Rusiya iyulun 8-dən dizel ixracını qadağan edib və yaxın vaxtlarda
ölkəyə xaricdən neft məhsullarının idxalına başlayacaq.
Bu barədə Baş nazirin müavini Aleksandr Novak prezident Vladimir
Putinin rəhbərliyi ilə keçirilən hökumət iclasında məlumat
verib.
İclas Ukrayna ordusunun neft emalı zavodlarına (NEZ) zərbələri
səbəbindən Rusiyada yaranan yanacaq qıtlığına həsr olunub. Novakın
sözlərinə görə,
"bazarda vəziyyət qismən sabitləşsə də,
mürəkkəb olaraq qalır".
Hücumlar nəticəsində bir neçə zavodun zədələndiyini deyən Novak
əlavə edib ki, problemi yoluna qoymaq üçün mövcud müəssisələr tam
güclə işlədilir, ehtiyatlar bazara çıxarılıb, cari təmir
sürətləndirilib, planlı işlər isə təxirə salınıb.
Rəsmi Moskva bundan əvvəl benzin və aviasiya kerosininin də
ixracına qadağa qoymuşdu.
İndi Rusiyanın, demək olar ki, hər yerində yanacaq satışına
məhdudiyyətlər qoyulub. Yanacaqdoldurma məntəqələrində uzun
növbələr yaranır, benzinin qiyməti isə sürətlə artır.
Prezident Putin iclasda ölkədə kiçik neft emalı zavodlarının
(mini-NEZ) sayının artırılması ideyasını dəstəkləyib. Onun
fikrincə, Ukrayna PUA-larının bu növ kiçik obyektləri hədəf alması
daha çətin olacaq. "Bu təklif nəzərə alınmalı və kiçik, eləcə də
orta biznesin yanacaq istehsalı sahəsinə cəlb edilməsi mümkün qədər
tez təmin olunmalıdır", –Putin bildirib.
"Nastoyaşeye Vremya" layihəsinin araşdırmasına görə, artıq
Rusiyanın məşhur "Avito" elan saytında mini-NEZ satışı barədə
elanlar peydə olub. Qiymətlər bir milyon rubldan (22 min 280 AZN)
başlayır. Elanların birində iddia edilir ki, bu cihazlar sutkada
500 litrdən 200 kubmetrə qədər neft emal edə, həmçinin mazut və
işlənmiş yağları təkrar emaldan keçirə bilir. Amma saytda bu
texnikaya dair hələlik heç bir istifadəçi rəyi yoxdur.
Rusiya Hindistandan benzin daşıyır, Qırğızıstan Azərbaycana
üz tutur
"Reuters" agentliyinin sahədəki etibarlı
mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya daxili bazarda
yaranmış yanacaq qıtlığı səbəbindən Hindistandan dəniz yolu ilə
benzin idxalına başlayıb.
Mənbələrdən biri bildirib ki, Hindistandan artıq ən azı 60 min
metrik ton benzin yüklənərək göndərilib. Digər mənbə isə deyir ki,
hər birində 30–40 min ton yanacaq olan iki tanker hazırda Rusiyaya
doğru yoldadır.
Başqa bir mənbənin sözlərinə görə, Rusiya müxtəlif ölkələrdən aylıq
ümumilikdə 400 min ton benzin idxalını planlaşdırır. Bu siyahıya
hazırda Rusiyaya yanacaq tədarük edən Belarus da daxildir.
Hindistan özü Rusiya xam neftinin ən böyük alıcılarından biridir.
İyun ayında bu ölkənin Rusiyadan neft idxalı sutkada 2.7 milyon
barelə çatmaqla rekord səviyyəyə yüksəlib və Hindistanın ümumi neft
idxalının yarıdan çoxunu təşkil edib.
Prezident Vladimir Putin etiraf edib ki, Ukrayna dronlarının neft
emalı zavodlarına endirdiyi zərbələr bəzi regionlarda yanacaq
çatışmazlığına səbəb olub. O, problemin həlli üçün lazımi
tədbirlərin görüldüyünü vurğulayıb.
İyulun 1-də isə məlum olub ki, yanacağın 90 faizdən çoxunu
Rusiyadan alan Qırğızıstan da tədarükü şaxələndirmək üçün
Azərbaycan, Qazaxıstan, Belarus və digər ölkələrlə danışıqlara
başlayıb.
Rusiya digər ölkələrdən yanacaq idxalı ilə bağlı danışıqlar
aparır
Rusiya digər ölkələrlə neft məhsullarının mümkün idxalı barədə
danışıqlar aparır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri
Peskov bəyan edib. O bildirib ki, tərəflər münasib qiymətlər barədə
razılığa gələrlərsə, Moskva xaricdən yanacaq idxal etməyə
hazırdır.
Kreml rəsmisi danışıqların məhz hansı ölkələrlə aparıldığını
dəqiqləşdirməyib.
