Marneulidə su təchizatı sisteminin tikintisində işləyən işçilər meriya qarşısında aksiya keçiriblər
Bu gün, 21 iyul tarixində Marneuli meriyası qarşısında su təchizatı və kanalizasiya sistemi tikintisində çalışan işçilər aksiya keçirib. Aksiya iştirakçıları yerli özünüidarədən onlara maaşlarının ödənməsində köməklik göstərməyi tələb edib.

“Darğallını gözləyirik, nə Darğallı yoxdur, nə də şəhərin meri. Bu qədər adam bura toplaşmşıq, pulumuzu almaq istəyirik. Bizi işlədiblər, pulumuzu vermirlər. Vəd verdilər, ancaq pul vermirlər”, – aksiya iştirakçılarından biri bildirdi.

Marneulidə su təchizatı-kanalizasiya sisteminin tikintisini həyata keçirən “Akelik Group” podratçı şirkət “Tera Group” ilə müqavilə bağlayıb. İşçilər indi hər iki şirkətdən maaş gözləyir.

Parlamentin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş majoritar deputatı Zaur Darğallı aksiya iştirakçıları ilə görüşüb. Onun maaşsız qalmış işçilərə bildirdiyinə görə, bir neçə gündür “Tera Group” şirkətinin nümayəndələri ilə əlaqə saxlaya bilmirlər.

“Maaşlardan əlavə bu layihə ilə əlaqədar çox problem var. Bu qazılmış yollar, sona çatdırılmamış layihədir və biz bir neçə dəfə nazirlik səviyyəsində, nazir müavini ilə birlikdə “Tera”-nın yeni sahibi ilə görüşdük. “Akelik”-in rəhbərliyi ilə fəal təmaslarımız var. Hökumət, mərkəzi, eləcə də yerli hakimiyyət bu layihənin davam etdirilməsi və başa çatdırılması üçün əlimizdən gələni edirik. Çətinliklər var və bu birbaşa şirkətin öhdəliyidir. Bu gün “Tera”-nın sahibi, rəhbərliyi ilə görüşüm olacaq. Hər həftə bu şirkətlə təmaslarım olur. Maaş məsələsi ilə bağlı hər gün çalışırıq, nəticə olacaq. Biz şirkətin işçilər və əhali qarşısında öhdəliyini yerinə yetirməsi üçün hər şey edəcəyik”, – Zaur Darğallı bildirdi.

Majoritar deputat maaşsız qalmış işçilərə yardım edəcəyinə vəd verdi. İşçilər isə vədin yerinə yetirilmədiyi halda aksiyaya davam edəcəklərini bildirdilər.

Qeyd edək ki, “Akelik Group” şirkətinin işçiləri Marneuli meriyası qarşısında ötən aylarda da aksiyalar keçirirdilər. İndi olduğu kimi, onda da əsas tələb şirkətin maaşlarını ödəməsi idi. 26 aprel tarixində “Akelik Group”-un işçiləri Marneuli meriyası qarşısında daha bir aksiya keçirmişdilər. Aksiya nəticəsində işçilərin maaşının bir qismi ödənildi və onlara vəd verildi ki, tezliklə maaşlarını tam ödəyəcəklər. Ancaq vəd yerinə yetirilməyib.

Şirkət əməkdaşları daha bir aksiyanı 26 mart tarixində keçirmişdilər. O zaman Parlamentin üzvü Zaur Darğallı onlarla görüşmüşdü və kömək göstərəcəyinə vəd vermişdi. Aksiya keçirdikdən sonra işçilər və “Akelik”-in rəhbərliyi arasında görüş keçirilmişdi. Görüşdə Zaur Darğallı da iştirak etmişdi. Görüşdə şirkət işçiləri maaşın bir qisminin Ramazan ayı başlayana – 13 aprel tarixinə qədər köçürüləcəyi ilə bağlı daha bir vəd almışdılar. Aksiya iştirakçıları “Marneuli” radiosu ilə söhbətləri zamanı bildirdilər ki, 15 aprel tarixində qədər onların hesabına “Akelik” şirkəti tərəfindən bir tetri də köçürülməyib.

Su təchizatı-kanalizasiya sisteminin tikintisi layihəsinə Şəhər Xidmətinin Yaxşılaşdırılması İnvestisiya Proqramı çərçivəsində Asiya Bankı tərəfindən 55 940 022 dollar maliyyə ayrılıb. Tikinti işlərini Azərbaycan şirkəti “Akelik Group” həyata keçirir.

Print Email
FaceBook Twitter Google