Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq planı imzalanıb.
Noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə
naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə
naziri Cuanşer Burçuladze arasında ikitərəfli görüş keçirilib.
Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən
görüşdə qonaqları salamlayan general-polkovnik Zakir Həsənov onları
Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Müdafiə
naziri Azərbaycan ilə Gürcüstan arasında
əlaqələrin inkişafında
dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi
vurğulayıb. Bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də
əlaqələrimizin daha da güclənərək inkişaf etdiyini qeyd edib.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən cənab Cuanşer
Burçuladze Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası
ilə əlaqədar həmkarına təbriklərini çatdırıb. Qarşılıqlı
səfərlərin, bu cür görüşlərin ölkələr arasında əməkdaşlığın yüksək
səviyyəsinin bariz nümunəsi olduğunu bildirib.
Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın inkişaf
perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin
intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi
aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi
bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb.
Sonra tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması,
hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf
perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri
ətraflı müzakirə edib.
Görüşün sonunda Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri
arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı
imzalanıb.