Konstitusiya Məhkəməsi qərar verənə qədər pandemiya məhdudiyyətləri ilə bağlı məsələ aktuallığını itirdi
“Dərslər zamanı şagirdlərdə çiçəklənə biləcək azadlıq toxumu – mən həmişə buna çalışırdım və gələcəkdə də çalışacağam. Bizim şagirdlərə müəllimlərdən məhz belə nümunə lazımdır, azadlıq nümunəsi göstərmək” – 2019-cu ilin milli müəllim mükafatı təqdim olunan zaman Qiorqi Çauçidze ictimaiyyətə belə müraciət etmişdi. 2020-ci ilin aprel ayında o, özü belə nümunələrdən birini göstərdi. Marneuli 2 saylı ictimai məktəbinin gürcü dili və ədəbiyyat müəllimi hesab edir ki, dövlət Marneuli və Bolnisini bağlamaqla əsassız olaraq onun hüquqlarını məhdudlaşdırıb. Pedaqoq Konstitusiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib. Bundan isə 15 ay ötüb. Ancaq məhkəmə hələ də qərar qəbul etməyib.

Qiorqi Çauçidze Çiaturalıdır. Ancaq peşə fəaliyyəti ilə əlaqədar olaraq artıq 9 ildir ki, Marneulidə yaşayır. 2020-ci il 23 mart tarixində, bələdiyyəni koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə bağladıqları günü yaxşı xatırlayır. Xatırlayır, çünki o zaman əsəbiləşmişdi.

“Bir il əvvəl, o dövrə getsək, məndə ciddi etiraz hissi yaranmışdı. Hələ ki, bu aylar ərzində davam da edirdi. Bu qərar, tanınmış və formalaşmış həqiqətlərə, ehtimallara əsaslanırdı, sonradan təsdiqləndi. Bugünkü vəziyyətlə müqayisə etsək, bu gün 2600 yoluxma qeydə alınıb və heç bir yer bağlanmayıb. O zaman 2 yoluxma halı qeydə alınmışdı və bütün regionu hərbçilərlə əhatəyə alıb, qapadılar. Qısası, bu konteksti nəzərə alaraq, o zaman məndə tələb yarandı və hökumətin bu qərarını Konstitusiya Məhkəməsinə şikayət etdik.”

Ötən ilin mart ayında hökumət koronavirusun qarşısının alınması məqsədi ilə iki regionu bağladı. Bununla yerli sakinlərin hərəkət azadlığı məhdudlaşdırıldı. O zaman regionda həqiqətən də iki yoluxma halı qeydə alınmışdı. Bələdiyyəyə giriş-çıxışı bağlamışdılar, buraxılış məntəqələrinə silahlı polislər nəzarət edirdi. Bu Marneuli və Bolnisidə sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırdı. Əhalinin məhsulu xarab oldu, gəlir sıfıra endi. Hər tərəfdən irqçi bəyanatlar eşidilirdi. Qiorqi Çauçidze regionun açılmasından sonrakı gün – 23 aprel tarixində, hökumətin Marneuli sakinlərinin azadlığını məhdudlaşdıran sərəncamının dayandırılması və qanunsuz hesab edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

“Məhkəmə bu barədə hökm çıxarmayıb və belə, havadan asılı vəziyyətdə qalıb. Bu gün artıq bu məsələ aktuallığını itirib. Ancaq mən hesab edirəm ki, bu Konstitusiya Məhkəməsi tərəfindən düzgün yanaşma deyildi. Marneulini bağladıqları arqumentlər bu gün artıq qüvvəsini itirib, çünki minlərlə yoluxma qeydə alınır və heç bir yer bağlanmır.”

Konstitusiya Məhkəməsi hökumətin sərəncamının Konstitusiyaya uyğunluğu məsələsinə hələ də qərar verməyib. Qiorqi Çauçidze hesab edir ki, məhkəmə qərar verməkdə gecikib.

Fövqəladə vəziyyət zamanı Qiorqi kimi bir çox adam problemlərlə üz-üzə qaldı. Baxmayaraq ki, Marneulini Gürcüstanın başqa regionlarından ayırdılar, bütün ölkəyə aid olan müxtəlif məhdudiyyətlər tətbiq edildi. Özünüidarə, yaxud karantin məkanını tərk etmək, üç nəfərdən artıq şəxsin toplanması qadağan edildi. Hərəkət məhdudiyyəti tətbiq edildi. Maska taxmaq məcburi oldu və s.

