Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonrakı
15 ay ərzində erkən ərə verilən əfqan qızlarının sayında ciddi
artım var. İnsan haqları fəalları bu trendi valideynlərin
narahatlığı ilə əlaqələndirirlər. Valideynlər qızlarının zorla
Taliban üzvlərinə verilməsindən ehtiyat edərək qızlarına mümkün
qədər tez ər tapırlar.
Qız uşaqlarının evdən köçürülməsi həm də evdə qarnı doyurulmalı
daha az insanın qalması deməkdir. Əfqan qızlarının məktəbə getməsi
yasaqlanıb. Humanitar və iqtisadi böhran içində olan ölkədə qız
uşaqları addımbaşı təhqir olunur.
12 yaşlı yeddinci sinif şagirdi Xatirə (ad şərtidir)
AzadlıqRadiosunun “Radio Azadi” xidmətinə altı ay öncə
valideynlərinin onu qat-qat daha yaşlı bir kişiyə nişanladığını
deyir.
"Ərə getmək istəmirdim. Ancaq atam məni xəbərdar elədi ki, ərə
getməkdən imtina etsəm, Taliban məni öz döyüşçülərinin biri ilə
evlənməyə məcbur edəcək”, – o söyləyir.
Puç olan arzular
Sinfinin ən yaxşı şagirdlərindən biri olan Xatirənin gələcəklə
bağlı böyük arzuları vardı. O, yaşadığı ucqar və yoxsul əyalətdə öz
icmasına həkim kimi xidmət etmək istəyirdi.
Ailəsi isə onun Taliban döyüşçüsü və ya əməkdaşı ilə evlənməsini,
xüsusən də yaşlı bir kişinin ikinci, yaxud üçüncü arvadı olmasını
görmək istəmirdi.
"Talibanın siyasəti bütün arzularımızı çilik-çilik etdi”, – Xatirə
danışır.
18 yaşlı Firoza 11-ci sinifdə oxuyanda Taliban gəlib onun Qövr
(Qur) əyalətindəki məktəbini bağladı və universitetə daxil olmaq
planlarını yerlə-yeksan etdi. Tezliklə ailəsi onu zorla ərə
verdi.
"O toy arzularımı məhv etdi. Çox güclü təzyiqlə üzləşdim və məcburi
evliliyi qəbul etməkdən başqa seçimim qalmadı”, – o deyir.
Daha yaxşı həyat, yoxsa...
Qövrdə qadın haqları fəalı Şukria Şerzai deyir ki, Talibanın
2021-ci ilin avqustunda hakimiyyətə gəlməsindən bəri məcburi və
erkən evləndirmə halları qat-qat artıb.
Onun sözlərinə görə, məqsəd övladlar üçün daha yaxşı həyatı təmin
etməkdir, əslində isə bu, ailə strukturuna dağıdıcı təsir
göstərir.
"Məcburi və erkən evləndirmələr ailələr daxilində zorakılıq və
qarışıqlığa səbəb olur”, – Şerzai “Radio Azadi”yə deyib.
Beynəlxalq insan haqları qrupları da bu trendləri qeydə alıblar.
“Əfqanıstanda Taliban idarəçiliyi altında uşaq, erkən və məcburi
evləndirmələrin sayı artmaqdadır”, – “Amnesty International”ın iyul
hesabatında deyilir.
Talibanın alternativsizliyi
“Amnesty International”ın tədqiqatçısı Nikole Valdman (Nicolette
Waldman) deyir ki, Talibanın hakimiyyəti ələ keçirməsindən bəri
uşaq, erkən və məcburi evləndirmələrin ən çox rast gəlinən
səbəbləri iqtisadi və humanitar böhran, habelə qadınlar üçün təhsil
və peşə perspektivlərinin olmamasıdır. Bir çoxları Talibana
alternativ tapa bilmirlər.
"Ailələr qadın və qızları Taliban üzvləri ilə evlənməyə vadar edir.
Taliban üzvləri də qadın və qızları özləri ilə evlənməyə məcbur
edir”, – o söyləyir.
Valdmanın sözlərinə görə, Talibanın hakimiyyəti ələ keçirəndən bəri
tətbiq etdiyi bir-birinə bağlı qadağalar şəbəkəsi əfqan qadın və
qızları tələyə salıb.
"Bu qaydalar Əfqanıstanda qadın və qızları həyatlarının, demək
olar, bütün aspektlərində ayrıseçkiliyə məruz qoyan bir repressiya
sistemi formalaşdırır”, – tədqiqatçı vurğulayır.
Onun sözlərinə görə, Talibanın qadın və qızların hüquqlarını
pozması halları aybaay artır.
"Qrupun qəddar siyasəti milyonlarla qadın və qızı təhlükəsiz, azad
və dolğun həyat yaşamaq imkanından məhrum edir”, – Valdman
deyir.
Ali dini liderin fərmanı
Əfqanıstanda Talibanın qadınların təhsil almasını, işləməsini və
sərbəst hərəkətini tamamilə yasaqlayacağı, 1996 – 2001-ci illərin
qaydalarını geri gətirəcəyi haqda şayiələr dolaşır.
2021-ci ilin dekabrında Talibanın ali lideri Molla Heybətulla
Axundzadənin qadın haqları ilə bağlı fərmanında qadınların təhsili
və işləməsi barədə bir kəlmə də deyilmirdi. Ancaq fərmanda ərə
verilərkən qadınların razılığının alınması tələbi qoyulmuşdu.
Di gəl, bu tələbə, ümumiyyətlə, əməl olunmur.
Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətində qadın haqları fəalı
olan Mərziə Nurzai məcburi və erkən evlilikləri Talibanın qız
məktəblərini bağlamaq qərarı ilə əlaqələndirir.
O, Radio Azadiyə bir atanın qızını 2 min 500 dollarlıq cehiz
qarşılığında narkotik aludəçisinə satdığının şahidi olduğunu, başqa
bir atanınsa 10 yaşlı qızını 4 min dollara satdığını deyir.
"Gələcəkdə bu qızların başına nələr gələcəyini düşünün. Məktəblərin
açılacağına ümid olmadığı üçün qızlar ümidlərini və özlərinə inamı
itirirlər”, – o deyir.
Əfqanıstanın hər yerində yaşayan qızlar zorla ərə verildikdən sonra
artıq daha yaxşı gələcəklə bağlı xəyallarından əl çəkiblər.
22 yaşlı hüquq tələbəsi Raziya (ad şərtidir) deyir ki, Talibanın
hakimiyyəti qəsb etməsindən sonra o və kiçik bacısı universitetdəki
təhsillərini buraxmağa məcbur ediliblər.
Vətəni Kunduz vilayətinə qayıdan Raziyanın daha öncə planlaşdırdığı
kimi hakim olmaq şansı qalmayıb.
Bu il ataları Taliban döyüşçülərinin onları istəyəcəyindən qorxaraq
qızlarını qohumları ilə nişanlayıb.
"Heç xoşbəxt deyiləm. Bu ənənəvi cəmiyyətdə dinməzcə əzab çəkməkdən
başqa seçimim yoxdur”, – artıq iki aydır evli olan Raziya Radio
Azadiyə deyib.
Qövrdə yaşayan Xatirənin də bir gün yenidən oxumağa başlayacağı ilə
bağlı ümidi qalmayıb. O, məktəbdə hər gün yeni şeylər öyrəndiyi
günləri xatırlayır. Ancaq indi onun günləri əlacsızlıq və kədərlə
doludur.
"Hər yeni gün əvvəlkindən daha bədbindir”, – o söyləyir.