Qurban bayramı nə vaxt qeyd olunacaq? – Müsəlmanlar İdarəsindən AÇIQLAMA
Bu il müqəddəs Qurban bayramı təqvimə görə, 20 iyul tarixindən başlayaraq 22 iyula qədər davam edəcək. Yəni 3 gün qeyd olunacaq. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar Eminov məlumat verdi. Onun sözlərinə görə, idarə hər il olduğu kimi, bu il də Gürcüstanda qurbanlar kəsəcək və sosial cəhətdən imkansız şəxslərə paylayacaq.

Etibar Eminovun bildirdiyinə görə, qurbanlar həm Gürcüstan Müsəlmanları İdarəsi, həm Türkiyənin Diyanet İşleri Başkanlığı, həm də, başqa təşkilatlar və xeyriyyəçi insanlar tərəfindən verilib.

“Bu il təxminən 5-6 min nəfərə qurban payının verilməsini planlaşdırırıq. Ehtimal olunur ki, bu say bayrama qədər arta bilər. Bir paketdə təxminən 2-2.5 kiloqram pay olacaq. Qurban payları Tbilisi, Kvemo Kartli, Şida Kartli, Kaxeti, Acarıstan və digər bölgələrə də paylanılacaq. Çox təəssüflər olsun ki, bu payların sayı azdır. Biz istəyirdik ki, bu daha çox olsun. Ümid edirik ki, bayrama qədər xeyriyyəçi insanlar da bu yardıma qoşularaq, daha çox insanı sevindirə biləcəyik”, – Etibar Eminov dedi.

Müfti onu da qeyd etdi ki, iyulun 20-də, saat 06:30-da Tbilisi cümə məscidində, o cümlədən bölgələrdə olan məscidlərdə bayram namazları qılınacaq. Bayram namazından sonra isə qurbanlıqların kəsilməsinə başlanılacaq, 21 iyul tarixindən isə paylanılacaq.

Print