Gürcüstan hökumətinin qərarına əsasən, Tbilisi Nəqliyyat Şirkətinə
“Dünya Bankı”nın müəyyən etdiyi prosedurlar çərçivəsində metro
infrastrukturu avadanlıqlarının - 97 vaqonun və təlim trenajorunun
dövlət satınalınmasını həyata keçirmək hüququ verilib.
Satınalma dövlət büdcəsindən 205 milyon avro (ƏDV-siz) çərçivəsində
həyata keçiriləcək.
Ötən ilin sonunda Tbilisi meri Kaxa Kaladze elan etmişdi ki,
mərkəzi hökumətlə birlikdə metro vaqonlarının mərhələli şəkildə
dəyişdirilməsi barədə qərar qəbul edilib. Onun sözlərinə görə,
metro vaqonlarının hərəkət resursları müəyyən müddətdən sonra
tükənir və dəyişdirilməlidir.
“Sözügedən vaqonun istismar müddəti başa çatdıqda yeni
metro vaqonları gələcək. Hansı firma olacağına gəlincə, hələ ki,
tender elan olunmadığı üçün buna hələ cavabım yoxdur. Biz qiymət
araşdırmasına başlamışıq, ondan sonra satınalma üçün tender elan
edəcəyik", - Kaxa Kaladze elan edib.