22 may 2020-ci il tarixində Gürcüstanda fövqəladə vəziyyətlə bağlı rejim ləğv olundu. Ancaq məhdudiyyətlər qüvvədə qaldı. “Marneuli” radiosu təcrid, yaxud karantin qaydalarının pozulmasına görə cərimələnənlər barədə Daxili İşlər Nazirliyindən məlumat tələb etdi. Verilmiş məlumata görə, 2020-ci ildə Gürcüstan miqyasında bu qaydanı pozduğuna görə 4556 nəfər cərimə olunub. Bizim hesablamalarımıza əsasən, cərimələrin ümumi miqdarı 9 112 000 lari təşkil edir. Həmin dövrdə tətbiq edilmiş qaydaları Kvemo Kartlidə 535 nəfər pozub. Cərimələrin miqdarı 1 070 000 laridir. Həmin il maska taxma qaydasını pozduğuna görə, Gürcüstanda 58 848 nəfər cərimələnib. Tənzimləmələri pozan şəxslərdən 3990 nəfəri Kvemo Kartlidəndir.

Daxili İşlər Nazirliyi maska taxma qaydasını pozmağa görə yazılmış cərimələrin miqdarı barədə məlumat verməyib. Ancaq, 24 iyun 2021-ci il tarixində Gürcüstanın Baş-naziri İrakli Qaribaşvili bildirmişdi ki, vətəndaşlara və hüquqi şəxslərə təcrid, karantin və maska taxma qaydasını pozduğuna görə yazılmış cərimələr silinəcək. Bununla da statistika mənasını itirdi. Hökumət yerli özünüidarə seçkiləri və yenidən “pikə çatmış” pandemiya ilində, təxminən 76 milyon lari dəyərində ödənməmiş cərimələri əhaliyə bağışladı.

Məhz buna görə Şükür Əliyev özünü aldadılmış hesab edir. O, maska taxma qaydasını pozduğuna görə, yazılmış cəriməni artıq ödəyib. Şükür cari ilin aprel ayında Marneulidə cərimələnib.

“İşə gedirdim, maskanı çənəmə taxmışdım. Siqaret çəkirdim və ona görə maskanı taxmamışdım. Bu zaman patrul məni gördü və dedi – maska taxmamısan. Siqaret çəkdiyimi bildirdim. Qeyd etdim ki, siqaret çəkdiyim halda necə maska taxa bilərdim. “Fərqi yoxdur” – dedilər və cərimə yazdılar. Məndə mübahisəni davam etdirmədim və 20 lari dəyərində cəriməni 5 dəqiqə ərzində aparıb ödədim. Cərimə ödədim və üç aydan sonra eşitdim ki, pandemiya zamanı yazılmış bütün cərimələri siliblər. Bu məni daha çox əsəbiləşdirdi. Yəni, mən, məsuliyyətli vətəndaş, öz borcumu yerinə yetirdim. Cərimə ödəməyənlər isə heç bir hüquqi reaksiya görmədən cərimələrini sıfırladılar.”

Şükürdən fərqli olaraq, 30 yaşlı Marneulili kişi “komendant saatını” pozduğuna görə yazılmış cəriməni ödəməyib. O, kimliyinin açıqlanmasını istəmədi.

“Məni mart ayında cərimələdilər. Saat 12 olardı, küçəyə çıxdım. Bilirdim ki, bir mağaza 24 saat ərzində işləyir, oraya getmək istəyirdim. Yolda polis saxladı və 2000 lari cərimə yazdı. Ödəməmişəm, əvvəldən də ödəməyi planlaşdırmırdım. Bilirdim ki, onsuz da heç kim ödətdirməyəcək.”

Marneulili gəncin gözləntisi özünü doğrultdu. Parlament hələ koronavirus məhdudiyyətlərinə görə yazılmış cərimələrinin amnistiya qanununu qəbul etməyib. Ancaq Baş nazirin siyasi bəyanatından irəli gələrək, artıq aydındır ki, 76 milyon lari dəyərində ödənməmiş cərimə silinəcək. Qanunverici orqan bu məsələni, güman ki, payız sessiyasında, yaxınlaşan özünüidarə seçkilərindən əvvəl müzakirə edəcək.

GDI-ın Mülki və Siyasi Hüquqlar Proqramının direktoru Mari Kapanadze cərimələrin amnistiyası qanununun qəbul edilməsini problemli məsələ hesab edir. Bir tərəfdən cəriməsi silinən şəxslər üçün yaxşıdır. Çünki onlar əsassız məhdudiyyətlərə görə yazılmış cərimələri ödəməli olmayacaq. Ancaq amnistiya digər tərəfdən artıq cəriməni ödəmiş şəxsləri diskriminasiya vəziyyətində qoyur.

