Pandemiya zamanı Marneulidə turizm istiqamətində nə edildi (edilmədi)
19:32 / 07.07.2021
Marneulidə turizm sektoru birtəhər işlədi. Bir aydır ki, iaşə
obyektlərinə qapalı məkanlarda da müştəri qəbul etmək imkanı
verildi.
Pandemiya demək olar ki, bələdiyyədə yaşayan bütün adamların
planlarını al-üst etdi. Marneuli koronavirusa yoluxma halı
təsdiqləndiyinə görə qapadılan, giriş-çıxış qadağan edilən ilk
bələdiyyə idi. Məhz həmin dövrdə Baxturidzelər ailəsinin planı da
dəyişib. Həmin vaxt onlar “Tamarisi göllərinin” məşhurlaşdırılması
üçün mühüm addımlar atmağa başlayırdılar.
Omar Baxturidzenin ailəsi Marneulidə yerləşən “Tamarisi gölləri”-ni
2011-ci ildə alıb. Balıqçılıq, müxtəlif növ şərablardan dadmaq, bal
mədəniyyəti ilə tanışlıq – bunlar artıq üç ildir ki,
Baxturidzelərin turistlərə təklif etdiyi xidmətlərin kiçik
siyahısıdır. Marneulidə məşhur istirahət yeri bir ildir ki, yenə
bağlıdır.
“Mənim hobbim balıqçılıqdır və qərar verdim ki, bunu uğurlu biznesə
çevirim. Turistləri və balıqçıları qəbul etməyə başladıq.
Pandemiyaya qədər yerli özünüidarə ilə tez-tez təmaslarımız olurdu.
Kvemo Kartli adından sərgilərə gedirdik, ancaq pandemiya zamanı çox
problemimiz yarandı. İndi, sərhədlər açılıb, artıq planlarımızı
həyata keçirə bilərik. Biz bütün tənzimləmələrə riayət edirik,
mühit tam təhlükəsizdir.”
Ailə infrastrukturun inkişafına dəstək olmaq üçün bələdiyyə ilə
əməkdaşlıq etməyə hazırlaşır. Onlar düşünür ki, əgər müvafiq
xidmətlər yaradılarsa, daha çox qonaq cəlb edəcəklər və bələdiyyədə
turizmin inkişafına dəstək olacaqlar.
Bu günə qədər Marneulidə turizmin inkişafına dəstək olan yeganə
genişmiqyaslı tədbir “Vahid Qafqaz” (One caucasus) festivalıdır.
50-yə yaxın beynəlxalq könüllü tərəfindən təşkil olunan tədbirə,
hər il yüzlərlə adam gəlir. Bu festival pandemiyaya baxmayaraq ötən
il də həyata keçirilən yeganə festivaldır. Altı ildir ki, dünyanın
müxtəlif ölkələrindən könüllülər Marneulinin Tserakvi kəndinə
toplaşır. Yerli əhaliyə vorkşoplar və musiqili konsertlər təqdim
olunur. Sərhədlərin bağlanmasına görə, xaricilər 2020-ci ildə gələ
bilmədilər, ancaq festival təşkilatçıları yerli könüllülərin köməyi
ilə One Caucasus şəhərciyini yenə qurmağı bacardılar.
“Pandemiya iki baxımdan bizə təsir göstərdi – ilk növbədə
beynəlxalq iştirakçıları gətirə bilmədik; Digəri isə budur ki,
yerli tənzimləmələr var idi. Bizim üçün Avropalı olan festival
təşkilatçılarının gələ bilməməsi ikiqat problem idi. Biz –
Gürcüstanda olanlar bütün məsuliyyəti üzərimizə götürməli olduq.
Deyə bilərəm ki, bu ilki proqram daha keyfiyyətli və daha
genişmiqyaslı olacaq. Artıq beynəlxalq və yerli musiqiçiləri dəvət
etmişik.”
“Vahid Qafqaz” festivalı Marneulidə yay fəslində maksimum iki ay
davam edir. Turistlər hər il bələdiyyədə olan tarixi abidələri
nəzərdən keçirmək, məsələn, İmirçalanın yarılmış təpələri,
şərabçılıq və üzümçülüyün qədim tarixini özündə əks etdirən, IV
əsrə aid abidəni görmək imkanı var. Bununla yerli özünüidarədə
qürurlanırlar və illərdir ki, turizm potensialının geniş
imkanlarından söhbət açırlar. Ancaq indiyə qədər İmirin arxeoloji
qazıntı aparılmış təpəsində konservasiyadan başqa heç nə
edilməyib.
“Yarılmış təpənin” ziyarətçiləri çox azdır. Məsələn, 2017-ci ildə
bu arxeoloji abidəni yalnız 40 nəfər turist ziyarət edib. Bu
baxımdan heç yerlilər də fəallıq göstərmir. Marneulidə demək olar
ki, heç bir məktəbin ekskursiya marşrutunda “yarılmış təpələr”
daxil deyil. Yerli özünüidarə buna səbəb olaraq qaydasına salınmalı
olan infrastrukturu qeyd edir.
