Paşinyan "Covid-19"-u məğlub etdiyini bildirib
Ermənistanın Baş naziri Nikol Paşinyan özü və ailəsinin Covid-19-dan sağaldığını deyib.

Paşinyan dünən və bu gün edilən testlərin hər iki vəziyyətdə mənfi nəticələr göstərdiyini yazıb. Bu isə artıq koronavirus xəstəliyini daşımadıqları deməkdir.

"Hamımız sağlamıq", – deyə o, “Facebook”-da yazıb. Paşinyanların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyanın 31 mayda koronavirusa yoluxduğu təsdiqlənmişdi və bu məlumat 1 iyunda “Facebook”da yayımlanmışdı. Paşinyan heç bir simptomu olmadığını söyləmiş, amma hər halda testdən keçməyə qərar vermişdi.

Ermənistan Səhiyyə Nazirliyinin 8 iyunda verdiyi məlumata görə, son 24 saat ərzində 195 yeni Covid-19-a yoluxma halı və 11 yeni ölüm hadisəsi baş verib; 85 nəfər isə sağalıb.

Bu rəqəm, əvvəlki günlərdə bildirilən yüzlərlə yoluxma halından əhəmiyyətli dərəcədə aşağıdır – son dörd gündə 766, 547, 596 və 697 yoluxma faktı qeydə alınmışdı.

Son məlumatlara görə, ölkədə 13 325 nəfər Covid-19 virusuna yoluxub. 70 000-ə qədər insan testdən keçirilib.

İyunun 6-da Paşinyan ölkədə iki xəstənin reanimasiya yerləri olmadığına görə öldüyünü söyləmişdi. O, hazırda Covid-19-a yoluxmuş 200-ə yaxın xəstənin klinikalarda yer olmadığı üçün növbə gözlədiklərini bildirmişdi.

"Bu, indiki səhiyyə sistemimizin o qədər yüklənmiş halda işləməsi deməkdir ki, xəstəxanaya ehtiyacı olan pasiyentləri tibbi müəssisələrə yerləşdirmək mümkün deyil", – deyə Paşinyan qeyd etmişdi.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google