“Bu qanunun digər problemi ardıcıllıqdır. Yəni, dövlət öz yanaşmasında nə dərəcədə ardıcıldır. Sabah, biri gün yenidən məhdudiyyətləri qəbul etməli olsa, nə etməyi planlaşdırır. Sonra bütün adamlarda gözlənti yaranacaq ki, qaydanı pozduqda onlar buna görə yenə cavabdehlik daşımırlar və müvafiq amnistiya onlara gələcəkdə də aid olacaq. Düşünürəm ki, bu əvvəlcədən, bir növ siyasi fənddir. Bunu ötən illərdə də dəfələrlə görmüşük. Hakimiyyət seçkiqabağı insanları ələ almağa çalışır. Həqiqətdə, ən düzgün yanaşma məsuliyyətin belə qəddar şəkildə deyil, bizim sosial-iqtisadi vəziyyətimizə uyğun olması olardı. Bu şəkildə əhalinin əksəriyyətinin ödəmək imkanı da olardı.”

Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilmiş məhdudiyyətləri nəzərə alaraq neçə nəfərin cərimə ödədiyini müəyyən etmək mümkün deyil. Gürcüstan Dövlət Xəzinəsi statistika təqdim etmir. Xəzinədən “Marneuli” radiosuna bildirdilər ki, göstəricilər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq hesablanır. Ancaq məcəllədə hansı qayda pozuntusuna nə qədər cərimə ödənməli olunduğu barədə maddə yazılmayıb.

Yenə də, statistika koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilmiş məhdudiyyətlərin vətəndaşlara etdiyi təsiri əks etdirir.

Cari ildə maska taxma qaydasını pozduğuna görə Gürcüstanda 147 069, Kvemo Kartlidə 11 003 nəfər cərimələnib.

Cərimələmə forması, polislər tərəfindən konkret vəziyyətlərin nəzərə alınmaması, Marneulidə və bütün ölkədə məhdudiyyətin əsası çoxlarında etiraz hissi yaratdı. Qiorqi Çauçidzedən başqa digər şəxslər də koronavirusun qarşısının alınması məqsədi ilə tətbiq edilmiş məhdudiyyətlərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

“Bizdə elə hallar var idi ki, adam öz evindən tibb müəssisəsinə getmək istəyib və onu küçənin ortasında saxlayıblar, cərimə yazıblar. Sonra təcili yardım çağırıblar və ona qarşı qanunun icra edilməsi ittiham xarakteri daşıyırdı. Onun real vəziyyətini, ehtiyacını nəzərə almayıblar. Belə halların sayı çox idi. Qanun adamın əsas hüquqlarının pozulması ilə icra edilirdi”, – Azadlıq İnstitutunun hüquqşünası Qvantsa Kvaratsxelia bildirdi.

Qvança Qvaraçxelinin səsli müsahibəsini buradan dinləyə bilərsiz:

MarneuliFM · Გვანცა Კვარაცხელია


Konstitutsiya Məhkəməsi indiyə qədər COVİD-19-un tənzimləməsi ilə bağlı olan bu məsələyə görə qərar çıxarmayıb.

Konstitusiya Məhkəməsi bu normaların Konstitusiyaya nə dərəcədə uyğun olub-olmamasını müəyyən etməlidir. Əgər norma Konstitusiyaya uyğun deyilsə, Konstitusiya Məhkəməsi onu ləğv edir və yerinə yetirmək üçün məcburi standart tətbiq edir ki, əsassız məhdudiyyətləri aradan qaldırsın.

“Marneuli” radiosu Konstitusiya Məhkəməsinin hakimi Teimuraz Tuğuşidən Konstitusiya Məhkəməsinin pandemiya dövründə dövlət tərəfindən tətbiq edilmiş məhdudiyyətlərin Konstitutisyaya uyğunluğunun müəyyən edilməsi baxımından hansı rol oynadığı barədə soruşdu. Hakim yazılı cavabında yeni koronavirusa görə yaranmış pandemiyanın Gürcüstanda, eləcə də dünyada insan hüquqlarının müdafiəsi baxımında yeni problemlər yaratdığını qeyd edib.

“Belə qeyri-normal şəraitdə, müxtəlif fors-major vəziyyətlərə görə, ölkə də hüquqi nizam-intizam problemi yaşayır. Sosial iqtisadi münasibətlərin və insan həyatının, sağlamlığının müdafiəsi sürətli/təsirli fəaliyyət tələb edir. Əsas hüquqların, fərdin maraqlarının təcili surətdə məhdudlaşdırılması təhlükəsi qismən artır. Məhz buna görə, bu zaman Konstitusiya Məhkəməsinin effektiv nəzarət həyata keçirməsi və müvafiq standartların tətbiq edilməsi barədə hakimiyyətin qərarına böyük üstünlük verilir. Bu baxımdan, Konstitusiya Məhkəməsi əsas hüquqların məhudlaşdırılması səlahiyyətlərinin icraçı hakimiyyətə verilməsi və onun əhatəsi ilə əlaqədar kifayət qədər mühüm açıqlamalar verdi. Həmçinin, pandemiya dövründə tətbiq edilmiş bir sıra məhdudiyyətlərin Gürcüstan Konstitusiyasına uyğunluğu məsələsini müzakirə etdi. Konstitusiya Məhkəməsi hələ bir neçə şikayəti müzakirə edəcək. Həmin şikayətlər pandemiya dövründə tətbiq edilmiş müxtəlif məhdudiyyətlərlə bağlıdır və məhkəmənin bu baxımdan yenidən öz təcrübəsini inkişaf etdirəcəyini gözləməliyik.”

