Rusiyanın Ukraynada işğal etdiyi ərazilər ölkənin 20 %-ni təşkil
edir.
Hesablamanı “Forbes” nəşri aparıb.
Nəşrin məlumatına görə, hazırda Ukrayna təqribən 125 min kvadrat
kilometr ərazisi Rusiya işğalı altındadır. Bunlar Donetsk, Luqansk,
Xarkov, Xerson, Zaporojye vilayətlərinin hissələri və Krım
yarımadasıdır.
Bildirilib ki, fevralın 23-dək zəbt edilmiş ərazilər ölkənin 7 %-ni
təşkil edirdi.
Eyni zamanda nəşr Rusiyanın hərbi texnika itkilərini də hesablayıb
- 13 milyard dollar. Bunlardan 6 milyard dollar təyyarə və
helikopter, 4 milyard dollar tank və zirehli döyüş maşını, 1
milyard dollar gəmi və katerlər, 2 milyard digər texnikalar olub.
Vurğulanıb ki, Rusiya qüvvələrinin itirdiyi ən bahalı texnikalar
“Moskva” kreyseri (750 milyon dollar), "İl-76" təyyarəsi (86 milyon
dollar) və “Saratov” desant gəmisi (75 milyon dollar) olub.
Qeyd edək ki, Ukraynanın sahəsi 603 548 kvadratkilometrdir.
Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım
Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas
bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və
Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə
keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın
dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının
silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının
olması ittihamını rədd edib.
Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya
arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda
təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ
başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən
rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə
etməyəcəklərini vurğulayıblar.
2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa
müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma
respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman
imzalayıb.
2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın
“denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən
təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk
“respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə
ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma
başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə
indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson,
Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub,
milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk
günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə
salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu
sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.
Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın
Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin
araşdırılmasına başlayıb.
Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq
əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq
tanıyır.