Xəbərlər
Donald Trump Şimali Koreya ərazisinə ayaq basmış ilk ABŞ prezidenti oldu
FOTO: REUTERS


ABŞ prezidenti Donald Trump bazar günü Şimali və Cənubi Koreyalar arasında mövcud olan hərbisizləşdirilmiş zonada Şimali Koreya prezidenti Kim Jong-un-la görüşüb.


İki ölkə liderləri arasında bu məkanda görüş tarixdə ilk dəfə baş tutub.

Donald Trump eləcə də Şimali Koreya ərazisinə baş çəkmiş ilk ABŞ prezidenti olub.

İki prezident arasında görüş əlsıxma mərasimindən başlayıb, bundan sonra Donald Trump demarkasiya xəttini keçərək Şimali Koreya ərazisinə ayaq basıb. O, Şimlai Koreya torpağında bir neçə addım etdikdən sonra iki lider arasında daha bir, bu dəfə Şimali Koreya ərzisində əlsıxma mərasimi keçirilib.

Bundan sonra Donald Trump və Kim Jong-un demilitarizasiya olunmuş zonanın cənub hissəsinə yollanıblar

Jurnalistlərlə söhbətdə Trump bəyan edib ki, sərhədin rəmzi olaraq keçilməsi onda "böyük qürur hissi yaradıb".

"Prezident Trump indicə demarkasia xəttini keçdi. Bu isə o deməkdir ki, o, bizə baş çəkən ilk [ABŞ] prezidentidir. Bu, onun firavan gələcək üzərində işləmək arzusunun ifadəsidir", - Şimali Koreya prezidenti Kim Jong-un deyib.

Tərəflər arasında danışıqlar keçirildikdən sonra Donald Trump Şimali Koreya liderinə təşəkkürünü bildirib.

"Ona təşəkkürmü bildirmək istəyirəm. Sosial şəbəkələrdə dəvətimi yerləşdirəndən sonra o, görüşə gəlməsəydi, mətbuat məni bir təhər edəcəkdi", - Trump deyib.

Donald Trump Şimali Koreya rəhbəri Kim Jong-un-u ABŞ-a rəsmi səfərə gəlməyə dəvət edib.

Görüş bitəndən sonra Trump və Cənubi Koreya prezidenti Moon Jae-in Şimali Koreya lideri Kim Jong-un-u demarkasiya xəttinə qədər yola salıblar.

Mənbə: BBC
FaceBook Twitter Google