28 iyul tarixində Saqareco rayonunun Qaraçöp kəndində Qaraçöplü
Aşıq Musanın anım tədbiri keçirilib. Tədbir yeni fəaliyyətə
başlayan “Qaraçöp İcma Mərkəzi”-nin təşkilatçılığı ilə baş tutub.
Bu barədə məlumatı mərkəz
“Facebook” səhifəsində paylaşıb.
Məlumata görə, anım mərasimində Xəqani Qayıblı, aşıq Nargilə
Mehdiyeva, Səadət Buta, Allahverdi Təhləli, Mahmud Kamaloğlu, aşıq
Ziyəddin Keşəli, şair Rafiq Hümmət və kənd sakinləri iştirak
ediblər.
Çıxış edən qonaqlar Qaraçöp kəndində bu cür tədbirlərin
keçirilməsinin önəmli olduğunu qeyd ediblər. Qonaqlar yeni
yaradılmış icma mərkəzinin əməkdaşlarına və təsisçilərinə öz
təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “Qaraçöp İcma Mərkəzi” heç bir maddi dəstək olmadan
kəndin könüllü fəal gəncləri tərəfindən təsis olunub. QİM-in
yaranmasının səbəbi icmadakı təhsilə marağın artırılması,
inteqrasiyanın gücləndirilməsi və icmanın səsinin daha böyük
kütləyə çatdırılmasıdır. Mərkəz Qaraçöpdə təsis edilən ilk icma
mərkəzidir.