb və layihə 10 regionda həyata keçiriləcək.

“Biz maksimum dərəcədə çalışacağıq ki, yerli özünüidarə orqanları, media, mülki sektor nümayəndələri, peşə təhsil mərkəzləri, universitetlər və fəal vətəndaşlarla işləyək. Bu layihənin ən mühüm hissəsi odur ki, yaxşı qrant müsabiqəmiz olacaq və yerli QHT-in inkişafına dəstək göstərəcək. Bizim layihə 2025-ci ilə qədər davam edəcək və biz maksimum dərəcədə çalışacağıq ki, yerli QHT, media təşkilatlarına və s. məsləhət verək. Onlara fərdi şəkildə, eləcə də şəbəkədə çalışmaq bacarığının inkişafında kömək edək”, – Zaur Xəlilov bildirdi.

Mülki İnteqrasiya Fondunun icraçı direktorunun sözlərinə görə, layihə çərçivəsində 13 müxtəlif qrant müsabiqəsi elan olunacaq və 209 layihə maliyyələşdiriləcək.

Layihənin təqdimatında yerli QHT və media təşkilatları, icma mərkəzlərinin nümayəndələri və gənclər iştirak edirdi. “Yeni Düşüncə İnstitutunun” nümayəndəsi Ariz Daşdəmirov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, layihə icma, regional təşkilatların inkişafı üçün çox mühümdür. Buna görə onun təşkilatı layihəyə qoşulmağı planlaşdırır.

Layihənin məqsədi vətəndaş cəmiyyətinin hüquqi və maddi baxımdan təkmilləşdirilməsi, təşkilatların ictimaiyyətlə əlaqəsinin yaxşılaşdırılması və mülki ictimai təşkilatların fərdi şəkildə, eləcə də birgə gücləndirilməsidir.

"Marneuli" Radiosu
Print