Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan 66 istiqamət üzrə 33
ölkəyə səyahət etmək mümkündür.
Məlumata görə, Bakıdan ən çox sərnişin Türkiyənin İstanbul şəhərinə
uçur. Bu ilin 9 ayında Bakı-İstanbul-Bakı marşrutu üzrə 745 mindən
çox sərnişin daşınıb. İstanbulun hər iki hava limanına uçan
aviaşirkətlər “Azərbaycan Hava Yolları” QSC (AZAL), eləcə də
Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava
Yolları", onun aşağı
büdcəli törəməsi - “AnadoluJet” və özəl aviaşirkət
“Pegasus”dur.
Bakıdan 2-ci ən məhşur istiqamət yanvar-sentyabr aylarında 510 minə
yaxın sərnişin daşındığı Rusiyanın paytaxtı Moskvadır. Bakıdan bu
şəhərin Domodedovo, Vnukovo və Şeremetevo hava limanlarına uçuşları
AZAL, Rusiyanın milli aviadaşıyıcısı - “Aeroflot”, eləcə də özəl
aviaşirkətlər - “Utair” və “IrAero” həyata keçirir.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə isə sərnişinlər həm
AZAL, həm də “flydubai” şirkəti vasitəsilə səyahət edə bilər. Bu
ilin 9 ayında bu istiqamətdə 224 mindən çox sərnişin daşınıb.
Bundan başqa, əksər sərnişinlər Bakı-Əbu-Dabi-Bakı marşrutu ilə
səyahətə üstünlük verirlər. Bu istiqamətdə uçuşlar “Air Arabia
Abu-Dhabi” və “Wizz Air Abu-Dhabi” aviadaşıyıcıları ilə yerinə
yetirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Gürcüstanın paytaxtı
Tbilisiyə və əks istiqamətdə müntəzəm reysləri isə AZAL və
“Georgian Wings” həyata keçirir. Azərbaycanın milli aviadaşıyıcısı
Bakı-Tbilisi-Bakı marşrutu üzrə hər gün 2 dəfə reyslər yerinə
yetirir. Gürcüstanın aşağı büdcəli aviaşirkəti isə müntəzəm
uçuşların sayını həftədə 5 dəfəyə qədər artırmaqla hər bazar
ertəsi, çərşənbə, cümə, şənbə və bazar günləri reyslər həyata
keçirir.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportuna 39 xarici aviaşirkət
uçuş yerinə yetirir, onlardan 17-i aşağıbüdcəli
aviadaşıyıcılardır.