Yaşı məktəbə düşməyən uşaqlar məktəbəqədər hazırlıq qruplarına gedə
bilərlər.
Bunun üçün də artıq qeydiyyat başlayıb.
Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmovun
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, Marneuli
bələdiyyəsində məktəbəqədər hazırlıq qrupları həm şəhərdə, həm də
kəndlərdə var.
“Məktəbəqədər hazırlıq qrupları Marneuli bələdiyyəsinin
Qasımlı, Ulaşlı, Qaçağan, Dəmyə Görarxı, Ağammədli, Kirəç-Muğanlı,
Keşəli, Dəmyə kəndlərində və Marneuli şəhərinin iki məktəbində var.
Şəhərdə biri 4 saylı ictimai məktəbdədir. Burada 2 gürcüdilli və 2
rusdilli qrup var. Candar məktəbində isə 2 azərbaycandilli qrupumuz
fəaliyyət göstərir. Artıq bunlara da qeydiyyat başlayıb və
valideynlər müraciət edə bilərlər. Əgər uşaq bağçaya gedirsə və 5
yaşı tamam olubsa, o uşaq avtomatik hazırlıq qrupuna göndəriləcək.
Bunun üçün valideynlər ərizə yazaraq hansı qrupa istəyirlərsə, ora
yazdıra bilərlər. Bağçaya getməyən uşaqlar isə müvafiq sənədlər
toplanaraq qeydiyyatdan keçirilməlidir.”
Kərəmov hansı uşaqları bağçalarda saxlanıla biləcəyi ilə bağlı da
danışdı.
“Hansı uşaqların valideynləri işləyir, sosial yardım
alır və ya evdə fiziki qüsurlu şəxslər varsa, o zaman həmin
uşaqları bağçada saxlaya bilərik. Bunun üçün isə iş yerindən və
aztəminatlı olduğunu təsdiq edən sənəd təqdim
olunmalıdır.”
Qeyd edək ki, Marneuli bağçalarına qeydiyyatın birinci mərhələsi
iyun ayının 1-dən başlayıb və iyunun 30-a qədər davam edəcək.
İkinci mərhələ isə avqustun 21-dən sentyabrın 1-ə qədər olacaq.
Qeydiyyat prosesi həftə içi hər gün saat 9:00-dan 17:00-a kimi
davam etdirilir.