17 oktyabr tarixində Gürcüstanda 18 Oktyabr - Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyinə
həsr olunan marafon keçirildi.
300-ə yaxın iştirakçının iştirak etdiyi marafon saat 10:00-da
Tbilisidə yerləşən Heydər Əliyev adına parkdan start götürdü.
İştirakçılar 30 kilometrlik məsafə qətt edərək Rustavi şəhərinin
Heydər Əliyev parkının yaxınlığında yerləşən finiş xəttini birinci
keçmək uğrunda mübarizə apardılar.
Finiş xəttini ilk Gürcüstan vətəndaşı olan 29 yaşlı Daviti
Xarazişvili keçdi. Qadınlar arasında isə Ketevan Samosonadze finişi
ilk keçən marafonçu oldu
Səkkiz ölkədən olan vətəndaşların qatıldığı marafonda kişi və qadın
katerqoriyalarında ilk üç yeri tutan iştirakçılara pul mükafatı və
kuboklar təqdim olundu. Finişə çatan marafonun hər bir iştirakçısı
sertifikatlarla təltif edildilər. Marafonun ən yaşlı qadın və kişi
iştirakçısına da hədiyyələr verildi.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev,
Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya,
Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Gürcüstan
Parlamentinin üzvü Zaur Darğallı, Kvemo Kartli qubernatorunun
müavini, Rustavi merinin əvəzedicisi və digər rəsmi şəxslər iştirak
edirdilər.
Mərasim çərçivəsində parkda Azərbaycan mədəniyyətinə xas nümunələr
də sərgiləndi.
Qeyd edək ki, marafon Azərbaycan Respublikasının Gürcüstandakı
səfirliyi, SOCAR-ın Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş
Adamları Assosiasiyası (AZEBİ), Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin nəzdində fəaliyyət göstərən Xırdalan Musiqi Məktəbi,
Bakı Marafon Klubu, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi
(GAİB) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti
Muzeyinin birgə təşkilatçılığı ilə təşkil edilib.