Sentyabrın 22-də Azərbaycanın Gürcüstandakı səfirliyinin
vasitəçiliyi ilə Azərbaycan Təhsil Nazirliyi tərəfindən
2021-2022-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən
Azərbaycan dilli məktəblər üçün dərsliklər və dərs vəsaitləri
Gürcüstanın Elm və Təhsil Nazirliyinə təqdim edilib.
Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat
verilib.
Bildirilib ki, göndərilən dərs vəsaitlərini Gürcüstanın Təhsil,
Elm, Mədəniyyət və İdman Nazirliyinin Beynəlxalq əlaqələr
idarəsinin rəisi Kaxa Kandolişvili təhvil alıb.
Qeyd olunub ki, Gürcüstan tərəfinə 23 adda 21 min 613 ədəd Ana dili
və ədəbiyyatı dərsliyi, həmçinin müəllimlər üçün metodik vəsait
təqdim olunub. Bu dərslik və metodik vəsait azərbaycandilli
məktəblərə paylanacaq.
Səfirliyin məlumatında qeyd olunub ki, Azərbaycan Respublikasının
Təhsil Nazirliyi Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən
etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif
şagirdləri üçün dərsliklər göndərir. Bu günədək Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı
soydaşlarımıza 600 minə yaxın dərslik və digər metodik vəsaitin
göndərildiyi qeyd olunur.
Mənbə: apa.az