Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş
aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin
etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən
qəhrəman şəhidlərin Anım Günüdür.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il
sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş,
ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və
zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər
il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
Bununla əlaqədar olaraq bu il Anım Günündə şəhidlərimiz
Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə,
kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın
ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna
dualar oxunacaq.
Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad ediləcək.
Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o
cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin
üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri
keçiriləcək.
Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti
strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək,
eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.
Mənbə: report.az