Beynəlxalq Cinayət Məhkəməsi (The International Criminal Court -
ICC) “Ukraynada yaranmış vəziyyət kontekstində” Rusiya prezidenti
Vladimir Putinin həbsi üçün order verdiyini bəyan edib.
ICC-nin martın 17-də verilmiş bəyanatında deyilir ki, həbs orderi
habelə Rusiyanın uşaq hüquqları üzrə rəsmi nümayəndəsi Mariya
Lvova-Belova barəsində verilib.
O ukraynalı uşaqların zorla Rusiyaya deportasiyasında şübhəli
bilinir.
Bəyanatda deyilir ki, “bu iki şübhəli şəxs aktları birbaşa,
başqaları ilə birlikdə və ya başqalarının vasitəsilə” həyata
keçiriblər.
Bu da qeyd olunur ki, Putin tabeçiliyində olan mülki və hərbi
şəxslərin üzərində nəzarətini lazımınca icra etməməklə onların
əməllərinə rəvac və icazə vermiş olub:
"İnanmağa kifayət qədər əsas var ki, hər iki şübhəli
əhalinin qanunsuz deportasiyası və uşaqlara zərər vurmaqla əhalinin
Ukraynanın işğal olunmuş ərazilərindən Rusiya Federasiyasına
transfer edilməsi kimi hərbi cinayət üçün məsuliyyət
daşıyır”.
Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır və
onun işində iştirak etmir. 2016-cı ildən bəri Moskva məhkəmənin
hərəkətlərini müəyyən edən Roma Statutunun tərəfi deyil. Martın
17-i axşam orderə Rusiyanın ilk reaksiyasını Xarici İşlər
Nazirliyinin sözçüsü Mariya Zaxarova bu tezislə təkrarlayıb.
Şübhəlilərin adları niyə açıqlanıb?
Bu barədə sübut və dəlillərinin getdikcə artmasına baxmayaraq
Rusiya qonşu ölkənin ərazisində vəhşiliklər törətməsini və insan
haqlarını tapdalamasını qətiyyətlə danır.
Putinin uşaq haqları üzrə müşaviri birbaşa prezidentin tabeçiliyinə
işləyir və “minlərlə” ukraynalı uşağın Rusiyaya qanunsuz
deportasiyasına rəhbərlik edir.
ABŞ Maliyyə Nazirliyinin 15 sentaybr tarixli bəyanatında deyilirdi
ki, Lvova-Belovanın vasitəsi ilə Ukrayna uşaqlarının zorla rus
ailələrinin himayəsinə verilməsi, onların “vətənpərvər ruhda
yenidən tərbiyələndirilməsi” aktları həyata keçirilib.
Bu da qeyd olunur ki, Rusiya bu hərəkətlərin qanuniləşdirilməsi
üçün xüsusi qanunvericilik aktları qəbul edib.
Lvova Belova ABŞ-ın sanksiyalar siyahısına daxil edilib.
ICC bildirir ki, adətən həbs orderləri cinayət qurbanları və
şahidlərin təhlükəsizliyi məqsədilə məxfi saxlanır, amma təşkilat
cinayətlərin hələ də geniş miqyasda davam etməsini nəzərə alaraq və
bununla bu cinayətlərin dayandırılmasına ümid edərək şübhəlilərin
adlarının açıqlanması qərarına gəlib.