Hakim icraçı hakimiyyətə hüquq verilməsi ilə Gürcüstan Parlamenti tərəfindən hakimiyyətə müvafiq şəraitlərlə tam hüquq verilməsini nəzərdə tutur. Nəticədə hökumət pandemiya dövründə istədiyi məhdudiyyəti tətbiq edə bilərdi. Faktiki olaraq, qanunverici orqan koronavirusun qarşısının alınması məqsədi ilə tətbiq edilmiş məhdudiyyətlərin müzakirəsindən imtina etdi. Məsuliyyəti tamamilə icraçı hakimiyyətə təhvil verdi.

Konstitusiya Məhkəməsinin hakimləri: soldan dördüncü - Teimuraz Tuğuşi

Teimuraz Tuğuşi təsdiq edir ki, fors-major əsas hüquqların məhdudlaşdırılmasının davamlılığını və onların pozulması təhlükəsini artırır. Müvafiq olaraq, o, pandemiya, yaxud başqa qeyri-adi vəziyyətlərdə Konstitusiya Məhkəməsinin vaxtında qərar verməsini mühüm hesab edir. Ancaq, o, qeyd edir ki, işlərin müzakirəsinin vaxtının uzadılmasının obyektiv bir açıqlaması var.

“Hər işlə bağlı qərar verərkən Konstitusiya Məhkəməsi bir sıra hüquqi, yaxud faktiki vəziyyətləri araşdırmalı, onları dəyərləndirməli və əsas hüquqların müdafiəsinin mühüm standartlarını müəyyən etməlidir. Bunlar hamısı isə Konstitusiya Məhkəməsinin qərarlarının təsdiqlənmə dərəcəsi, yaxud işin müzakirəsi nəticəsinə təsir göstərə biləcək hər hansı vəziyyətin müzakirədən kənar qalmaması üçün obyektiv şəkildə müəyyən vaxt tələb edir.”

Azadlıq İnstitutunun hüquqşünası Qvantsa Kvaratsxelia Konstitusiya Məhkəməsinin hakiminin bu arqumenti ilə razılaşmır. O, hesab edir ki, koronavirus zamanı tətbiq edilmiş məhdudiyyətlərlə bağlı işlərin Konstitusiya Məhkəməsi tərəfindən uzadılması şikayətçilərin hüququnun qorunmasından imtina etmək deməkdir.

“Qanunverici orqanın zəifliyindən və hökumətin davamlı məhdudiyyətlərindən sonra şikayətçilərin yeganə rıçaqı Konstitusiya Məhkəməsi idi. Konstitusiya Məhkəməsi bu işləri dərindən müzakirə etmək üçün bu öhdəlikdən imtina etdi. Çünki, biz görürük ki, Avropada müxtəlif məhkəmələr kovid məhdudiyyətləri ilə bağlı qərarları vaxtında qəbul edirlər.”

Qiorqi Çauçidze özünün “havada qalmış” işi ilə bağlı qərar gözləyərkən, ölkədə yoluxma sayı artır. 30 iyul tarixinə olan məlumatlara görə, Gürcüstanda koronavirusa 2 172 yeni yoluxma qeydə alınıb. Bu vəziyyətdə dövlət, ola bilsin, yenidən müxtəlif məhdudiyyətlər tətbiq etsin. Şikayətçi Qiorqi ola bilsin ki, yenidən bağlanacaq Marneulidə qalsın, ağır xəstə anası üçün dərman almağa çıxmış Marneulili kişini yenidən cərimələsinlər. Xəstəxanaya gedən, pis vəziyyətdə olan adama qarşı da belə hərəkət edə bilərlər və buna görə heç kim məsuliyyət daşımır. Konstitusiya Məhkəməsində olan insan hüquqları müdafiəsinin yeganə rıçaqı qərar qəbul etməkdir. Qiorqi Çauçidze ümidini itirmir, azadlığın belə kiçik nümunəsi də olsa, bunu öz şagirdlərinə göstərir.

"Marneuli" Radiosu
Print