Bakı Moskvaya nota verdi
İyulun 6-da Rusiya Federasiyasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüş zamanı Ukraynanın Nikolayev vilayətində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə bağlı Rusiyaya rəsmi etiraz notası təqdim olunub.

Azərbaycan tərəfi əvvəllər Odessadakı neft bazasına və qazpaylayıcı kompressor stansiyasına edilən hücumları da xatırladıb. Bu zərbələr nəticəsində şirkətə ciddi
maddi ziyan dəydiyi və əməkdaşlar arasında yaralananların olduğu səfirin diqqətinə çatdırılıb.

Nazirliyin açıqlamasında vurğulanıb ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hücumların təkrarlanması onların məqsədyönlü xarakter daşıdığını göstərir.

"Görüşdə həmçinin Kiyevdəki səfirliyimizin və Xarkov şəhərində yerləşən Fəxri Konsulluğun binalarının zərər gördüyü bir neçə hava zərbələrinə diqqət yönəldilib",
– məlumatda əlavə edilib.

Azərbaycan tərəfi Rusiyanı bütün bu hadisələrlə bağlı hərtərəfli araşdırma aparmağa çağırıb.

Hələlik Rusiya tərəfindən bu açıqlamaya rəsmi münasibət bildirilməyib.

+++

Rusiya ordusunun Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirməsi nəticəsində dəyən ziyan müəyyənləşdirilir. Bu barədə Azərbaycanın rəsmi AZƏRTAC agentliyi məlumat yayıb.

"SOCAR Energy Ukraine" şirkətindən verilən xəbərə görə, iyulun 5-də axşam saatlarında Nikolayev vilayətində yerləşən obyektə dron hücumu olub və ərazidə güclü partlayış baş verib.


Bu, Rusiyanın Ukraynadakı Azərbaycan obyektlərinə ilk zərbəsi deyil. Ötən ilin noyabrında Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Bakıdakı səfiri Mixail Yevdokimovu çağıraraq ona etiraz notası təqdim etmişdi. Buna səbəb Kiyevə endirilən zərbələr zamanı "İskəndər" tipli raketlərdən birinin Azərbaycan səfirliyinin ərazisinə düşməsi idi.

XİN həmçinin 2025-ci il avqustun 8-i və 18-də Odessa vilayətində SOCAR-ın neft bazasına edilən dron hücumlarını da xatırlatmışdı. Həmin vaxt şirkət əməkdaşları xəsarət alıb, infrastruktura isə böyük həcmdə ziyan dəyib.

Rusiya 2022-ci ilin fevralından bəri Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir. Bu müddət ərzində hər iki tərəfdən yüz minlərlə insan həlak olub, milyonlarla ukraynalı isə qaçqın durumuna düşüb.

Rusiya Kiyevə yenidən kütləvi zərbələr endirib, həlak olanlar var
Rusiya ordusu iyulun 6-na keçən gecə Kiyev və ətraf vilayətə kütləvi zərbələr endirib. Son məlumatlara görə, hücum nəticəsində 11 nəfər həlak olub, onlarla insan yaralanıb. Bu, son günlərdə Ukrayna paytaxtına endirilən artıq ikinci irimiqyaslı zərbədir.

Rusiya tərəfi iddia edir ki, "hücum zamanı Kiyev və ətrafındakı hərbi sənaye müəssisələri, yanacaq-energetika obyektləri, habelə Dnepropetrovsk, Poltava, Çerkası, Çerniqov və Kiyev vilayətlərindəki hərbi aerodromların infrastrukturu vurulub".

Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaşenkonun sözlərinə görə, təkcə paytaxtda 10 nəfər ölüb, 46 nəfər xəsarət alıb. Hazırda 20-dən çox məkanda dağıntıların fəsadları aradan qaldırılır.


Ümumilikdə 15 yaşayış binasına ciddi ziyan dəyib və ya tamamilə dağılıb. Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Podolsk rayonunda doqquzmərtəbəli binanın uçmuş yuxarı mərtəbələrində (5-9-cu mərtəbələr) xilasetmə işləri aparılır. Dağıntılar altında hələ də insanların qaldığı ehtimal olunur.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə ərzində Rusiyanın 68 raketindən 38-i, 351 pilotsuz uçuş aparatından isə 326-sı məhv edilib və ya zərərsizləşdirilib. Bu rəqəmləri təsdiqləyən müstəqil mənbə yoxdur.

Rusiyanın iyulun 2-nə keçən gecə Kiyevə endirdiyi əvvəlki zərbə zamanı 31 nəfər həlak olmuş, yüzdən çox insan yaralanmışdı.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google