“Azərbaycan ərazilərinə hər hansı bir xarici səfər
Azərbaycanın milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş
qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət
etməklə həyata keçirilməlidir.”
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti
idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin
sualını cavablandırarkən bildirib.
Nazirliyin saytında yayılan məlumata görə, ona “ son günlər 14 İran
vətəndaşının sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı
kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə daxil
olduğu barədə xəbərlər yayılıb, bu məsələyə münasibətiniz” sualı
ilə müraciət edilib.
A.Hacızadə deyib ki, “məlumata aydınlıq gətirilməsi məqsədilə İran
İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə
müvafiq nota göndərilib”
Onun vurğulamasına görə, hal-hazırda, məsələ ilə bağlı qarşı
tərəfdən cavab gözlənilir.
Hələlik, bu açıqlamaya İranin Azərbaycandakı Səfirliyindin
münasibət almaq mümkün olmayıb.
Ötən ay noyabrın 14-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti
(DTX) bildirmişdi ki, İran xüsusi xidmət orqanlarının yaratdığı
casus şəbəkəsi ifşa edilib.Bununla bağlı 5 Azərbaycan vətəndaşının
həbs edildiyi bildirilirdi. Noyabrın 11-də də İranın Azərbaycandakı
səfiri Seyid Abbas Musəvi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN)
çağırılmışdı.Məlumata görə, görüşdə, son zamanlar İran mediasında
Azərbaycan əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası,
yüksək vəzifəli rəsmilərin təhdid xarakterli ritorikaları ilə bağlı
narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılmışdı.
Ondan da bir neçə gün öncə eyni qaydada Azərbaycanın İrandakı
səfirinin də həmin ölkənin xarici siyasət idarəsinə çağırılaraq
oxşar narazılıqla üzləşdiyi açıqlanmışdı.
Azərbaycan DTX-sı isə ötən ayın əvvəlində də bildirmişdi ki,İran
xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz
silahlı birləşmə ifşa olunub.
Ondan da bir qədər sonra İranın İnformasiya və Kəşfiyyat
Nazirliyinin yaydığı məlumatda isə iddia olunurdu ki, oktyabrın
26-da bu ölkənin Şiraz şəhərindəki məsciddə törədilən terror
aktının koordinatoru Azərbaycan vətəndaşıdır: "Həbs edilənlərin heç
biri iranlı deyil. Bunlar Azərbaycan Respublikasının, Tacikistan və
Əfqanıstanın vətəndaşlarıdır".
Hücumda azı 15 nəfərin həlak olduğu deyilirdi.
Qeyd edilən bu açıqlamalara adı çəkilən ölkələrin rəsmi qurum və
başqa maraqlı tərəflərdən birbaşa münasibət bildirməmişdi.
Oktyabrın 17-də isə İran Silahlı Qüvvələri Azərbaycanla sərhəddə
Araz sahilində hərbi təlimə başlamışdılar.Azərbaycan parlamentində
bəzi deputatlar bunu ölkələrinə təhdid kimi
dəyərləndirmişdilər.Amma sonradan İranın Azərbaycandakı səfirliyi
təlimlə bağlı rəsmi Bakının əvvəlcədən məlumatlandırıldığını
bildirmişdi.
Daha sonra isə Azərbaycan xüsusi təyinatlıları ölkənin cənubunda
təlim keçiriblər.