Marneulinin 5 məktəbi Niko Ketsxoveli məktəbi mükafatının yarımfinalına çıxıb
Marneulinin 5 məktəbi Niko Ketsxoveli məktəbi mükafatının yarımfinalına çıxıb. Birinci yerə Marneulinin Roman Zoidze adına 1 saylı ictimai məktəbinin “Aydınlatma” Eko-klubu çıxıb. “Temida” vətəndaş klubunun və “Aydınlatma” Eko-klubunun rəhbəri Dali Kekelidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar üçün Kvemo Kartli miqyasında birinci yerə çıxmaq finala çıxmağa bərabərdir və o, ümid edir ki, mükafat qazanacaqlar. Pedaqoqun sözlərinə görə, layihəyə qoşulduqları gündən dəfələrlə ətraf mühitin mühafizəsi istiqamətində tədbirlər həyata keçiriblər. Onlar bu dövr ərzində 4740 “ting” (xal) toplayıblar.

“Bizim komanda ətraf mühitin mühafizəsi işləri və keyfiyyətli təhsil ilə yalnız məktəb ictimaiyyətinin deyil, eləcə də icma sakinlərinin məlumatlandırılması baxımından mülki fəallığın, yaxud ekoloji dəyərlərin yüksəldilməsinin qayğısına qalır. Bizim “Mənim təmiz kəndim” layihəmiz çərçivəsində 7 kəndə getdik və gənclərlə məlumatlandırıcı görüşlər keçirirdik, birgə təmizlik işləri aparır və ya yaşıllaşdırma aksiyaları həyata keçirirdik. Bizim üçün müsabiqənin yarımfinalında olmaq çox mühümdür. Öz uğurlarımızı, təcrübəmizi başqaları ilə bölüşəcəyik. Eləcə də motivasiya üçün şagirdlərin əmək və arzularının qiymətləndirilməsini istəyirdik. Sizdən gizlətmirəm, finalda iştirak etməyi də istəyirik, əgər mükafata layiq yer qazansaq, çox xoşbəxt olarıq. Yenə də həmin vəsaiti öz məktəbimizin və icmamızın mühitini qorumaq üçün sərf edərdik”, – Dali Kekelidze bildirir.

Müsabiqədə ikinci yerə Marneuli 2 saylı ictimai məktəbinin “Bizim Gələcəyimiz üçün” vətəndaş və Eko-klubu çıxıb. Eko-klub üzvləri 4170 “ting” toplayıblar. Bu Kvemo Kartli miqyasında ikinci nəticədir. Pedaqoq və həmin klubun qəyyumu Temur Suğaşvili ümid edir ki, finala da çıxacaqlar.

“Marneuli şəhər 2 saylı ictimai məktəbinin bazasında yaradılmış vətəndaş klubu 2017-ci ildən fəaliyyət göstərir. Klub işlərinin əsas istiqamətlərindən biri həmişə ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlər olub. Niko Ketsxoveli mükafatını bir neçə ildir, müşahidə edirəm. Həmkar müəllimlərdən bilirdim ki, bu müsabiqə məktəb bazasında (lokal səviyyədə) davamlı inkişaf prinsiplərinin tətbiq edilməsinə necə dəstək olur. Ötən il mənim iki dostumun, həmkarımın məktəbi qalib oldu. Məhz bu mənim üçün əlavə motivasiya mənbəyi oldu. Marneuli 2 saylı məktəbin bazasında olan kluba ayrıca Eko-klub komponenti əlavə etdik və qeyd olunan müsabiqəyə qoşulduq. Bizim Eko-klubun üzvləri davamlı inkişafa nail olmaq üçün 175 tədbir həyata keçirdilər. Nəticədə 4170 xal topladıq. Bütün məktəb davamlı inkişafa nail olmağa istiqamətlənmiş tədbirlərə qoşulmuşdu. Bu dövrdə biz resurslardan ikinci dərəcəli istifadəni təşviq etdik, məktəbdə yeni məkanlar açdıq, Eko-gəzintilər təşkil etdik, Algeti çayının vadisini təmizlədik və s. Niko Ketsxoveli mükafatına qoşulmağımız bizə göstərdi ki, Yer kürəsini qorumaq, resurslar toplamaq, eko-dostluq tədbirləri həyata keçirmək heç də əlçatmaz deyilmiş. İndi bizi yarımfinal gözləyir, burada eko-klublar jüri qarşısında təqdimatla iştirak edəcəklər və gördükləri işlər haqqında danışacaqlar”, – Temur Suğaşvili bildirir.

Qeyd olunan məktəblərdən əlavə müsabiqənin yarımfinalında Marneulinin Maradisi kənd ictimai məktəbi, Qasımlı və Araflı ictimai məktəbləri də iştirak edirlər.

Gənclər üçün Ətraf Mühitin Mühafizəsi müsabiqəsi – Niko Ketsxoveli mükafatı – 2015-ci ildə CENN tərəfindən, “Gürcüstanda meşənin davamlı idarə edilməsi” layihəsi çərçivəsində, Avstriya İnkişaf Əməkdaşlığının/Austrian Development Cooperation maddi dəstəyi ilə təsis edilib.

Müsabiqənin əsas məqsədi məktəb şagirdlərinə davamlı inkişaf məqsədləri haqqında məlumat vermək və təbii, sosial mühitin yaxşılaşdıırlması üçün öz əlləri ilə dəyişikliklərin edilməsi imkanlarını göstərməkdir. Müsabiqəyə qoşulmuş şəxslər özləri davamlı inkişaf prosesinin iştirakçısı olurlar.

Print Email
FaceBook Twitter Google