Pandemiya zamanı Marneulidə turizm istiqamətində nə edildi (edilmədi)
Marneulidə turizm sektoru birtəhər işlədi. Bir aydır ki, iaşə obyektlərinə qapalı məkanlarda da müştəri qəbul etmək imkanı verildi. Pandemiya demək olar ki, bələdiyyədə yaşayan bütün adamların planlarını al-üst etdi. Marneuli koronavirusa yoluxma halı təsdiqləndiyinə görə qapadılan, giriş-çıxış qadağan edilən ilk bələdiyyə idi. Məhz həmin dövrdə Baxturidzelər ailəsinin planı da dəyişib. Həmin vaxt onlar “Tamarisi göllərinin” məşhurlaşdırılması üçün mühüm addımlar atmağa başlayırdılar.

Omar Baxturidzenin ailəsi Marneulidə yerləşən “Tamarisi gölləri”-ni 2011-ci ildə alıb. Balıqçılıq, müxtəlif növ şərablardan dadmaq, bal mədəniyyəti ilə tanışlıq – bunlar artıq üç ildir ki, Baxturidzelərin turistlərə təklif etdiyi xidmətlərin kiçik siyahısıdır. Marneulidə məşhur istirahət yeri bir ildir ki, yenə bağlıdır.


“Mənim hobbim balıqçılıqdır və qərar verdim ki, bunu uğurlu biznesə çevirim. Turistləri və balıqçıları qəbul etməyə başladıq. Pandemiyaya qədər yerli özünüidarə ilə tez-tez təmaslarımız olurdu. Kvemo Kartli adından sərgilərə gedirdik, ancaq pandemiya zamanı çox problemimiz yarandı. İndi, sərhədlər açılıb, artıq planlarımızı həyata keçirə bilərik. Biz bütün tənzimləmələrə riayət edirik, mühit tam təhlükəsizdir.”


Ailə infrastrukturun inkişafına dəstək olmaq üçün bələdiyyə ilə əməkdaşlıq etməyə hazırlaşır. Onlar düşünür ki, əgər müvafiq xidmətlər yaradılarsa, daha çox qonaq cəlb edəcəklər və bələdiyyədə turizmin inkişafına dəstək olacaqlar.

Bu günə qədər Marneulidə turizmin inkişafına dəstək olan yeganə genişmiqyaslı tədbir “Vahid Qafqaz” (One caucasus) festivalıdır. 50-yə yaxın beynəlxalq könüllü tərəfindən təşkil olunan tədbirə, hər il yüzlərlə adam gəlir. Bu festival pandemiyaya baxmayaraq ötən il də həyata keçirilən yeganə festivaldır. Altı ildir ki, dünyanın müxtəlif ölkələrindən könüllülər Marneulinin Tserakvi kəndinə toplaşır. Yerli əhaliyə vorkşoplar və musiqili konsertlər təqdim olunur. Sərhədlərin bağlanmasına görə, xaricilər 2020-ci ildə gələ bilmədilər, ancaq festival təşkilatçıları yerli könüllülərin köməyi ilə One Caucasus şəhərciyini yenə qurmağı bacardılar.



“Pandemiya iki baxımdan bizə təsir göstərdi – ilk növbədə beynəlxalq iştirakçıları gətirə bilmədik; Digəri isə budur ki, yerli tənzimləmələr var idi. Bizim üçün Avropalı olan festival təşkilatçılarının gələ bilməməsi ikiqat problem idi. Biz – Gürcüstanda olanlar bütün məsuliyyəti üzərimizə götürməli olduq. Deyə bilərəm ki, bu ilki proqram daha keyfiyyətli və daha genişmiqyaslı olacaq. Artıq beynəlxalq və yerli musiqiçiləri dəvət etmişik.”


“Vahid Qafqaz” festivalı Marneulidə yay fəslində maksimum iki ay davam edir. Turistlər hər il bələdiyyədə olan tarixi abidələri nəzərdən keçirmək, məsələn, İmirçalanın yarılmış təpələri, şərabçılıq və üzümçülüyün qədim tarixini özündə əks etdirən, IV əsrə aid abidəni görmək imkanı var. Bununla yerli özünüidarədə qürurlanırlar və illərdir ki, turizm potensialının geniş imkanlarından söhbət açırlar. Ancaq indiyə qədər İmirin arxeoloji qazıntı aparılmış təpəsində konservasiyadan başqa heç nə edilməyib.


“Yarılmış təpənin” ziyarətçiləri çox azdır. Məsələn, 2017-ci ildə bu arxeoloji abidəni yalnız 40 nəfər turist ziyarət edib. Bu baxımdan heç yerlilər də fəallıq göstərmir. Marneulidə demək olar ki, heç bir məktəbin ekskursiya marşrutunda “yarılmış təpələr” daxil deyil. Yerli özünüidarə buna səbəb olaraq qaydasına salınmalı olan infrastrukturu qeyd edir.

