Tarixçi-alim Kərəm Məmmədovun Gürcüstana girişinə icazə verilmədi
Əslən Gürcüstandan olan tarixçi-alim Kərəm Məmmədovun Gürcüstana girişinə yenə icazə verilməyib. Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı o, özü verdi. Məmmədovun sözlərinə görə, 23 iyul tarixində Azərbaycan-Gürcüstan sərhəd buraxılış məntəqəsində gürcü sərhədçilər onun Gürcüstanda “arzuolunmaz şəxs” elan olması səbəbi ilə Gürcüstana girişinə qadağa qoyulduğunu bildiriblər və ölkəyə girişinə icazə verməyiblər.

“2017-ci ildə Gürcüstana getdiyimdə məni buraxmadılar və dedilər ki, siz “arzuolunmaz şəxs”siniz. O zaman mənə heç bir sənəd təqdim etmədilər. Daha sonra bu ilin mart ayında Anam rəhmətə gedəndə və aprel ayında 40 mərasimində iştirak etdim. O zaman heç bir problemlə qarşılaşmadım. Amma indi gedəndə məni Gürcüstana buraxmadılar və mənə kağız verdilər. Həmin kağızda buraxılmamağım haqda yeddi bəndlik yazı var idi. Onların altısı uyğun gəlmir və yeddincidə isə yazılıb ki, digər səbəblər. Sadəcə digər səbəblərə işarə qoyulub. O digər səbəb nədir, o da bəlli deyil”, – Kərəm Məmmədov dedi.

Məmmədov onu da əlavə etdi ki, bu barədə Azərbaycan hökumətinə, eyni zamanda beynəlxalq qurumlara, o cümlədən Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.

Xatırladaq ki, antropoloq, tarixçi-alim Kərəm Məmmədov Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiridir.

Print Email
FaceBook Twitter Google