15 mart tarixində, “Marneuli və Bolnisi bələdiyyələrində
hüquq-mühafizə və məhkəmə sistemi haqqında ictimaiyyətin
məlumatlandırılması” layihəsi çərçivəsində Mülki Məşğulluq və
Aktivizm Mərkəzinin
(CEAC) təşkilatçılığı ilə Marneuli Mülki Məşğulluq Mərkəzində hüquq
müdafiə və məhkəmə sistemində etnik azlıqların qarşısında duran
problemlərlə bağlı müzakirə baş tutub.
Mülki Məşğulluq və Aktivizm Mərkəzinin rəhbəri Rəşan Ziyadəliyev
bildirir ki, ictimaiyyətin məlumatlandırılma səviyyəsi mühüm
problemdir, həmçinin, ədalətin əlçatanlığı və hüquq-mühafizə
orqanları ilə ünsiyyət baxımından daha ciddi problemlər var. Bu dil
maneəsi, dövlət institutlarında olan müxtəlif çatışmazlıqlardan
yaranır.
“Görüşün əsas məqsədi regionda mövcud olan əsas
problemin davamlılığını təhlil etmək idi. Etnik azlıqlar məhkəmə və
polislə ünsiyyət zamanı hansı problemlər qarşısında dururlar. Mühüm
problemlərdən biri dil maneəsi, eləcə də məlumatsızlıqdır. Bu
müzakirə nəticəsində kiçik sənəd hazırladıq, öz fikirlərimizi
yazdıq və müxtəlif layihələr çərçivəsində problemin
advokatlaşdırılmasını daha effektiv müzakirə etməyi nəzərə
alacağıq”, – Rəşan Ziyadəliyev bildirir.
İctimai müzakirədə Xalq Müdafiəçisi və vətəndaş cəmiyyəti
nümayəndələri, siyasi partiya üzvləri, mülki aktivistlər və gənclər
iştirak edirdilər.
İctimai müzakirə “Marneuli və Bolnisi bələdiyyələrində
hüquq-mühafizə və məhkəmə sistemi haqqında ictimaiyyətin
məlumatlandırılması” layihəsi çərçivəsində keçirilib. Layihə Avropa
İttifaqı tərəfindən maliyyələşdirilən “Gürcüstanda hüquq
müdafiəsinin monitorinqi və advokatlaşdırma imkanlarının
gücləndirilməsi” layihəsi çərçivəsində əldə olunmuş qrantla həyata
keçirilir.