Ermənistanın Baş naziri Nikol Paşinyan özü və ailəsinin
Covid-19-dan sağaldığını deyib.
Paşinyan dünən və bu gün edilən testlərin hər iki vəziyyətdə mənfi
nəticələr göstərdiyini yazıb. Bu isə artıq koronavirus xəstəliyini
daşımadıqları deməkdir.
"Hamımız sağlamıq", – deyə o,
“Facebook”-da yazıb. Paşinyanların xəstəxanaya yerləşdirilməsinə
ehtiyac olmayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyanın 31 mayda koronavirusa
yoluxduğu təsdiqlənmişdi və bu məlumat 1 iyunda “Facebook”da
yayımlanmışdı. Paşinyan heç bir simptomu olmadığını söyləmiş, amma
hər halda testdən keçməyə qərar vermişdi.
Ermənistan Səhiyyə Nazirliyinin 8 iyunda verdiyi məlumata görə, son
24 saat ərzində 195 yeni Covid-19-a yoluxma halı və 11 yeni ölüm
hadisəsi baş verib; 85 nəfər isə sağalıb.
Bu rəqəm, əvvəlki günlərdə bildirilən yüzlərlə yoluxma halından
əhəmiyyətli dərəcədə aşağıdır – son dörd gündə 766, 547, 596 və 697
yoluxma faktı qeydə alınmışdı.
Son məlumatlara görə, ölkədə 13 325 nəfər Covid-19 virusuna
yoluxub. 70 000-ə qədər insan testdən keçirilib.
İyunun 6-da Paşinyan ölkədə iki xəstənin reanimasiya yerləri
olmadığına görə öldüyünü söyləmişdi. O, hazırda Covid-19-a yoluxmuş
200-ə yaxın xəstənin klinikalarda yer olmadığı üçün növbə
gözlədiklərini bildirmişdi.
"Bu, indiki səhiyyə sistemimizin o qədər yüklənmiş
halda işləməsi deməkdir ki, xəstəxanaya ehtiyacı olan pasiyentləri
tibbi müəssisələrə yerləşdirmək mümkün deyil", – deyə
Paşinyan qeyd etmişdi.