Zibilliklərlə birgə həyat - Marneulidə tullantıların idarəolunması
16:45 / 27.07.2021
Sadaxlı kəndinin mərkəzindən bir neçə kilometr məsafədə zibil axını
başlayır. Qanunsuz zibilliklər Sadaxlı-Mollaoğlu yolu boyunca
Bənövşə çayının sahili ilə uzanır.
Yerli sakinlər deyirlər ki, zibil qabları olmadığına görə, məişət,
yaxud digər tullantıları çaya atmalı olurlar.
"Zibili buraya atırıq. Zibil qabı qoysunlar, qaba ataq.
Sonra zibil qablarını təmizləsinlər və biz də rahat olaq. Milçəklər
bizi dişləyir, qoxu barədə heç danışmıram. Zibil qabının qoyulması
vacibdir. Birini mərkəzə qoyublar. Bizim ərazidə isə
yoxdur", – Sadaxlı sakini deyir.
Sadaxlı Marneulidə zibil problemi olan yeganə kənd deyil. Demək
olar ki, hər yerdə vəziyyət eynidir. Yerli özünüidarədə problem
barədə bilirlər. Deyirlər ki, mərhələli şəkildə, müxtəlif
təşkilatların yardımı və bələdiyyə büdcəsi ilə vəziyyəti düzəltməyi
planlaşdırırlar. Tullantıların idarəolunması üçün 2021-ci il
büdcəsində bir neçə zibil maşını və zibil qablarının alınması
nəzərdə tutulub.