“İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə
getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə
olan hadisələrdir. Bu TIR-lar müntəzəm olaraq ora gedirdi. Bizim
məlumatımız var idi. Ancaq indiki qədər dəqiq məlumat əlbəttə ki,
yox idi”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu"
agentliyinə müsahibəsində deyib.
“Bunu nəzərə alaraq biz müxtəlif kanallarla İran
tərəfinə narazılığımızı ifadə edirdik. Amma bu proses davam edirdi.
Müharibə başa çatandan sonra artıq Laçın dəhlizi bizim gözümüzün
önündədir. Bizim hərbi mövqelərimizdən Xankəndinə gedən yola məsafə
bəlkə də 5-6 metrdir. Biz Laçın dəhlizi boyunca, o cümlədən, Şuşa
ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara
malikik. Kameralar var. Peykdən istifadə edirik, dronlardan
istifadə edirik.
Biz yenə gördük ki, bu TIR-lar müharibədən sonra da ora getməyə
davam edir. Belə olan halda mən Prezident Administrasiyasının
əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə
danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik. Dostcasına
danışsınlar və desinlər ki, buna son qoyulmalıdır. Bu bizə qarşı
hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı
hörmətsizlikdir, buna son qoyulmalıdır”, - Prezident
vurğulayıb.
Mənbə: report.az