Demək olar ki, bələdiyyədə turizmin inkişafı baxımından iki ildir heç nə edilməyib. 220 000 larilik layihə təxirə salınıb. Layihə, İmirə, “yarılmış təpəyə” gedən yolun və ərazisinin bağlanmasını nəzərdə tuturdu. Eləcə də Tsopi qalasında iki meydançanın qurulmasında maneçilik yarandı. Dörd il əvvəl tikilmiş məlumat-turizm mərkəzi açılmadı.


Marneuli meriyasının Təhsil, mədəniyyət, idman və gənclərin işi şöbəsinin rəhbəri Elquca Kupatadze deyir ki, pandemiya zamanı yeganə edə bildikləri iş, layihələrin həyata keçirilməsi üçün maliyyə tapmaq üçün müxtəlif dinir təşkilatlarla danışıqlar aparmaq idi.

“Pandemiya dövründə, səfərbər edilən bütün qüvvələr insanların məlumatlandırılmasına, onlara yardım edilməsinə yönləndirilirdi. Bu məsələdə səmimi olmaq istəyirəm və demək istəyirəm ki, o zaman heç kimin turizm üçün vaxtı yox idi. İlk növbədə pandemiyanın qarşısının alınması tədbirləri qaydasına salınmalı idi. Virusla birlikdə yaşamağa uyğunlaşdıqca, indi dövlət büdcəsinə, ümumiyyətlə ölkəyə də elementar imkanlar verilir ki, turizm istiqamətinə müəyyən pul ayırsın və kiçik layihələri maliyyələşdirsin, infrastrukturu yaxşılaşdırsın.”


Dörd ildir ki, Marneuli meriyası turizm potensialının artırılması ümidlərini məlumatlandırma köşkünə bağlayır. Meriya 2017-ci ildə turistlər üçün köşkün qurulmasının smeta sənədlərinin tenderi üçün 977 lari xərcləyib. Mərkəzin tikilməsi öhdəliyini Gürcüstan Milli Turizm Administrasiyası öz üzərinə götürüb və 2019-cu ilin fevral ayında 65 118 larilik tender elan edib. Tenderdə qalib gəlmiş şirkət işləri həmin il başa vurub, ancaq mərkəzdən bu gün də istifadə etmək mümkün deyil. Köşkün açılışı sonuncu dəfə 2020-ci ilin iyununda planlaşdırılırdı, ancaq pandemiyaya görə, təxirə salındı.

Gürcüstanın Eko-turizm Assosiasiyasının həmtəsisçisi Natalia Baxtadze hesab edir ki, pandemiya hansısa xüsusi böhran deyil. Çünki turizmə onsuz da çox şey təsir edə bilər. O, düşünür ki, pandemiya zamanı özəl sektorun və dövlətin yol verdiyi ən böyük səhv həmin dövrdən yanlışların aradan qaldırılması üçün istifadə etməməsi oldu.


“Turizm elə sənayedir ki, çox şey maneçilik yarada bilər. Dəfələrə embarqo, regiondakı qeyri-stabil vəziyyət, siyasi baxımdan qeyri-stabil vəziyyət maneçilik yaradıb. Çox həssas sənayedir və çox şey buna təsir göstərə bilər. Bizim pandemiyaya qədər ölkəmizdə yol verdiyimiz və bu günə qədər də düzəlməmiş ən böyük səhvimiz bələdiyyələrdir. Bu yalnız maddi-mədəni deyil həm də qeyri-maddi mədəni xidmətləri və dəyərləri olan bələdiyyələrdir. Həmin bələdiyyələri turistlər üçün xidmət göstərəcək regiona çevirə bilərik. Marneulidə belə imkan xalça toxumaq ənənəsidir ki, maraqlı, yaxşı resursdur. Bundan ölkənin müxtəlif mədəni təcrübəsini inkişaf etdirmək üçün yararlanmaq olar. Deyərdim ki, əsas problemlər eləcə də qaydasında olmayan infrastruktura görə baş verirdi. Kovid zamanı isə həmin problemlər kəskin olaraq üzə çıxdı.”

Natalia Baxtadze hesab edir ki, turizm düzgün və davamlı olaraq inkişaf etməlidir. Ona uzunmüddətli gəlirlər baxımından nəzər yetirilməlidir. Bu vəziyyətə baxmayaraq, Marneuli meriyasının, turistlər üçün məlumat köşkünün açılması, Marneulinin turizm məlumat mərkəzinin yerli və xarici turistləri lazımı məlumatlarla təmin edəcəyi barədə dəqiq məlumatı yoxdur. Məlumat mərkəzinin fəaliyyət göstərdiyi ərazidə olan turizm obyektlərinin məlumat bazası yaradılmalıdır və o, daim yenilənməlidir. Bu bir qayda olaraq pandemiyanın mane ola bilməyəcəyi işdir. Ancaq, fakt odur ki, heç nə edilməyib.


"Marneuli" Radiosu
Print