Demək olar ki, bələdiyyədə turizmin inkişafı baxımından iki ildir
heç nə edilməyib. 220 000 larilik layihə təxirə salınıb. Layihə,
İmirə, “yarılmış təpəyə” gedən yolun və ərazisinin bağlanmasını
nəzərdə tuturdu. Eləcə də Tsopi qalasında iki meydançanın
qurulmasında maneçilik yarandı. Dörd il əvvəl tikilmiş
məlumat-turizm mərkəzi açılmadı.
Marneuli meriyasının Təhsil, mədəniyyət, idman və gənclərin işi
şöbəsinin rəhbəri Elquca Kupatadze deyir ki, pandemiya zamanı
yeganə edə bildikləri iş, layihələrin həyata keçirilməsi üçün
maliyyə tapmaq üçün müxtəlif dinir təşkilatlarla danışıqlar aparmaq
idi.
“Pandemiya dövründə, səfərbər edilən bütün qüvvələr
insanların məlumatlandırılmasına, onlara yardım edilməsinə
yönləndirilirdi. Bu məsələdə səmimi olmaq istəyirəm və demək
istəyirəm ki, o zaman heç kimin turizm üçün vaxtı yox idi. İlk
növbədə pandemiyanın qarşısının alınması tədbirləri qaydasına
salınmalı idi. Virusla birlikdə yaşamağa uyğunlaşdıqca, indi dövlət
büdcəsinə, ümumiyyətlə ölkəyə də elementar imkanlar verilir ki,
turizm istiqamətinə müəyyən pul ayırsın və kiçik layihələri
maliyyələşdirsin, infrastrukturu
yaxşılaşdırsın.”
Dörd ildir ki, Marneuli meriyası turizm potensialının artırılması
ümidlərini məlumatlandırma köşkünə bağlayır. Meriya 2017-ci ildə
turistlər üçün köşkün qurulmasının smeta sənədlərinin tenderi üçün
977 lari xərcləyib. Mərkəzin tikilməsi öhdəliyini Gürcüstan Milli
Turizm Administrasiyası öz üzərinə götürüb və 2019-cu ilin fevral
ayında 65 118 larilik tender elan edib. Tenderdə qalib gəlmiş
şirkət işləri həmin il başa vurub, ancaq mərkəzdən bu gün də
istifadə etmək mümkün deyil. Köşkün açılışı sonuncu dəfə 2020-ci
ilin iyununda planlaşdırılırdı, ancaq pandemiyaya görə, təxirə
salındı.
Gürcüstanın Eko-turizm Assosiasiyasının həmtəsisçisi Natalia
Baxtadze hesab edir ki, pandemiya hansısa xüsusi böhran deyil.
Çünki turizmə onsuz da çox şey təsir edə bilər. O, düşünür ki,
pandemiya zamanı özəl sektorun və dövlətin yol verdiyi ən böyük
səhv həmin dövrdən yanlışların aradan qaldırılması üçün istifadə
etməməsi oldu.
“Turizm elə sənayedir ki, çox şey maneçilik yarada
bilər. Dəfələrə embarqo, regiondakı qeyri-stabil vəziyyət, siyasi
baxımdan qeyri-stabil vəziyyət maneçilik yaradıb. Çox həssas
sənayedir və çox şey buna təsir göstərə bilər. Bizim pandemiyaya
qədər ölkəmizdə yol verdiyimiz və bu günə qədər də düzəlməmiş ən
böyük səhvimiz bələdiyyələrdir. Bu yalnız maddi-mədəni deyil həm də
qeyri-maddi mədəni xidmətləri və dəyərləri olan bələdiyyələrdir.
Həmin bələdiyyələri turistlər üçün xidmət göstərəcək regiona çevirə
bilərik. Marneulidə belə imkan xalça toxumaq ənənəsidir ki,
maraqlı, yaxşı resursdur. Bundan ölkənin müxtəlif mədəni
təcrübəsini inkişaf etdirmək üçün yararlanmaq olar. Deyərdim ki,
əsas problemlər eləcə də qaydasında olmayan infrastruktura görə baş
verirdi. Kovid zamanı isə həmin problemlər kəskin olaraq üzə
çıxdı.”
Natalia Baxtadze hesab edir ki, turizm düzgün və davamlı olaraq
inkişaf etməlidir. Ona uzunmüddətli gəlirlər baxımından nəzər
yetirilməlidir. Bu vəziyyətə baxmayaraq, Marneuli meriyasının,
turistlər üçün məlumat köşkünün açılması, Marneulinin turizm
məlumat mərkəzinin yerli və xarici turistləri lazımı məlumatlarla
təmin edəcəyi barədə dəqiq məlumatı yoxdur. Məlumat mərkəzinin
fəaliyyət göstərdiyi ərazidə olan turizm obyektlərinin məlumat
bazası yaradılmalıdır və o, daim yenilənməlidir. Bu bir qayda
olaraq pandemiyanın mane ola bilməyəcəyi işdir. Ancaq, fakt odur
ki, heç nə edilməyib.