"Təmaslar davam edir. Münasib qiymətlərlə bağlı razılıq
əldə olunarsa, bu proses baş tutacaq. Bu, bazarı sabitləşdirmək
yolunda növbəti addım olacaq və yaranmış ajiotajlı tələbatı aşağı
salmağa yönəlib", – Peskov vurğulayıb.
İyunun 24-də "Reuters" agentliyi Rusiyanın təxminən 50 min ton
"Aİ-92" markalı benzin tədarükü ilə bağlı Qazaxıstana müraciət
etdiyini xəbər vermişdi. O zaman Astana danışıqlar faktını rəsmən
təkzib etmiş, Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov
Moskvadan rəsmi sorğu daxil olmadığını bildirmişdi.
Agentliyin məlumatına görə, Rusiyada benzin istehsalı ötən illə
müqayisədə təxminən dörddə bir qədər azalıb. Rusiya rəsmiləri
idxalla yanaşı, yanacaq ixracına məhdudiyyət qoyulması və neft
emalı zavodları üçün subsidiyaların artırılması variantlarını da
nəzərdən keçirirlər. Moskva artıq daxili bazar üçün benzin və
dizelin keyfiyyət tələblərini yumşaldıb, həmçinin yanacağın dəniz
yolu ilə çatdırılması imkanlarını araşdırır.
Reuters': Rusiya Qazaxıstandan benzin idxalı ilə bağlı
danışıqlar aparır
Rusiya Qazaxıstanla 50 min ton AI-92
markalı benzinin idxalı barədə danışıqlar aparır. Bu barədə
"Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Rusiyada benzin istehsalı illik
müqayisədə 25 faiz azalıb. Buna baxmayaraq, mənbələr tədarük
həcminin yüksək olacağını ehtimal etmirlər. Qazaxıstanda benzin
profisiti (artıqlığı) olsa da, iyun-iyul aylarındakı planlı təmir
işləri ölkənin ehtiyatlarını azaldacaq. Belə ki, iyulun
ortalarınadək Atırau Neft Emalı Zavodunda texniki işlərin
aparılması planlaşdırılır.
Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Senatdakı
çıxışında bildirib ki, Rusiyadan benzin tədarükü ilə bağlı heç bir
rəsmi sorğu daxil olmayıb. Rusiya Energetika Nazirliyi isə hələlik
məsələyə münasibət bildirməyib.
Qazaxıstanda yanacaq istehsalının həcmi Rusiyadan xeyli az olduğu
üçün ekspertlər bu tədarükün vəziyyəti köklü şəkildə dəyişəcəyinə
şübhə ilə yanaşırlar.
Rusiya rəhbərliyi daxili bazarı sabitləşdirmək üçün yanacaq
ixracının məhdudlaşdırılması, neft emalı zavodlarına subsidiyaların
artırılması və idxalın təşkili kimi bir sıra tədbirləri nəzərdən
keçirir.
Eyni zamanda daxili bazar üçün yanacağın keyfiyyət standartları
yumşaldılıb və dəniz yolu ilə tədarük imkanları araşdırılır.
Qazaxıstan tərəfdən potensial tədarükçü kimi Rusiyanın "TANEKO"
zavodunun xammalı ilə işləyən "Kondensat" şirkəti çıxış edə
bilər.
Mənbələrdən birinə görə, sövdələşmə barter yolu ilə ola bilər.
İyulda həm daxili tələbat artacaq, həm də Rusiya ixracı azalacaq
ki, bu da Qazaxıstanda aviasiya yanacağı ehtiyatlarının azalmasına
gətirib çıxaracaq. Buna görə də Astana benzini Rusiya aviayanacağı
ilə dəyişməkdə maraqlıdır.
Dron hücumları Rusiyanı yanacaq qıtlığına gətirdi:
Regionlarda benzinə limit qoyulur
Ukrayna dronlarının
neft emalı zavodlarına hücumları fonunda Rusiyada kəskin yanacaq
qıtlığı yaranıb. Tədarükdəki fasilələr və ajiotaj səbəbindən Omsk,
İrkutsk, Voronej, Saratov, Vladimir vilayətlərində və ilhaq edilmiş
Krımda yanacaq satışına limitlər tətbiq olunur.
Omskda bir maşına maksimum 40 litr benzin verilir, Voronejdə isə
"Lukoil" şəbəkəsində bu rəqəm cəmi 30 litrdir. Krımda isə Kerç
boğazındakı logistika qovşağına endirilən zərbədən sonra benzin
satışı tamamilə dayandırılıb.
Federal Antiinhisar Xidməti "möhtəkirliyin qarşısını almaq
məqsədilə" onlayn platformalarda da yanacaq satışını qadağan
edib.
"Reuters" agentliyinin məlumatına görə, Rusiyada gündəlik benzin
istehsalı ötən ilin iyunu ilə müqayisədə 25 faiz azalıb. Yay
mövsümündə daxili tələbatın minimum həddi sutkada 110 min ton
olduğu halda, istehsal 90 min tona düşüb. Qubernatorlar regionlarda
yanacaq bölgüsünün "əl ilə idarə" rejiminə keçdiyini deyirlər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.