ürkiyədə repçi Şanışer-in 17 ifaçı
ilə birlikdə #Susamam (Susa bilmərəm) mahnısına çəkdirdiyi 14
dəqiqə 55 saniyəlik klip sosial mediada məşhurlaşıb.
Klipdə Türkiyədə ətraf mühit, qadın haqları, heyvan haqları,
ədalət, hüquq və tıxaclar kimi ictimai əhəmiyyət daşıyan
mövzulardan bəhs edilir.
#Susamam klipi ilə yanaşı, rep dünyasında tanınmış daha iki nəfər,
Ezhel və Ceza, ictimai mövzularda kliplər paylaşıblar.
Klip YouTube-a ötən gecə yüklənib, 12 saat ərzində videoya baxış 2
milyondan çox olub.
Twitter-də isə #Susamam həşteqi 300 mindən çox tvitlə dünya
trendlərinə düşüb. Google axtarış saytında Şanışer, #Susamam və
digər repçilərin adları dəfələrdə axtarılıb.
Klipdə iştirak edənlərdən biri, Kamufle BBC Türkcəyə müsahibəsində
deyib ki, Şanışer ona zəng edərək 20 ifaçının 20 fərqli ictimai
mövzuda mahnı hazırlamasını təklif edib.
Kamufle deyir ki, onlar mahnı üzərində iki ay işləyiblər.
Mövzular bəlli olan kimi, ifaçılar öz seçdikləri mövzu üzrə sözlər
yazdılar və kliplər çəkildi.
Sonda bütün klipləri birləşdirən Şanışer olub.
Kamufle deyir ki, əsas məqsəd mövcud problemləri dilə gətirmək,
məlumatlılığı artırmaqdır.
"Əslində gündəlik həyatımızda bu səbəblərdən yaranan məsələlərdən
agah olaraq həlli tapılmayan, dalana girən bir dialoq içində
oluruq. Fərqindəlik yaratmaqdır məqsədimiz. Bir çox məsələlərə
toxunduq. Belə şeylər var idi, belə şeylər baş verir, onların
fərqindəyik. Belə şeylər baş verməkdə davam edir. Görəsən niyə
davam edir? Sənin ucbatından, yoxsa mənim? Məqsədimiz bunu
düşündürmək, başlarda işıq yandırmaqdır", Kamufle bildirib.
Mənbə: BBC