Azərbaycanda tibbi maskaları qanunsuz satdığına görə bir neçə nəfər həbs edilib və bir milyondan çox maska müsadirə olunub
14:01 / 09.03.2020
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə
ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə
edərək
bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını
həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə
hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı kompleks
əməliyyat tədbirləri həyata keçirilib.
Azərbaycan Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə,
tədbir zamanı yaranan vəziyyətdən sui-istifadə edərək qanunsuz
yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət
göstərən, içərilərində xarici ölkə vətəndaşları da olan bir neçə
dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb.
Belə ki, əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşları
Bahadur Davud, Moenifard Seyidməhəmməd, Saviz Amiryusif külli
miqdarda tibbi maskaları satmaq istəyən zaman tutulublar. Həmçinin,
Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Çin
Xalq Respublikasının vətəndaşları Yang Kun və Yiming Liunun ölkədən
qaçaqmalçılıq yolu ilə öz vətənlərinə göndərmək məqsədilə tədarük
etdikləri külli miqdarda tibbi maskalar onların Bakı şəhəri Yasamal
rayonunda kirayədə yaşadıqları mənzildən aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Çin vətəndaşlarını külli
miqdarda tibbi maska ilə təmin etməkdə şübhəli bilinən paytaxt
sakini Arif İsmayılov da müəyyən edilərək saxlanılıb.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı
Xaçmaz rayon sakini Elvin Balamətov, Bakı şəhər sakini Elşən
Ələkbərov, eləcə də paytaxt sakinləri Aslan Musayev, Şahin
Fərzəliyev və Vaqif Mehbalıyev tibbi maska satarkən saxlanılıblar.
Qeyd edək ki, bu şəxslər tibbi maskaları real dəyərindən dəfələrlə
baha qiymətə satışa təqdim etdikləri üçün ifşa ediliblər.
Baş İdarənin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində
ümumilikdə 1 milyon 50 min ədəd tibbi maska müəyyən edilərək dəstə
üzvlərindən maddi sübut kimi götürülüb.
Aşkar edilən faktlarla bağlı Baş İdarədə araşdırmalar davam
etdirilir.