Qardaşlarımın səsini yaşatmaq üçün sazda ifa etməyi öyrəndim – Mirzə Məmmədov
66 yaşlı Kəpənəkçi kənd sakini, aşıq Mirzə Məmmədov 35 ildir ki, aşıqlıqla məşğul olduğunu deyir. O, sazdan əvvəl qarmon ifaçısı olub. Onun sözlərinə görə, ailədə 9 övlad olublar. Məmmədovun qardaşları da musiqiyə böyük maraq göstəriblər. Qardaşları dünyadan köçdükdən sonra o, sazda ifa etməyi öyrənməyə qərar verir. Aşığın sözlərinə görə, sazda ifanı öyrənmək üçün ilk dəfə ustad Kamandara müraciət edir. Məmmədov əvvəllər qarmonda ifa etdiyi üçün sazda ifa etməyin ona elə də çətinlik yaratmadığını deyir.

“8 qardaş, 1 bacı olmuşuq. Onlar həyatını itirəndən sonra mən qardaşlarımın səsini yaşatmaq üçün saz çalmağa başladım. Mən ilk dəfə ustad Kamandara müraciət etdim. O, mənə sazda ifa etməyi öyrətdi. Mən gecə-gündüz başladım sazda ifa etməyə. Yavaş-yavaş qardaşlarımın səsini yaşatdım. Beləcə biz sazı yaşatdıq.”

Aşıq deyir ki, əvvəllər ailəsinin ehtiyaclarını qarşılamaq üçün tədbirlərə, toy məclislərinə gedirmiş. O, koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq olunan qadağaların, toylara qoyulan məhdudiyyətlərin ona və musiqiçi yoldaşlarına ziyan verdiyini deyir. Məmmədovun bildirdiyinə görə, iki ilə yaxındır ki, toylara gedə bilmir və heç bir yerdən də gəliri yoxdur. Aşıq tezliklə ölkənin əvvəlki vəziyyətinə qayıdacağına ümid edir.

“Toylar olanda hər şey qaydasında gedirdi. Pandemiya tək mənə deyil, bütün musiqiçilərə təsir etdi. Demək olar ki, 2 ildir, biz evdən çölə çıxmırıq, toylar yoxdur. Toylar yox, iş yerləri yox. Biz nə edək ki, balalrımızı saxlayaq?”

Hökumətin koronavirusun yayılmasının qarşısının alınması üçün qəbul etdiyi qərara görə, toylar, doğum günləri, yas mərasimləri və başqa sosial tədbirlərdə insanların sayı 10 nəfərdən artıq olmamalıdır.

"Marneuli" Radiosu
Print