İlham Əliyev Xankəndində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

İ.Əliyev bu gün Azərbaycan bayrağını Xocalı şəhərində və Əsgəran qəsəbəsində də qaldırıb.

“Bu gün tarixi gündür. Biz bunu 30 ildən artıqdır ki, gözləyirdik və hər birimiz bu günün gələcəyinə inanırdıq”. Bunu dövlət başçısı İlham Əliyev oktyabrın Xankəndi şəhərinin mərkəzi
meydanında Azərbaycan bayrağını qaldırdıqdan sonra deyib.

“19-20 sentyabrda antiterror əməliyyatı qaçılmaz idi. Amma biz Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. 17 il ərzində mən şəxsən çoxsaylı mənasız və nəticəsiz danışıqlarda iştirak etmişəm. Çünki hesab edirdi ki, məsələ sülh yolu ilə həll olunmalıdır. Amma ümidlər tükənirdi. Bu gün tam əminliklə deyə bilərəm ki, ermənilər bir qarış torpağı da bizə qaytarmaq fikrində deyildilər. Bu məsələ ilə məşğul olan vasitəçilər əslində münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədiləşdirmək istəyirdilər”, - Əliyev bildirib.

“Torpaqlarımız işğal olunanda heç bir ölkə bizə dəstək vermədi, mənəvi dəstək olmadı. Bütün böyük dövlətlər Ermənistanı dəstəklədi və bugündə bu bir daha təkrarlanır.

Vaxt var idi ki, azərbaycanlılar və ermənilər təkcə Xankəndində deyil, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda və başqa yerlərdə mehriban şəraitdə yaşayırdılar. Qarabağda ermənilər yaxşı yaşayırdılar və heç kim onları incidmirdi.

Millətçi hərəkat və separatizm Ermənistandan qaynaqlanırdı. İrəvandan emissarlar gəlib Qarabağın Azərbaycandan ayrılması üçün millətçilik hərəkatı təşkil etdilər.

Bu binada yüksək kreslolarda əyləşənlərin bəziləri hazırda Bakıda həbsdədir. Vaxt var idi bizi hədələyirdilər ki, onların tankları Bakıya girəcək, orada çay içəcəklər. Haqlı çıxdılar və tankları indi Döyüş Trofi Parkındadır, özləri də həbsxanada çay içirlər.

Burada özünü “prezident” adlandıran üç kloun otururdu, bizi hədələyir, təhqir edirdilər. İndi onlar Qarabağa müstəqillik verəcəyini vəd edən “dövlət naziri” ilə birlikdə həbsxanada öz aqibətlərini gözləyirlər.

Bu hər kəs üçün dərs olmalıdır. Bu gün Ermənistanda qisas almaq arzusunda olanlar üçün. Qoy nə baş verdiyini xatırlasınlar!

Bu gün qaldırdığım bayraq burada əbədi dalğalanacaq, biz həmişə burada yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”,
- deyə İlham Əliyev bildirib.

Mənbə: turan.az
Print Email
FaceBook Twitter Google